Hər il olduğu kimi bu gün də “Şəhidlər Xiyabanı”nı ziyarət etmək üçün ora üz tutdum və qarşılaşdığım mənzərədən çox məyus oldum. Düşdüyümüz hazırkı durumun nə qədər qorxunc olduğunu düşündükcə hələ də özümə gələ bilmirəm. Hökumət çox planlı və nümayişkəranə şəkildə şəhidlərin ziyarətinə gələnlərə mənəvi işgəncə edirdi. Dəmir sədlər və bir neçə cərgə polis “kardonu” yaradaraq minlərlə insanı saatlarla ayaqüstə saxlamışdı. Çoxsaylı 5-6 yaşlı körpə uşaqlardan tutmuş, qocalar, qadınlar və səhətində problem olan insanlar məcbur olub ziyarətdən söyə-söyə yarımçıq qayıdırdı.
Təşkilatçılar həm sıravi polislərə, həm də ziyarətə gələn insanlara əziyyət verirdilər. Əslində o zaman 20 yanvarda şəhidlik zirvəsinə yüksələnləri ekstrimist, narkoman adlandıranların susqunluğunun müvəqqəti olduğunu təxmin edirdim. Nəhayət o zehniyyət 28 il sonra yenidən özlərini toparlayıb və qabarıq göstərdi. Onda rus əskərlərinin, zrehli texnikalarının arxasında gizlənənlər, bu gün öz polislərimizin arxasından boylanırdılar. Sanki şəhidlərin ruhundan qisas almağa çalışırdılar. İnsanları bu ziyarət ənənəsindən iyrəndirmək üçün əllərindən gələni edirdilər.
Xiyabana qədər yolun tam açıq olmasına baxmayaraq insanları niyə belə çətinliyə saldıqları ilə maraqlanmaq üçün birtəhər bu sədlərə yaxınlaşdım. Təsəvvür edin ki sadə polislər də insanlara verilən bu əziyyətin səbəbini anlamağa çətinlik çəkirdi və fürsət düşən kimi bunu hiss etdirirdilər. Hətta bir neçəsi fikrini açıq şəkildə deməkdən də çəkinmirdi.
Bir az sonra təşkilatçıların başqa bir niyyəti də aydın oldu. Milli Şuranın rəhbərliyini uzun müddət ayaqüstə saxlamaq, orada süni qarşıdurma yaratmaq və üzvlərini kütləvi ziyarətdən yayındırmaq istəyi də görünürdü. Ancaq mübariz gənclərin səbrlə yaratdığı coşğu, “şəhidlər ölməz-vətən bölünməz” sədalarının getdikcə artması təşkilatçıların geri çəkilməsi ilə sonuclandı. Getdikcə qızışan ehtiraslar polislərin geri çəkilməsi əmri ilə nəticələndi. Yeri gəlmişkən, həmin anda bir az kənarda dayanan digər müxalifət təşkilatlarının üzvləri isə öndə səslənən şüarları sükutla seyr edirdilər.
Oxunub: 594