Gülər Mehdizadə
… Çayın kənarında, yaşıllığı bol bir Avropa şəhəri xəyal edin. O şəhərin tarixi, ensiz küçələrində, sarı, köhnə, birvaqonlu tramvaylar var. Şəhər müasirləşir, inkişaf edir, eyni zamanda qədim üzünü də qoruyur: tarixinə sayğı duyur, köhnə tikililərə toxunmur, incitmir… Qısası, gəzdikcə şəhərin ruhunu duyursan.
KEÇMİŞİNİ UNUTMAYAN ŞƏHƏR…
Bir tərəfi çay, mavilik, yeni tikililər, müasirlik, digər tərəfi isə tarixi tikililər, yüksəklik…
Söhbət Taxo (Tejo) çayının sahilində, yeddi təpə üzərində yerləşən Lissabondan (Lisboa) gedir. Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir. İstanbul və Roma kimi 7 təpə üzərində qurulub.
“BU ŞƏHƏRİ SADƏCƏ ANLAMAQ, RUHUNU DUYMAQ LAZIMDIR”
Məncə, Lissabon bizim səyahətçilər arasında çox da məşhur deyil. “Facebook”-da 2000-dən artıq dostum var. Aralarında səyahət edənlər, səyahətçilər çoxdur, ancaq hələ sırf gəzmək üçün Lissabona gedənini xatırlamıram. Bir-iki dəfə görmüşəm, o da iş səyahəti, təlim, konfrans və s. məqsədli olub. Hə, bir də, bu yaxınlarda fransız jurnalist dostumun “Instagram”da Lissabondan foto paylaşdığını gördüm. Təxmini belə bir başlıqla: “Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”.
BƏNZƏRİ OLMAYAN GÖZƏLLİK
Şəhəri İstanbula, Romaya, İzmirə və s. bənzədənlər var. Mənsə deyərdim, heç yerə bənzəmir, elə özüdür ki var..
Bir tərəfi müasirliyi ilə seçilir. Yeni binaları, modern restoranları, mağazaları, digər tərəfi isə tarixiliyi ilə gözəldir. Tarixi hissəsinin ensiz küçələrini sarı tramvaylar bəzəyir.
O sarı tramvaylar var ha, bax, onlar Lissabonun bütün görməli yerlərindən keçirlər. Mən bir dəfə şəhəri piyada gəzdim, doymadım. İkinci dəfə isə tramvaya minib, 2-3 dövrə vurdum. Lissabona səyahətimin 31-ci günü gəldiyimi, həmin günlərin hamısını dayanmadan gəzdiyimi düşünsək, pis nəticə sayılmaz.
LİSSABONUN GÖRÜLMƏLİ ÜZLƏRİ…
Alfama – Lissabonun Sao Jorge Qalası ilə Taxo çayı arasında, yoxuşda qurulmuş köhnə məhəlləsidir. Adı ərəbcədən götürülüb (Al-hamma), “hamam” deməkdir. Burada çoxsaylı tarixi binalar və barlar var.
Bir də çay kənarında, yeni salınmış, müasir yaşayış bölgəsi və yaxınlığındakı Belem adlanan yerə gedə bilərsiniz. Buradakı Belem qalasını da ziyarət etmək olar. Muzey sevənlər, Tarix Muzeyi, Dənizçilik Muzeyinə baş çəkə bilərsiniz. Bilirsiniz, Portuqaliya dənizçilik sahəsində dünyada məşhurdur. Yox, muzeyə xərcləməyə pulunuz qalmayıbsa, üzülməyin. Şəhər özü canlı muzeydir elə. Gəzməklə də Portuqaliyanı, portuqaliyalıları, Lissabonu, bu şəhərin sakinlərini tanıya bilərsiniz.
Görülməyi gözləyən Müqəddəs Məryəm Katedralı (Santa Maria Maior) da var. Lissabonlular buranı “Se” deyə də adlandırırlar. Şəhərin ən köhnə kilsələrdəndir.
Alış-veriş etmək istəyirsinizsə, Rua Agusta küçəsinə gedin. Sağı-solu brend markalara aid mağazalarla doludur. Buradan Portuqaliya, Lissabona aid suvenirlər, dostlarınıza əl işlərindən olan hədiyyələr də tapa bilərsiniz. Küçənin ortasını kənardakı restoranların rəngli masaları bəzəyir. Canınız yemək çəkirsə, burada qarnınızı doyura bilərsiniz.
LİSSABONLA İSTANBULUN BƏNZƏRLİYİ NƏDƏDİR?
Rua Agustanın sonu Taxo çayına açılır. Başlanğıcını İspaniyadan götürən çay Lissabondan Atlantik okeanına tökülür. Bu arada, İspaniya Portuqaliyanın yeganə qonşusudur.
Burada sizi Praça do Comercio meydanı salamlayır. Əvvəldə demişdim ki, bir çoxu Lissabonu İstanbula bənzədir. Elə İstanbula bənzəyən yeri də burasıdır məncə. Körpüsü, maviliyi… Meydanda Ribeira sarayını da görə bilərsiniz. Möhtəşəm tikilidir.
Saray 1755-ci ildə tikilsə də, bir dəfə zəlzələdə dağılıb, sonradan yenidən restavrasiya edilib. Bununla belə, gözəldir.
Meydanın yaxınlığında Pivə Muzeyi də var (Museu da Cerveja). Muzeyin kafe hissəsində pivələrinin və balıqdan hazırlanmış kekslərin (görünüşü Kiyev kotletinə bənzəyir) dadına baxa bilərsiniz.
5 AVROYA YÜKSƏKLİK KEYFİ
Lissabon dərə-təpə şəhər olduğundan məhəllələr arasında liftlər var. Ən məşhur, turistik lift isə Santa Justadır.
Liftə mindiyimiz hissə Baixa, yuxarı çıxdığımız bölgəsi isə Bairro Alto/Chiado adlanır. Yuxarıda otel tikilib. Buradan aşağıdakı mənzərəni seyr etmək üçün otel ərazisinə keçmək gərəkir. Təbii, izin var. Liftlə qalxıb-enmək 5 avrodur. Nə isə Bairro Altodan şəhərə açılan mənzərə sadəcə möhtəşəmdir. Həm çay, həm də Rossio meydanını görmək olur. Burada foto çəkdirə, ya da eləcə mənzərəni seyr edə bilərsiniz. Dəqiq yadımdadır, məni qolumdan çəkə-çəkə endirmişdilər.
DADI DAMAQDA QALAN DƏNİZ MƏHSULLARI VƏ SANGRİYA
Mətbəxləri də çox dadlıdır. Ən azı mənim yediklərim elə idi. 3 gün ərzində ancaq dəniz məhsullarından olan yeməklərinin dadına baxa bildim. Burada da İspaniyadakı kimi paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov) var. Rəngi İspaniyadakından bir az fərqli, tünd, qarayaçalan idi. Dadına isə söz ola bilməz. Eynilə İspaniyadakı kimi burada da az qala hər restoranda sangriya (adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz, limon qoyulmuş forması) verilir. Balıqları isə sadəcə möhtəşəmdir. Qiymətləri də çox baha deyil.
Lissabonda yediyim cheesecake-li dondurmanın dadı isə yəqin bir ömür yadımdan çıxmayacaq.
LİSSABONA GETSƏNİZ, HARADA QALA BİLƏRSİNİZ?
Lissabonda qalmaq üçün 5 ulduzlu otellərdən tutmuş, hostellərə, qonaq evlərinə qədər hər cür seçim var. Şəhəri tanımaq, havasını, ruhunu duymaq istəyirsinizsə, sizə mərkəzdə qalmağı tövsiyə edirəm. Belə deyim, pəncərəniz şəhərin mənzərəsinə, mərkəzinə, ürəyinə açılsın. Şəhərlə oyanıb, şəhərlə yatmağın ayrı bir ləzzəti var çünki… Həm də, kənarda qalmaq vaxt itkisidir.
Biz düz şəhərin mərkəzində, qonaq evində qaldıq. 2 nəfərə gecəsinə 75 avro ödəməklə. Pensao Elegantenin təmizliyi, şəraiti, yerləşdiyi bölgə əla idi.
YAZ-PAYIZ – LİSSABONLA GÖRÜŞÜN ƏN YAXŞI VAXTI
Avropanın ən isti paytaxtı sayılır Lissabon. Məncə, ora getməyin ən gözəl zamanı aprel-may və sentyabr-oktyabrdır. Yəni yaz və payız. Bununla həm yaşıllığı görə, dəniz kənarında üşümədən gəzə, həm də kəskin istidən və soyuqdan qoruna bilərsiniz.
NECƏ GEDƏK?
Portuqaliya şengen vizası tələb edir. Bu ölkəyə vizanı Bakıdakı Fransa Səfirliyi verir. Daha öncə sizə şengen vizasının nə olduğunu və almaq üçün hansı sənədlərin tələb edildiyini demişdim.
Getməyə gəlincə, Bakıdan Lissabona Aeroflot (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər öncədən almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Biz başqa cür etdik. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya keçdik. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndük.
PORTUQALİYA BUNUNLA BİTMƏDİ
Portuqaliya yadımda əyləncəli və ən sevimli səyahətlərimdən biri kimi qaldı. Hələ səyahətin ən gözəl tərəfini, Lissabon yaxınlığındakı qəsəbələri – Cascais, Ericeira, Sintra, Mafra, Cabo De Roca burnu, şərabları ilə məşhur Porto şəhəri barədə yazmadım. Növbəti yazıların birini buna həsr edəcəm. Lissabona gəlincə, mütləq və mütləq getməlisiniz.
(seyahetchi.com)
Oxunub: 374