“Azərbaycan hakimiyyəti mənə qarşı düşmənçilik siyasətini davam etdirir. 20 il cəza veriblər, bununla da ürəkləri soyumayıb. Ona görə belə saxta cinayət işi açıblar mənə qarşı…”, – həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə bu gün məhkəmədə haqqındakı yeni cinayət işinə münasibət bildirərkən belə deyib.
Bu dəfə Cinayət Məcəlləsinin 317-2.1 (cəzaçəkmə müəssisəsində şəxsin qadağan olunmuş əşya hazırlaması, saxlaması) maddəsi ilə ittiham olunan Taleh Bağırzadənin işinə Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baxılır. Yanvarın 26-da məhkəmənin hazırlıq iclası keçirilib.
Bağırzadənin məhkəməsi polis nəzarəti altında keçirilir
Məhkəməni izləməyə gələnlərin çox az bir hissəsi içəri buraxılıb. Zala daxil olan şəxslərin sayı on nəfərdən də az olub. Təxminən 50-60 nəfər isə yağışın altında saxlanılaraq, heç bir əsas göstərilmədən məhkəməyə buraxılmayıb.
Eyni zamanda, məhkəmənin ətrafında çoxsaylı polis qüvvələri, Post-Patrul Xidmətinin maşınları diqqəti cəlb edib.
T.Bağırzadə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunsa da, o, saxlandığı Qobustan həbsxanasından istintaq təcridxanasına köçürülməyib. İlahiyyatçı məhkəməyə elə Qobustan həbsxanasından gətirilib-aparılır.
Bu gün məhkəmənin hazırlıq iclasında Taleh Bağırzadə ona qarşı irəli sürülmüş ittihamlarla razı olmadığını bildirib. İddia olunur ki, Qobustan həbsxanasında Taleh Bağırzadədən içində kartlarda “Qurani Kərim”, Quran təsviri və bu kimi başqa materiallar olan yeddi ədəd “microSD” tipli yaddaş kartları tapılıb.
İlahiyyatçının sözlərinə görə, cəzaçəkmə müəssisələrində, Qobustan həbsxanasında əksər məhkumlarda mini flaş kartlar var.
“Hakimiyyət bilir ki, Azərbaycan xalqı onları istəmir”
“Əgər bu, qadağan olunsaydı, həmin əşyaların içəri daxil olmasının qarşısı alınardı. Sadəcə, Azərbaycan hakimiyyəti mənə qarşı düşmənçilik siyasəti aparır. Mənə 20 il həbs cəzası veriblər, amma yenə də hirsləri soyumayıb, belə saxta cinayət işi də açıblar. Bura mənim üçün tribunadır, öz sözümü deyə bilirəm.
Azərbaycan xalqı ləyaqətli xalqdır, öz taleyini özü həll etməyə qadirdir. 1988-ci ildə xalq ayağa qalxdı, meydanlara axışdı. Bunun nəticəsində Azərbaycan xalqı “İlin xalqı” oldu. Indi bu hakimiyyət özü də başa düşür ki, o, bu xalqa layiq deyil. Onu ancaq mübarizə yolu ilə devirmək olar, öz xoşları ilə getmək istəmirlər. Azərbaycan xalqı artıq bunları istəmir, hakimiyyət də bunu bilir, görür.
Bu cinayət işi də saxtadır, orada çox şey müstəntiq tərəfindən yalan yazılıb, uydurulub. Ona görə istəyirəm ki, siz bu işə baxmayasız, xitam verəsiniz”, – deyə Taleh Bağırzadə bildirib.
İlahiyyatçının vəkili Fariz Namazlı da müvəkkili haqqında cinayət işinə xitam verilməsini istəyib, bu haqda vəsatət qaldırıb.
Prokuror vəsatətin təmin olunmamasını istəyib. Hakim də onun istəyinə uyğun qərar verib – vəsatət təmin edilməyib.
İş üzrə məhkəmə baxışı fevralın 6-na təyin olunub.
Oxunub: 756