Beynəlxalq Bank niyə xalqın taleyindən önəmlidir?
Mövcud hakimiyyət bütün dönəmlərdə xalqa ögey münasibət bəsləyib və bunu açıq ifadə etməkdən çəkinməyib. Xüsusən də, iki ölümcül devalvasiyadan sonra təsdiqləndi ki, məqsədli şəkildə xalqın aşağılanması prosesi gedir. Halbuki, Yunansıtan, Ukrayna, Qazaxıstanda da devalvasiya baş verdi və dəymiş zərəri dövlət öz üzərinə götürdü. Azərbaycan hakimiyyəti isə xalqı milli valyutanın sabit qalacağı ilə aldatdı və nəticədə də sadə vətəndaş milyonlarla manat cərimə ödəməli oldu. Üstəlik, kommunal xərclər, ərzaq qiymətləri fantastik həddə qədər bahalaşdı, ixtisarlar sürətləndi. Yəni, devalvasiyadan ağır zərbə almış vətəndaşa növbəti zərbə endirildi. Bunun ardınca mənasız yarışlara milyardlar xərcləndi, xarici ölkələrdə xeyriyyə tədbirləri keçirildi. Qısası, “çölə ataram, xalqa vermərəm” prinsipi ilə işlədilər. Hətta maliyyə naziri bəyan etdi ki, banklar xeyriyyə cəmiyyəti deyil və xalq öz başının çarəsinə baxsın. Mərkəzi Bankın rəhbəri isə bildirdi ki, bankalr vətəndaşa güzəşt etsə maliyyə intizamı pozular.
Amma sonrakı mərhələdə hökumətin nə qədər amansız olduğu, milyonlarla insannın taleyinə təpik vurulduğu bir daha aydın göründü. Belə ki, yalnız Beynəlxalq Bankın sağlamlaşdırılması ilə məşğul oldular. Çünki Beynəlxalq Bank hakim ailəyə məxsusdur və onun xilası üçün də istənilən addımı atmağa qərar verdilər. Öncə Beynəlxalq Bankın sağlamlaşdırılması üçün büdcədən 3 milyard dollar vəsait ayrıldı. İndi isə məlum olur ki. Beynəlxalq Banka xərclənən pulların həcmi 16 milyard manatı ötüb. 10 milyard manata yaxın toksik kreditlər dövlətin zəmanəti ilə silinib. Daha sonra 4 milyard silindi. Təqribən 1 milyarda yaxın xarici borcunu da dövlət qaytaracaq. Eyni zamanda Neft Fondu da 1 milyard manat depozit qoyub. Göründüyü kimi Beynəlxalq Bankın udduğu pulllar dövlət büdcəsinin indiki həcmindən çoxdur. ABB-nin 2016-ci ildən Sberbank-a 20 milyon, Franklin Templeton-a 500 milyon borcu var, onu da gələn il ödəməlidir. Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.
Görünən budur ki, Beynəlxalq Bank adlı əjdaha həm dövlətin büdcəsini udub, həm də dövləti milyardlarla xarici borc ödəmək məcburiyyətində qoyub. Məsələ bundadır ki, bu pulllar xalqın canından çıxacaq. Bir bankın adıyla milyardlar silinib, yeyilib və dövlət borca salınıb. Halbuki, 16 milyard manatla iqtisadi sahədə dönüş etmək mümkün olardı. Yuxarıda da qeyd etdiyimiz kimi Beynəlxalq Bank şəxsi biznes olduğuna görə istənilən risq gözə alınıb, dövlətin imkanlarından ata malı kimi yararlanıblar. Amma bu qədər vəsaitin dövlət maraqları naminə xərclənməsi tələb olunsaydı, əminliklə demək olar ki, heç bir güzəşt edilməzdi. 2.5 milyon vətəndaş məmur banklarının girovuna çevrildiyi halda, ölkə rəhbərliyi şəxsi bankının dalınca düşüb. Dəflərlə qeyd edildiyi kimi hakimiyyət bu ölkəyə obyekt kimi baxır və yalnız öz çıxarlarını düşünür. Şəhid ailələrinin qan pulunu ödəməyə pul tapmayanlar, devalvasiyadan dəyən zərərin cüzi bir hissəsini ödəməyə də razı olmayanlar, Beynəlxalq Bankın uğrunda dövlət büdcəsi qədər pul talan ediblər.
Bu bir daha imkan yaradır ki, Azərbaycan xalqı kimlərin idarəçiliyndə yaşadığını aydın şəkildə dərk etsin. Bunlar üçün “xalq” anlayışı, komanda üzvləri deməkdir. “Xalqın maraqları” deyəndə də, komanda üzvlərinin maddi maraqlarını nəzərdə tuturlar
Samir
Oxunub: 432