Nemət Əliyev
Tam orta təhsil haqqında attestat ala bilməyən məzunların sayı 2017-ci ildə 3,2 dəfə artıb…
Azərbaycan poeziyasının boyük nümayəndəsi S.Ə.Şirvani hələ 130 il bundan əvvəl təhsili xəzinəyə, elmi isə bu xəzinənin açarına bənzədərək deyirdi ki, “Təhsil xəzinə, elm onun açarıdır…” Müşahidələr göstərir, məhz elmə, təhsilə daim diqqət ayıran, bu sahələrin inkişafını prioritetə çevirən ölkələr, xalqlar bu gün əksər sahələrdə irəli çıxaraq dünyaya meydan oxuyurlar. Fəqət bizdə bu böyük xəzinəyə diqqət uzun müddət arxa planda tutulub. Odur ki, zərbə ardınca zərbələr alır ölkəmiz… Hər il əhalinin təhsil səviyyəsinin artmasına dair gurultulu bəyanatlar verilməsinə baxmayaraq, ötən ilin vəziyyətinə dair bu il açıqlanmış rəsmi hesabatdan məlum olub ki, 2017-ci ildə təhsil sahəsində vəziyyət daha da pisləşib. Son iki ilin göstəricilərinin sadə müqayisəsi bu sahədə gerçək mənzərəni üzə çıxarmağa imkan verir. Tanış olun və özünüz nəticə çıxarın.
Əyani ümumi təhsil müəssisələrini bitirən məzunların sayı:
2016-cı ildə 86,8 min nəfər;
2017-ci ildə 83,3 min nəfər.
Məzunların sayı 3,5 min nəfər və ya 4% azalıb.
Tam orta təhsil haqqında attestat alan məzunların sayı:
2016-cı ildə 86,3 min nəfər;
2017-ci ildə 81,7 min nəfər.
Attestat alan məzunların sayı 4,6 min nəfər və ya 5,3% azalıb.
Orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin sayı:
2016/2017-ci tədris ilinin əvvəlinə 51,7 min nəfər;
2017/2018-ci tədris ilinin əvvəlinə 47,4 min nəfər.
Tələbələrin sayı 4,3 min nəfər və ya 8,3% azalıb.
Dövlət xətti ilə xarici ölkələrdə təhsil alan tələbələrin sayı:
2016/2017-ci tədris ilinin əvvəlinə 2,197 min nəfər;
2017/2018-ci tədris ilinin əvvəlinə 1,800 min nəfər.
Xarici ölkələrdə təhsil alan tələbələrin sayı 397 nəfər və ya 18% azalıb.
Nəticələr bu dərəcədə pisləşibsə, əhalinin təhsil səviyyəsinin ilbəil artmasından deyil, pisləşməsindən, təhsilin geriləməsindən danışmaq yerinə düşər. Nəzərə almaq lazımdır ki, yalana söykənən hesabatlar tərtib etməklə irəli getmək mümkün deyil.
Oxunub: 132