Son günlər ölkədə ard-arda baş verən intiharların səbəbləri haqqında müxtəlif fikirlər səslənir. Fərqli təbəqələrdən olan insanlar buna müxtəlif səbəblər göstərsə də, çoxluq sosial problemləri həmin səbəblərin başında gəldiyini etiraf edir. Doğrudur. Amma bu gün ölkə insanı üçün intihar qədər təhlükəli başqa bir “ölüm resepti” də var – dərmanlar. Səhiyyə Nazirliyinin rəsmiləri dəfələrə ölkədə saxta dərmanların dövriyyəyə buraxıldığını etiraf edib. Onların ölkəyə necə yol açdığı, apteklərə necə çıxdığı, onlara kimlərin icazə verdiyi sual olaraq qalır. Lakin hər kəsə aydındır ki, bu aşağı səviyyədə baş verən özfəaliyyət məsələsi deyil. Belə bir durumun yaranmasına görə birbaşa elə nazirliyin özü məsuliyyət daşıyır…
Dərmanlarla bağlı yaxınlarımdan birinin yaşadığı acı hekayənin şahidi olandan sonra məndə əminlik yarandı ki, həqiqətən, ölkədə insanların həyatı ilə oynayan bir qrup saxta dərman alverçisi var. Onlar aptekləri daim nəzarətdə saxlayır, gündəlik olaraq ən çox satılan dərmanların qeydiyyatını aparır, bunların ümumi statistikasını çıxarır və bundan sonra fəaliyyətə başlayır. Yekun olaraq, xaricdən gətirilən daha yaxşı təsirli və çox satılan dərmanlar dövriyyədən çıxarılır, onların yerini saxtaları tutur. Bu mümkün olmayanda da, daha təsirsiz əvəzediciləri peyda olur. Və beləcə insan həyatı ilə alver qurulur. Bu alverin üzündən bəhs etdiyim yaxınımla bağlı belə bir hadisə yaşandı. Bir neçə ay “Feminol”(qiyməti 57-60 manat) adlı dərmanla müalicə alan və bunun yüksək nəticəsini görən həmin insanın növbəti müalicə kursu çatanda, məlum oldu ki, dərman ölkədə yoxa çıxıb. Uzun axtarışdan sonra müalicə həkimin təklif etdiyi eyni tərkibli “İndolak”(qiyməti 35-40 manat) dərmanı ilə davam etdirildi. İlk bir ayda müəyyən effekt verən müalicə sonrakı ayda pisləşməyə doğru getdi və son nəticədə həmin insan əməliyyat keçirməli oldu. Ölkə başına bənzər hadisələrlə doludur. Xüsusi monopoliyada olan apteklərdə insanları şikəst edən təsirsiz dərman preparatları satılır.
FB-də həmin dərmanlardan zərər çəkmiş insanların məsələyə münasibətini soruşdum. Həmin rəyləri sizin də diqqətinizə təqdim edirəm. “Neoentereseptol mədə-bağırsaq pozğunluğunu aradan qaldıran super dərmandır. 6 tabletkası 1.20 man idi. Daha sonra 2.70 oldu, sonra da yoxa çıxdı. Əvəzində Neoenteresol təklif etdilər. O da yaxşı idi. 1-ci ilə müqayisədə bir az zəif. 1 ildən sonra onu da yox etdilər. Zitrox 500 antibiotik. Soyuqdəymədə 1 tabletka böyük adamı 1 sutkaya dirçəldirdi. 3-lü tabletka əvvəl 8-9 man idi. Sonra yox etdilər, heç yerdə yoxdur. Əvəzində Sumamed təklif olundu. Sumamed də 8.50 – 9.00 man idi ( 3 tabletka 500 mq). Sonra 10.36 man oldu. Son 2 həftədir o da yoxa çıxıb. Keçən həftə axtarırdım, şəhərdə bir yerdə tapdım, sevindim. Qiymət neçəyə? 17 man! Soruşuram “niyə bu qədər qiymət fərqi var?” Deyir “bu yeni partiya gəlib”(Hikmət Əliyev). “Borasid dərmanı var. Əvvəl istifadə edirdin, qısa zamanda effektini görürdün, indi heç bir təsiri qalmayıb” (Vahid Məhərrəmli). “ Mən hər altı aydan bir Diprospam iynəsi vurdururam- qripə qarşı. İndi o iynənin heç bir təsiri yoxdur”(Tahir Vəliyev) “Təsirli dərmanların çoxu apteklərdən yığışdırılıb. Adını da qoyurlar ki, guya ziyanlı dərmandır. İndi adicə Analgin alıram, təsir etmir. Həkim deyir 2 tabletka at, çünki dərmanların təsiri qalmayıb Bu da ona görədir ki, bizim sifarişçilər ucuz başa gəlsin deyə, tərkibinə lazım olanları qatmırlar.” (Şəhla Novruzova) “Essensial forte adlı dərmanın kapsullarının içi boş çıxır”(Almaz Rəhimova) “Burda heç bir dərmanın effekti yoxdur. Mən Rusiyadan alıb gətirirəm, yerlə göy qədər fərqi var. Həm qiymətdə, həm keyfiyyətdə. Aptekdə satıcıya deyəndə “satış çekini də içinə qoyun, sərhəddən keçirəcəm”. Güldü ki, “Omez ən sadə və ucuz dərmandır, harda yoxdur ki, burdan aparırsınız…” Utandığımdan demədim ki, analoqsuz inkişaf edən ölkədə. Anam diabet, təzyiq xəstəsi olduğu üçün, əminliklə deyə bilərəm ki, Bakıdan alinan diabet dərmanları şəkəri salmaq əvəzinə, daha da yüksəldir.”(Fidan Makito). “80% dərmanlar saxtadır, mən dərmanları xaricdən gətirirəm”(Elmira İsmayılova).
Siyahını, yəqin ki, xeyli uzatmaq olar. Düşünürəm, real mənzərəni görmək üçün bu qədəri də yetər. Əhalinin qan ağladığı saxta, təsirsiz dərmanlarla bağlı bir neçə həkim tanışımızın da fikirlərini soruşdum. Onlar özləri də dərmanların çoxunun effekt verməməsini tərkiblərinin normalara uyğun hazırlanmadığı və ya saxta olması ilə əlaqələndirirlər. Onlardan biri deyir ki, ölkədə dərman istehsal edən gizli sexlərin olduğu barədə söhbətlər var. Çox ehtimal ki, apteklərə çıxan saxta dərmanlar da o sexlərdən gəlir. Yeri gəlmişkən, hazırda ölkədə iki dərman zavodunun tikintisinə başlanıb. Nə deyək, Allah betərindən saxlasın…
Səadət
Oxunub: 566