Yaxud, Maliyyə Nazirliyi ölkədəki talançılğı necə etiraf etdi?
Azərbaycanın necə idarə olunduğu, vəzifəli şəxslərin hansı missiyanı yerinə yetirdiyi, ölkənin niyə bu vəziyyətə düşdüyü hamıya məlumdur. İllərlə ölkədəki korrupsiyadan, saxtakarlıqdan, məmur özbaşınalığından danışılsa da, bütün bunlar faktlarla təsdiqlənsə də, hakimiyyət həmişə özünü təmizə çıxarmağa çalışıb. Birqayda olaraq tənqidi yazıları, çıxışları qərəz kimi təqdim ediblər.
Amma ölkədə talançılığın səviyyəsi o qədər yüksəlib ki, rəsmi hesabatlarda da bu rüsvayçlığı gizlətmək mümkün olmur. Təkcə Hesablama Palatasının hesabatlarına nəzər salanda aydın olur ki, ölkədə salamat sahə, vəzifəsinə xəyanat etməyən şəxs yoxdur. Yaxud, Statistika Komitəsinin rəqəmlərinə istinad edəndə tənəzzülün boy atdığını açıq şəkildə görmək olur.
Bu dəfə isə ölkədəki rüsvayçı idarəçiliyi və bunun rüsvayçı nəticələrini Maliyyə Nazirliyi etiraf etdi. Belə ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumatı açıqlayıb. Etiraf olunan budur ki, Maliyyə Nazirliyi 10 təşkilatda 2,3 mln. manatlıq mənimsəmə aşkar edib.
Abadlıq və təmir işlərinin podratçı təşkilatlar tərəfindən dəyərinin əsassız olaraq artırıldığı, bəzi rayon icra hakimiyyətlərində malların dəyərinin ödənilməsi üçün nəzərdə tutulan vəsaitlərin işçilərdən birinin plastik kartına köçürüldüyü, əməkhaqlarının əsassız olaraq artırıldığı və əsassız olaraq artırılan hissəsinin baş mühasiblərin və onlara yaxın olan adamların plastik kartlarına köçürüldüyü, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrdən təhsil haqqının yığılaraq vaxtında mədaxil edilmədiyi və borcların mühasibat uçotunda düzgün əks etdirilmədiyi, xəstəxanalarda növbəti illər üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə vakant qalmış ştat vahidlərinin nəzərə alınmadığı, müvafiq qaydada müəyyən edilmiş normadan artıq ştat vahidlərinin saxlandığı, statistika idarələrində müvafiq qaydada müəyyən edilmiş normadan artıq ştat vahidlərinin saxlanıldığı, faktiki olaraq işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödəndiyi, alınması rəsmiləşdirilmiş maddi dəyərlilərin maddi-məsul şəxslərin hesabında uçota alınmadığı və onların yoxlama zamanı aparılmış inventarlaşma ilə faktiki mövcud olmadığı, işdən kənarlaşdırılmış və ümumiyyətlə musiqi məktəbində işləməyən şəxslərin adlarına açılmış plastik kartlarına əmək haqqı ödəndiyi, rayon baytarlıq idarələrində zərərli iş şəraitində işləməyən işçilərə zərərli iş adı ilə əlavə haqq ödənildiyi və onlarla digər nöqsanlar, yeyintilər aşkar edilib.
Məhşur filmdə deyildiyi kimi “bu, qızın xırda cehizləridi”. Yəni, bu aşkarlanan faktlar ümumi mənzərənin xırda bir görüntüsüdü. Əslində, talançılığın miqyası onmilyardlarla ölçülür. Bu, yalnız 10 təşkilatda aparılan yoxlamanım nəticəsidir. Daha doğrusu eitraf edilə bilən hissədir. Təbii ki, belə bir araşdırma iri məmurların “həyat və yaradıcılığı”nı əks etdirsə, dəhşətli faktların şahidi olarıq. Məhkəmə proseslərində də məlum oldu ki, MTN generalının var-dövləti 30 milyondan atrıq imiş. Yaxud, Vergilər Nazirinin ölkədən çıxardığı vəsaitin 4 milyard dollar olduğu bildirildi. Ümumiyyətlə, milyoner olmayan məmur yoxdur və bu varidat halal qazancın nəticəsi ola bilməz. İstənilən idarə və müəssisəni silkələsək, cinayət faktları, oğurluq, vəsifədən sui-istifadə töküləcək.
Maliyyə Nazirliyinin ortaya qoyduğu nəticələr Azərbaycan reallığının ifadəsidir. Əgər xırda təşkilatlar milyonları ələ keçirə bilirsə, böyük təkilatlarda pulların yallı getdiyini təsəvvür etmək çətin deyil. Həm də bu ölkədə heç kim özfəaliyyət göstərə bilməz. Hər bir əliəyri məmur özündən yuxarıdakına “haqq” ödəyir və öz haqsızlığını davam etdirir. Bəli, bu ölkədə icra hakiminin, polis rəisinin, Universitet rektorunun, komitə sədrinin hansı işlə məşğul olduğunu, nə qədər pul yığdığını ən yuxarıda oturanlar əzbər bilirlər. Çünki bu eybəcər şaraiti məhz yuxarıda oturanlar yaradıblar.
Müxtəsər, Maliyyə Nazirliyi bir daha sübut etdi ki, bu ölkədəki böhran, sosial-iqtisadi vəziyyətin ağırlığı dünyadakı proseslərlər bağlı deyil, ölkədəki talançılıqla bağlıdır. Hamının oğurladığı, oğurluğun normaya çevrildiyi ölkədə böhran əbədi sakin olaraq qalacaq.
Biz də uzun illərdi bunu deyrik ki, bu ölkədə nümunə üçün göstəriləcək idarə, təşkilat, vəzifəli şəxs yoxdur. Və bugün rəsmi orqanlar da bunu təsdiqləməyə məcbur olur.
Akif
Oxunub: 398