Yaxud, Abid Şərifov niyə təəccüblənməlidir?
Azərbaycan hakimiyyəti “islahat” dedikdə, maaşı 3-4 manat artırmağı, nəticəsi olmayacaq sərəncam və fərmanlar verilməsini, qulağa xoş gələn fikirlər səsləndirməyi nəzərdə tutur. Bu mənada hakimiyyətin kadr islahatlarını da “şedevr” hesab etmək olar. Son günlər Vergilər və Təhsil nazirinin işdən çıxarılmasını da hökumət mətbuatı islahtlar koteqoriyasına aid edib.
Baş nazirin müavini Abid Şərifov mətbuata müsahibəsində bu barədə suala cavab verib:” Bir anlıq Avropaya və ya Gürcüstana baxaq. Hər həftə, hər ay, hər il hökumət dəyişir. Qonşu Gürcüstanda elə bir il yoxdur ki, hökumət dəyişməsin. Burada hər il bütün nazirləri dəyişirlər. Təkcə Gürcüstanda deyil, Avropada da belədir. Bu yaxınlarda Avstriyanın yeni baş naziri təyin edilib, amma bütün Vyana qaynayır. Ona görə də hökumət üzvlərindən kiminsə çıxarılıb, yerinə yenisinin təyin edilməsinə təəccüblə yanaşmaq lazım deyil”-deyə Abid Şərifov bildirib.
Bəli, normal ölkələrdə hökumətlərin, hökumət üzvlərinin dəyişməsi təbii haldır və bu proses demokratikliyə işarədir. Amma Abid Şərifovun təmsil olunduğu hökumətdə vəziyyət tamam fərqlidir.
Birinci, YAP hakimiyyətində adətən kadrlar işdən çıxarılmır, sadəcə olaraq bir vəzifədən başqa bir vəzifəyə keçirilir. Mənfi reputasiyalı icra başçısı, polis rəisi, nazir, komitə sədri başqa bir rayona, başqa bir vəzifəyə keçirilir və bu da “müsbət addım” olur.
İkinci, bu ölkədə heç bir vəzifəli xalqa, dövlətə xəyanətə görə yox, hökumətə xəyanətə görə işdən çıxarılır. Yəni, kasıbın haqqın yeyən, vəzifəsindən sui-istifadə edən, korrupsiyanı çəçəkləndirən məmur mükafatlandırılır. Amma bu məmur yuxarının “qanun”larını pozarsa, dərhal cəzalanır.
Üçüncü, bu günə qədər YAP rejiminin heç bir məmuru “təmiz adam” adı qazana bilməyib. İstənilən vəzifəlinin var-dövləti onmilyonlarla dollarla ölçülür. Yəni, bu ölkədə vəzifəyə xalqa xidmət etmək üçün deyil, cibləri doldurmaq üçün gəlirlər.
Dördüncü, Abid Şərifov Gürcüstandan, Avropa ölkələrindən sitat gətirərkən, əsas məqamdan yayınıb. Belə ki, normal ölkələrdə kadr dəyişikliyi müsbət nətcələr ortaya qoyur. Bizdə isə birqayda olaraq yeni təyin olunan köhnəyə rəhmət oxutdurur. Gürcüstanda dəyşikliklər oldu, yeni nəfəs gəldi və korrupsiyanın kökü kəsildi, iqtisadi uğurlar əldə olundu.
Azərbycanda isə 25 ildir hökumət dəyişmir, sadəcə “gözdən pərdə asmaq” taktikası yürüdülür. Deputatların, icra başçılarının, Universitet rektorlarının, komitə sədrlərinin, nazielərin 99 faizi 20 ildən artıq vəzifə kəndirindən sallaşanlardı.
Xülasə, Abid müəllimin dünya üçün normal hesab etdiyi, təmsil olunduğu komandada anormal hesab olunur. Məsələn, bizim ölkədə cinayətləri ifşa olunan, milyardları oğurladığı təsdiqlənən nazirlər azadlıqda sərbəst gəzirlər. Bu adamların sadəcə işdən azad olunması “qətiyyətli siyasət” kimi tirajlanır. Ona görə də Abid Şərifov dünyadakı hökumət dəyişikliklərinə təəccüblənmədiyi kimi, ölkədəki hökumət dəyişməzliyinə də təəccüblənməlidir. Hər yerdə normal hesab olunan, Azərbaycanda niyə anormal hesab edilir?
Samir
Oxunub: 544