Göygöl rayonunun Murovdağın ətəyində yerləşən ən yaxın kəndi məşhur Toğana camaatı illərdir qaz yolu gözləyir. Yeni il bayramı günlərində həmin kəndə səyahət edən bir həmkarımız 4 gün kənddə qonaq qalıb. Həmkarımızın sözlərinə görə, bu, onun kəndə 3-cü səfəridir. Onun sözlərinə görə. ilk dəfə 4 il əvvəl bu yerlərə gəzməyə gedib. Hələ ilk dəfə kənddə qonaq olanda əhali qazın yaxın zamanlarda evlərə gələcəyinə ümid edirdi. Onlara belə vəd verilmişdi. Hətta ölkə başçısının çıxışından sitat gətirərək, Göygölün qısa zamanda tam qazla təmin olunacağını bildirirdilər. Amma insanlar o vaxtdan bəri gözləyib durur. Burda ermənilərlə aradakı təmas xəttini Murovdağ ayırır, kənddən Kəlbəcərə hardasa 75-80 km məsafə var. Kənddə 1000-ə yaxın sakin yaşayır. “Yolların bərbadlığından və qazsızlıqdan zülm çəkirik. Heç olmasa bu sərhəd kəndlərinə diqqət versinlər. Yollarımız palçıq içində batır, maşınlar yağmurlu havalarda yolda ilişib qalır. Toğana ölkənin ən soyuq kəndlərindən biridir, burda qış da uzun çəkir. Nə qədər meşədən ağac axtarmaq olar…”- deyə sakinlər bildirirlər. Qəzetimiz vasitəsilə səlahiyyətli orqanlara mesaj göndərən sakinlərin sözlərinə görə, kəndə əsas qaz xətti çoxdan çəkilib və bir sıra obyektlərə artıq qaz verilir, amma əhalinin çəkdiyi zülm heç kimi narahat etmir. Əhali məlum ünvanlara üz tutub, “bu ildəmi qazsız qalacağıq?” deyə soruşur. Orda gözü yolda qalan insanlara cavab verən tapılacaqmı?…
Oxunub: 222