Azər Əhmədov:
-Ayın 19 günü biz BDU-nun tələbələri Salyan kazarmanın yaxınlığında toplaşmışdıq. Gecə saat dəqiq yadımda deyil. Tanklar düz üstümüzə gəldilər, hərə bir tərəfə dağılışdı. Mən də qaçıb yaxınlıqdakı avtobus dayanacağına tərəf maşınların arasına girmək istəyəndə arxadan rus əsgərləri çatdılar. Dubinka ilə necə vurdularsa, üzü üstə maşınların arasına düşdüm. Eelə o zaman huşumu itirmişəm, bir vaxt ayıldım ki, maşının yük yerindəyəm və yanımda xeyli huşunu itirmiş adamlar var. NZS qəsəbəsinin içərisindəydik, maşın o vaxtkı “VV vayska” indiki Daxili Qoşunlar olan hərbi hissəyə tərəf gedirdi. Özüm o vaxtlar orada yaşadığım üçün tanıdım. Hər tərəf qaranlıq idi, işıqlar da sönmüşdü. Şəhərdə silah səsləri dayanmırdı, güc-bəla ilə birtəhər maşın gedə-gedə yük yerindən özümü atdım yerə. Yenə huşumu itirmişəm, bir qonşu yolun kənarında məni qan içində görüb tanımasa da öz evinə gətirmişdi. Ayılanda gördüm yad bir yerdəyəm, xeyli adam başıma yığışıb. Düz 15 gün ayağa dura bilmədim, ondan sonra şəhərdə nələr baş verdiyini qonşular, qohum-əqrəbalar gəlib mənə danışdılar. Bax belə, bu da mənim acı xatirələrim…”
Paşa Umudov:
– “Səttərxan” zavodunun yanındaydım. Atışma başlayanda yarımstansiyanın böyründə müdafiə olunurdum. Bu vaxt qırmızı rəngli “İkarus” avtobusu atəşə tutuldu. Sürücünün yaralandığını gördük. Onu imkan tapıb Aydının maşınına sala bildik. Mən arxada oturdum, yaralının başını ayağımın üstə aldım. Sağ baldırından yaralanmışdı. Yolda dedi ki, “qardaşlar, qızımı vurdular mənim, kaş mən öləydim..” Bu , 13 yaşlı Larisa Məmmədovanın Atası Fərman Məmmədov idi.
Fərman bəy hələ də onu xilas edənin kim olduğunu bilmir. İkinci yaralının huşu özündə olmadığı üçün kimliyini də bilmədik…”
Ədalət Yusubov:
-Ayın 19 – da sərhəd bölgələrinə yeridilən qırmızı ordu qüvvələri bizi də səhər saatlarında Laçın rayonunun Yuxarı Cicimli kəndindəki mövqelərimizdən uzaqlaşdırdığından, rayonumuza qayıtmaq məcburiyyətində qaldıq. AXC Salyan RŞ -nin Qaraçala qəsəbəsindəki qərargahına axşam saatlarında çatdıq. Mərkəzi qərargahla mütəmadi əlaqələrimiz var idi. Vəziyyətin getdikcə gərginləşdiyi haqda məlumatlar gəlirdi. Gecə saat 23. 55-də artıq tankların hərəkətə gəlməsi və atəş açılması haqda məlumat aldıq. Kütləvi qırğın xəbərləri alanda 100 -ə yaxın cəbhəçi ilə əlimizdəki ov tüfəngləriylə Bakıya yola düşməyə qərar verdik. Mərkəzi qərargahdan edilən israrlı tələblərdən sonra qərarımızdan vaz keçməli olduq və bütün gecəni bölgə qərargahında keçirdik.
İshaq Dəvəli:
– Salyan kazarmasının ikinci demir çıxış qapısının, gözətçi dəliyindən baxaraq içəridəki rus “rezevistleri”yle dartışırdım.. birdən bir serjant yaxınlaşıb ağır söyüş söyərək avtomatını bir anda çiynindən alıb ucundakı süngü bıçagıyla həmin yarıqdan mənə zərbə endirdi. Bilmirəm hansı bir hisslə başımı sola atdım, süngü qulağımın üstündən gicgahımı yalayıb içəri çəkildi…
İkinci olay da o gecənin səhəri, o zamankı 26- lar bağında oldu… və sonda bir rus əsgəri artıq çaxmağa sürülmüş patronu silahdan çıxarıb mənə verdi və dedi… Al bu patronu, seə öz ölümünün gülləsini bədənində deyil, cibində saxla…. O patron da uzun illər məndə qaldı, başqa mərmilərlə birlikdə… Bu da başqa bir hekayət… o patronun hekayəsi…”
Daşqın Ağalarlı:
– Neft və Kimya İnstitutunun AXC Nəsimi rayon şöbəsinin usaqlarının olduğu yerlərin hamısında olmuşam. Saat 01.30 radələrində gülləborana düşdük, həbs edildik, istintaq üçün apardılar, bizi ay- ulduzlu vəsiqəmiz xilas etdi. “Şahidlər” kitabında bu barədə bir yazi var…”
Təzəxan Mirələmli:
– Mən “Spartak” stadionunun qarşısında olmuşam. Təsadüfən sağ qalmışam. Yanımda bir nəfərə güllə dəydi. Mən özüm də zədələnmişdim. Ordan 16 saylı poliklinikaya qədər getdik. Ordakı həkimlər yardım etdi. Səhərə kim orada qaldım.
Şıxəli Şərif:
-O axşam AXC-nin Səbayel rayon təşkilatının çox hissəsi ilə Bibi -Heybət qəsəbəsindən çimərlik istiqamətində qurulan postda idik. Gecə 12-yə beş-on dəqiqə qalmış xəbər gəldi ki, 20 yanvar istiqamətindən tanklar şəhərə daxil olmaq üzrədir. Qonşuluqda olan Zakir adlı (sonralar o Qarabağda şəhid oldu) yük maşını sürücüsü ilə 20 yanvar istiqamətində irəlilədik. “Qələbə” kinoteatrına çatmağa az qalmış üzərimizə gələn tankların atəşi eşidilməyə başladı. Yuxarı hissədən isə bir maşın hərbçi üzərimizə gəlirdi. Zakir “başını əy” deyib maşını qəfil arxaya döndərdi. Ordan necə çıxdığımıza hələ də inana bilmirəm…. Günlər sonra maşının kabinəsini qabaq və yan hissələrində 60-dan çox güllə izi saymışdı rəhmətlik. Posta qayıtdıqda isə bu dəfə Lökbatan istiqamətindən tanklar atəş aça -aça şəhərə doğru gəlirdi. Əvvəlcədən yolu ağır texnika ilə kəsmişdik deyə (bir neçə sırayla) ruslar o hissədə çox çətinlik çəkdilər. BMP-nin üzərinə düşən yüksək gərginlikli elektrik xətti ilə dörd rus ordaca gəbərmişdi… Bizdən də yaralananlar var idi. O istiqamətdə bizdən şəhid olmadı.
Şahinə:
– Bircə onu bilirəm ki, 20 yanvar hadisəsi ATAmı infarktla müjdələyib. Sonralar ANAm deyərdi ki, onsuz da o, infarktdan ölməsəydi, Qarabağın işğalına dözməzdi, ürəyi partlayacaqdı. İndisə nə 20 yanvar hadisəsini, nə də ATAmı xatırlaya bilmirəm…
Murad Sultanov:
-16 yaşım vardı SSRİ DİN-in Haçıqabuldakı hərbi hissədəki hərbçilərinin və tanklarının Lənkərana getməsini əngəlləmək üçün Salyan-Şirvan yolunu bağlamışdıq. Qaraçala yolu üstündə qərargah qurulmuşdu…
Mina Məmmədova:
-Rəfiqəmlə işdən gəlirdim. Biləcəridə bizi avtobusdan düşürdülər, çünki tanklar yolu kəsmişdi. Ordan metroya kimi piyada gəldik. Çox nazik geyinmişdim deyə, evə gələn kimi, qaytarmağa başladım. Böyrəklərimə bərk soyuq dəymişdi. Səhəri gün xəstəxanaya apardılar məni evdən. Amma yaralılar gətirilmişdi deyə, qəbul etmədilər, çox pis halda idim. Xalam orda həkim işlədiyinə görə, məni içəri aldılar. Düz bir ay xəstə yatdım. O gündən böyrəklərim hər gün ağrıyır, əziyyət çəkirəm. Allah bu zülmü millətimizə edənlərin bəlasını versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm.”
Hüseyn Qəniyev:
-Uşaq idim onda, 1-ci sinifdə oxuyurdum. Balkonda dayanıb evdə nə qədər kartoşka var, fırladırdım yoldan keçən tankların üstünə. Sonra da evdə döyüldüm. O vaxt elə bilirdim anam tanka kartoşka atdığım üçün döyür. Sən demə evdəki bütün kartoşkaları atıb qurtarmışam ona görə…”
Şəhla Novruzlu:
-Mən 2- ci mkr- da Əcəmi metrosunun yanında idim. Atamın evi orada idi. Çox dəhşətli gecə idi. Atam 20 Yanvar metrosu tərəfə getmişdi. Oradan sağ qayıtdı, amma 5 ay sonra qəfildən ürəyi dayandı. Dayımoğlu şəhid oldu. Babayev Rahim. 19 yaşı vardı. O vaxt Neft və Kimya İnstitutunda oxuyurdu. Qardaşlarımı günortaya qədər axtardıq. “Gənclik”də tankların qabağında “dayanıblarmış”. Tanklar adamları güllələyəndə hamı qaçıb oradakı meşəliyə. Onları sağ tapdəq. Dayımın oğlunu isə 3 gün axtardıq. “Morq”dan tapdıq. Başının arxasından vurmuşdular.
Zülfüqar Eyvazov:
– Həmin günlərdə AXC-Nizami şöbəsi tam səfərbər olmuşduq. Bakı şəhərində olan hərbi hissələrin qarşısında dayanmış adamların sayı azalanda oraya ehtiyatda olan adamları cəlb edirdik. 19-dan 20-nə keçən gecə keçmiş Nərimanov heykəlinin yanında olan orta məktəbə yaxın olan hərbi hissənin qarşısında olmuşam. Atışma zamanı 2 nəfər şəhid oldu və 2 nəfər ayağından yaralandı. Əsgərlər dubinka ilə bizə hücum etməsəydilər, orda ölüm hadisəsi çox olardı. Çünki güllə atanlar öz əsgərləri olan tərəfə güllə atmırdılar. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin.
Oxunub: 246