Bütün pis əməllər mükafata layiqdi
Əminliklə demək olar ki, Azərbaycanda xalqa, dövlətə, dəyərlərə xidmətə görə heç kim mükafatlandırılmır. Yalnız hökumətə xidmətə qiymət verilir. Ölkə başçısı İlham Əliyevin mütəmadi olaraq payladığı orden-medallara nəzər salanda hakimiyyətin mahiyyəti daha aydın görünür. Məsələn, hansıa vəzifəli şəxs korrupsiyaya bulaşanda, hansısa məmurun tərcümeyi-halında eybəcərliklər aşkar olunanda, hamı bir ağızdan deyir ki, bu adama medal verəcəklər. Yaxud, hansısa müxalifət liderinə, tənqidçi jurnalistə çamur atan adamın tezliklə deputat olacağı, biznesmenə çevriləcəyi prqonozlaşdırılır və təbii ki, bu proqnoz özünü doğruldur.
Bir anlıq İlham Əliyevin medal payladığı adamların siyahısını gözdən keçirin. Bu adamların içində müsbət reputasiyalı, cəmiyyətdə nüfuzu olan, insanların sevgiylə xatırladığı adamlar barmaqla sayılacaq qədər deyil. Demək olar ki, YAP-çıların hamısı “Şərəf” və “Şöhrət”ə bürünüblər. Azərbaycanda orden-medallar doğum günü hədiyyəsi kimi paylanır. “Vosmoy”un bazarında dəstəsi 5 qəpiyə satılan göyərti kimi, Prezident Aparatında da orden-medallar satışa çıxarılıb.
Bu gün isə ölkə başçısı metropolitenin keçmiş şefi, YAP Yasamal şöbəsinin sədri Tağı Əhmədovu “Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə” 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.
Halbuki, qısa müəddət öncə Tağı Əhmədov böyük skandallarla gündəmə gəldi. Tağı Əhmədov MTN generalı Akif Çovdarova 3 milyon manat rüşvət verdiyini etiraf etdi. Ardınca, Akif Çovdarov məhkəmədə Metorpolitenin 5 qəpikləri necə mənimsədiyindən danışdı. Daha sonra Tağı Əhmədovun var-dövlətinin siyahısı üzə çıxdı və məlum oldu ki, bu adam əməlli-başlı “əmək” sərf edib. Metorya gəlincə, hələ də metroda kondisionerli qatarın gəlişini həsrətlə gözləyirik. Yəni, yayın qızmarında kondisionerli qatarın kimin qismətinə çıxacağı bilinmir. Çünki, köhnə qatarlar boyanaraq yeni qatar adıyla istifadəyə verilib və gözdən pərdə asmaq üçün 1-2 yeni qatar alınıb.
Nəticə bundan ibarətdir ki, Tağı Əhmədovun faəliyyətini İlham Əliyevdən başqa heç kimi müsbət qiymətləndirməyib. İlham Əliyev sədri olduğu partiyanın şöbə sədrindən milyonların izahatını almaq əvəzinə, bu adama “Əmək” ordeni verir. Yeri gəlmişkən, bu adam həm də “Azadlıq” qəzetinin kollektivinin əməyini mənimsəyib. Yəni, qəzeti məhkəməyə verib və saxta məhkəmədə “Azadlıq”ı 32000 manat cərimə etdirib.
Müxtəsər, Əliyevin təltiflərindən də görünür ki, bu ölkədə məmurlarabütün pis əməllərə imza atmaq üçün “yaşıl işıq” yandırılıb. Ona görə də rahat şəkildə rüşvət alırlar, ölkəni atam malı kimi talayırlar, insanların haqqına girirlər, dəbdəbəli villalar tikdirirlər və.s Müşavirələrdə natəmiz məmurlara barmaq silkələyən ölkə başçısı, belə məmurların ən böyük ilham mənbəyidir.
Samir
Oxunub: 1430