Londonda məhkəmə Azərbaycan Beynəlxalq Bankının borcunun restrukturizasiyası məsələsində banka qarşı qərar çıxarıb. “Reuters” agentliyi yazir ki, məhkəmənin Franklin Templeton Investment Management və Rusiya Sberbank-ının xeyrinə çıxardığı qərar restrukturizasiya prosesini yubada bilər.
Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq borcunun restrukturizasiyası planını təqdim edib və iyulda bildirib ki, sözügedən öhdəliklərin 93.9 faizinin kreditorları planı dəstəkləyiblər.
MORATORİUMUN VAXTI UZADILMAYIB
ABB ötən ilin mayında London məhkəməsindən restrukturizasiya prosesiylə bağlı moratorium da əldə etmişdi. Azərbaycan qanunvericiliyinə uyğun olaraq tətbiq olunan prosedur yanvarın 30-da bitməliydi.
London Ali Ədalət Məhkəməsinin qərarıyla, moratorium kreditorların məhkəmənin icazəsi olmadan ABB-yə, yaxud onun mülkiyyətinə qarşı hər hansı hərəkət başlatmasını əngəlləyir.
ABB moratoriumun vaxtının yanvarın 30-dan sonraya uzadılması üçün müraciət etmişdi. Sberbank və Franklin Templeton Investment Management Limited (FTIML) isə moratoriumun uzadılmasına qarşı çıxırdı. “Reuters” məhkəmənin yanvarın 18-də çıxardığı qərarı gördüyünü yazır.
ABB-nin 2016-ci ildən Sberbank-a 20 milyon, Franklin Templeton-a 500 milyon borcu var, onu da gələn il ödəməlidir.
Onların heç biri borcun restrukturizasiyasına razılaşmayıb.
Hər iki şirkət bildirir ki, ABB ilə sazişləri İngiltərə qanunvericiliyi ilə tənzimlənir. Onlar 1890-cı ilə aid “Gibbs işi”ni misal çəkirlər, yəni başqa bir yurisdiksiyanın “yerli qanunu” İngiltərə qanunvericiliyinə uyğun imzalanmış sazişə tətbiq edilmir.
ABB DEYİR, ONDAN PUL TƏLƏB EDƏ BİLMƏZLƏR
Məhkəmə hər iki şirkətin ABB prosesində Gibbs işini nəzərə almaqla bağlı mövqeyini dəstəkləyib.
“Bu qərar İngiltərə Hüququ çərçivəsində iddiaların sabitliyinin təkmilləşdirilməsinə kömək edəcək və bazar oyunçularını öhdəliklərini vicdanla yerinə yetirməyə həvəsləndirəcək”, – Sberbank-dan “Reuters”ə bildiriblər. FTIML şərh verməyib.
ABB-dən isə “Reuters”ə yazılı açıqlamada bildiriblər ki, bu qərar Sberbank və FTIML-ə bankdan ödəniş tələb etmək hüququ vermir.
“Məsələ Apellyasiya Məhkəməsinə, gərəkərsə, İngiltərə Ali Məhkəməsinə çıxarılacaq”, – ABB-dən bildiriblər.
“Böyük Britaniyadakı hüquqi prosedur Azərbaycanda restrukturizasiya prosesinin uğurla tamamlanmasına əngəl törətməyəcək”, – ABB-dən bildirilib.
Ancaq agentlik Britaniyada bir vəkilə istinadla yazır ki, apellyasiya məhkəməsi qərar verməyincə restrukturizasiya tamamlana bilməz. Bu qərarın çıxarılması isə bir neçə ay çəkə bilər.(Azadlig.org)
Oxunub: 314