İstanbulda yaşayan azərbaycanlı şair Əliyevlərə müraciət etdi
Türkiyədə yaşayan gənc şair Elçin Aslangil mühüm bir məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Türkiyədə minlərlə azərbaycanlının təhsildən kənarda qalmasını vurğulayan Elçin bəy prezident İlham Əliyevlə vitse-prezident Mehriban Əliyevaya müraciətində bildirir:
“Ərz edib sizə bildirmək istəyirəm ki, hazırda yaşadığım Türkiyənin İstanbul şəhərinin təkcə Qaziosmanpaşa, Sultanqazi ellərində adını belə yazmağı bacarmayan 6 və 17 yaş arası mindən (1000) çox azərbaycanlı var. Bu çox ciddi problemdir. İstanbulda yaşayan soydaşlarımızın bir çoxunun (yəni yüzdə doxsanının) “oturma izni” olmadığı üçün, öz övladlarını Türkiyə məktəblərində oxuda bilmirlər. Bu problemin ağrılı tərəfi olsa da, bizlər üçün utancverici tərəfi tamam başqadır – təkcə İstanbul şəhərində iyirmiyə yaxın ermənidilli məktəb var. Bəs nə üçün rəsmi olaraq Azərbaycandilli məktəb heç bir dənə də olsun, yoxdur? Əgər İstanbulda soydaşlarımızın “qaçaq” statusu ilə yaşadıqlarını nəzərə alsaq, belə məktəb “ölüm- qalım” məsələsidir və həyati əhəmiyyət kəsb edir. Müəyyən ziyalılar tərəfindən qurulan (bildiyim qədəri ilə) iki və ya üç Azərbaycandilli özəl məktəb var, ancaq bu məktəblərin heç biri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tabe deyil və verdikləri təhsil yetərsizdir.
Cənab prezident və birinci xanım, Nizamilər, Lütfüzadələr, Hüseyin Cavidlər, Axundovlar, Topçubaşovlar, Əliağa Şıxlinskilər yetişdirən bir xalqın, xüsusi ilə hər zaman öyündüyümüz “Azərbaycan xalqının yüzdə doxsan səkkizi oxuyub yazmağı bacarır” kimi həqiqətlərinin gözünün içinə indi biz necə baxaq? Müəyyən çətinliklərdən dolayı deyərdim ki, bəlkə də iki-üç min soydaşımızın təhsilsiz olması həqiqətin gözüdür əslində, kor gözü. Bəhs etdiyim göz gələcəyimizi işıqlandıra bilməyəcək, təəssüf ki. Fəqət gec deyil, güc deyil, nə üç deyil, nə də beş deyil, sizlər bu məsələyə əncam çəksəniz. Bu gün İstanbulda yaşayan bir neçə ziyalı soydaşımızla bərabər bu problemə dair, bir xeyli baş sındırmalı olduq və başa düşdük ki, başımızı əzsək belə, arxamızda dövlətin dəstəyi olmadan heç nə edə bilməyəcəyik.
Problemin acılı tərəflərindən biri də, soydaşlarımızın qız uşaqlarını təhsildən yayındıraraq 13-14 yaşlarında zorla ərə verməsidir. Sanki başlarından edirlər. Bu, məncə, gələcəyimiz üçün həyəcan təbilidir. Körpə fidanlarımız təhsil almaq əvəzinə tikiş müəssisələrində valideynləri tərəfindən zorla əməyə cəlb edilir, özü də 10-12 saatlıq ağır şərtlər altında. Burda qaçaq kimi yaşayanların heç biri bu ölkədə qalıcı deyil və gec-tez Azərbaycana qayıdacaqlar. Bu, çox ciddi problemdir cənab prezident və hörmətli birinci xanım. Sizdən xahişim, ricam, yalvarışım bu qaranlıq məsələni işıqlandırmağınızdır.
Hörmətlə: Elçin Aslangil”
Oxunub: 1048