Bu illər ərzində ölkə diplomatiyası uğurlu istiqamət götürə bilmədi. Nəticə olaraq beynəlxalq təşkilatların Azərbaycan Respublikasına sayğısızlığı göz önündədir. Nüfuzlu demokratik institutlar isə , ümumiyyətlə, bu hakimiyyətin siyasi mövcudluğunu belə tanımaq istəmirlər. Torpağı işğal altında qalan Ölkəmiz dünya siyasi arenasından uzaq düşmüş bir vəziyyətdə, müşahidəçi qismində ! Təcavüzkar ermənistan tərəfindən əsassız ərazi iddiasıyla başlayan bu münaqişə uzun ömürlü bir münaqişəyə çevrilib. Bir qisim politoloqlar, siyasi şərhçilər, deputatlar bu münaqişəylə bağlı xalqa düzgün informasiya çatdırmırlar. Başa düşə bilmirəm, məgər, yalanlarla Qarabağımızı qaytarmaq olar ? Bu şəxslər müsahibə verən, fikir səsləndirən işğalçı tərəfin münaqişəylə bağlı ifadələrinə “düzəlişlər” edirlər, istədikləri şəkildə ifadələri dəyişirlər. İndi də petrosyandan bir “büt” yaradıblar, boynundan da “Qarabağ Azərbaycanındır” plakatını asıblar. Təbii ki, Qarabağ bizimdir. Ancaq petrosyan işğal altında qalan hansı ərazilərimizin qaytarılması müqabilində hansı ərazilərimizdə nə istəyir ? Təhlil edə bilmirsiniz, heç olmasa, müsahibələri cümləsinə qədər xalqa üzündən oxuyun ! Xalq özü hər şeyi başa düşər. Təki siz xalqı çaşdırmayın ! Bu insanlar sanki siyasətlə yox, yuxu yozumları ilə məşğuldurlar. Gözlə xalqım, xoşbəxtliyin göydən düşəcək. (onların düşüncəsində) Axı hər birimizə bəllidir ki, Petrosyanın prezidentliyi dövründə Ermənistanın apardığı ədalətsiz müharibədə döyüşlərdə daha çox erməni qırılıb. Axı, o ölkə əhalisini müharibənin aparılmasına təhrik edirdi, gənclərə çağırışlarını ünvanlayırdı. Ölən kəslərin üstündə “alovlu” çıxışlar edirdi. Niyə düz danışmırsınız ? Belə bir adam “Qarabağı Azərbaycana qaytaraq” deyə bilərmi, danışa bilərmi ? İlhaq altında olan ərazilərimizi özümüz almalıyıq. 25 ildir iqtidar bu müharibəni uduzur. Yalanlarla, bu gün- sabahlarla baş qatır. Tanrının nə çox sabahları. Bütün bu yalanlar hakimiyyətin yoluna davam etməsi üçündür? Yəni iqtidar üçün hakimiyyətdə qalmaq işğal altında qalan torpaqlarımızdan bu qədər şirindir ? Hələ də biz bu münaqişəyə kiçik münaqişə kimi baxırıq. Əslində bu münaqişə kiçik deyil. Böyük bir müharibədir. Yurd-yuvamız dağılıb, köçkünlərimiz, şəhid olanlarımız. Yaralılarımız, işğal altında qalan torpaqlarımız. 1988 –ci ildə Ermənistanın əsassız ərazi iddiası alovlanaraq müharibəyə çevrilib. Hələ də bu münaqişəyə hakimiyyət Azərbaycan-Ermənistan müharibəsi demir. Çünki idarəçilik barədə təsəvvürləri yoxdur. Hələ siyasət qalsın qıraqda, düşünmək özü də bir sənətdir. Bu sənəti isə hakimiyyət bacarmır. Az qala hər gün qan tökülür. Bu kiçik toqquşma deyil. Bu, müharibədir. Dediyim kimi, ərazimizin 20 faizi işğaldadı. Rusiya üçün bu itki 3 mln kv.km.ərazi deməkdir. Bu müharibə tək sənin, mənim ölümüm deyil. Həmçinin torpağın ölümüdür. 100 illərdi qoca tarix torpaqlarımızın ölümünə şahidlik edir. 100 illərdir ayağımızın altından torpağımızı qaçırırlar. Bu gün də işğal altında olan ərazilərimizdə dövlətçiliyimizi bərpa edə bilmirik. 25 il ərzində ərazi bütövlüyümüzü təmin edə bilməyən iqtidar, Azərbaycan xalqının həyatında formal olaraq var. Deməli, idarəçilik siyasi baxımdan Azərbaycan xalqı üçün mövcud deyil. Hakimiyyət isə gücü verib fırçaya, yəni şüarçılığa. İdarəçiliyi kraskalamaqla məşğuldur. Təbii, şüar da yaxşıdır, nəticə olanda. TV-ni açırsan, görürsən ki, tərifçılərin əlindən fırça yerə düşmür. Gənc islahatçı kimi prezident seçilən İ. Əliyev, eləcə də digər sahələrdə (hər təyin olunan böyük islahatçı kimi təqdim edilir) böyük islahatçı kimi təqdim edilənlər də problemlərimiz kimi qocalırlar. Problemlərimizin də məmurlar kimi yaşlarının üstünə yaş gəlir. Uğurundan, Qələbəndən kasad olsan da kraskadan bolsan, Vətən !
Oxunub: 230