Azərbaycana gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli surətdə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilib.
Dövlət Təhlükəsizliyi Xidməti xəbər verir ki, 2018-ci il yanvarın 26-da keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.
Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıblar.
Azadliq.info
Oxunub: 1054