“Bir tərəfdən Cümhuriyyətin 100 illiyi ilə bağlı sərəncam imzalayır, o biri tərəfdən qadını – Gözəl Bayramlını siyasi fəaliyyətinə görə həbs edir”
“Əgər mənim yaddaş kartını udmağım cinayətdirsə, buna görə cəzalandırılmalıyamsa, illərdir xalqın malını udan İlham Əliyev və ətrafındakılar niyə cəzalandırılmır? Bu gün burada onlar oturmalıdır. İnanıram, bir gün mütləq elədiklərinin cəzasını alacaqlar…”,- ilahiyyatçı Taleh Bağırzadə bu gün məhkəməsində çıxışında belə deyib.
T.Bağırzadə Nardaran hadisələrinəgörə ona verilmiş 20 illik cəzanı çəkə-çəkə ou haqqında başlanmış yeni cinayət işinə hazırda Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlov baxır.
Bugünkü məhkəmədə əvvəlcə prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, Qobustan həbsxanasında T.Bağırzadədən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. T.Bağırzadəyə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə ittihamirəli sürülüb.
İttihama münasibət bildirən ilahiyyatçı özünü təqsirli bilməyib. T.Bağırzadə ifadəsində təsdiqləyib ki, həqiqətən həmin kartlar ona məxsus olub. Amma o kartlarda qanunsuz heç bir material olmayıb: “O mini kartlarda ölkədəki ictimai-siyasi proseslər haqda informasiyalar, dini mövzuda məlumatlar, moizələr vardı. Azərbaycan vətəndaşı kimi, ölkədə baş verənlər haqda informasiya almaq hüququm var. Mən həmişə ictimai-siyasi proseslərlə maraqlanmışam. Kartlarda həmçinin Gözəl Bayramlının, Əfqan Muxtarlının həbsi barədə məlumatlar, mənim ərəb-fars dillərində dərsliklərim də vardı. Mən iki universitet bitirmişəm, amma həbsxanalar mənim üçün akademiyadır. Çalışıram burada zamanımı səmərəli keçirim…”
İlahiyyatçının sözlərinə görə, məhkumların bir çoxunda həmin mini kartlardan var. Amma o kartlara görə heç kimə cinayət işi açmayıblar. T.Bağırzadəhesa edir ki, xüsusən kartlarda ictima-siyasi proseslər, o cümlədən Əfqan Muxtarlı, Gözəl Bayramlının həbsi haqda məlumatların olması qarşı tərəfi qıcıqlandırıb: “Özləri də məndən soruşdular ki, sən niyə Əfqan Muxtarlının, Gözəl Bayramlının işi ilə maraqlanırsan?”
T.Bağırzadə İlham Əliyevin bir tərəfdən Cümhuriyyətin 100 illiyi ilə bağlı sərəncam imzalaması, digər tərəfdən də xanım siyasətçi Gözəl Bayramlını həbsdə saxlaması haqda da fikirlərini bölüşüb: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyidir. Bizim babalarımız yüz il bundan qabaq Şərqdə ilk demokratik cümhuriyyəti qurdular, qadına səsvermə hüququ verdilər. Bu gün özünü Cümhuriyyətin varisi kimi qələmə verən hakimiyyət isə siyasi fikirlərinə görə bir Gözəl Bayramlını həbs edir…”
Bu yerdə hakim Rufan Mürsəlov ilahiyyatçının sözünü kəsib: “Mahiyyəti üzrə danış”.
T.Bağırzadə cavab verib ki, elə işin mahiyyəti budur. İlahiyyatçının sözlərinə görə, yaddaş kartları yüzlərlə məhbusda olduğu halda, yalnız onun barəsində cinayət işi başlanması bu işin siyasi sifariş olmasından xəbər verir.
İlahiyyatçı bildirib ki,Kürdəxanı Kürdəxanı təcridxanasında istifadə etdiyi yaddaş kartlarını Qobustan həbsxanasına gələndə udub.
Daha sonra Qobustan həbsxanasının əməkdaşlarından ibarət dörd nəfər şahid – Rauf Nəbiyev, Tural Babayev, Aqil Əliyev və Mirxalid Abdullayev ifadə verib. Onlar ifadələrində T.Bağırzadənin mini kartları udduğunu və həmin əşyaların onun qarın boşluğunda tapıldığını deyiblər.
İş üzrə hal şahidi qismində tanınmış iki nəfər – Elman Kaxayev və Elşad Qurbanov isə Qobustan həbsxanasında saxlanılan məhkumlardır. Onlar məhkəməyə gətirilməyib. Məktub göndəriblər. Orada da yazılıb ki, səhhətlərində problem olduğundan gələ bilmirlər, istintaqdakı ifadələrini təsdiqləyirlər.
T.Bağırzadə də onların gətirilməsində israr etməyib. Bildirib ki, əslində onları gətirmək çətin məsələ deyil, amma bunu istəmir. Fikrini də belə əsaslandırıb: “Onlar orada cəza çəkirlər və həbsxana rəhbərliyindən asılı vəziyyətdədirlər. Buna görə də gəlib burada həqiqəti deyə bilməyəcəklər. Әminəm, onların adından məktubları da həbsxana əməkdaşları özləri yazıb. Ona görə də narahat olmasınlar, heç mən də onların bura gəlməsini istəmirəm”.
T.Bağırzadənin vəkili Fariz Namazlı mini kartlarla bağlı rəy vermiş ekspertin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.
Vəkilin daha bir vəsatəti isə Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqda olub. Çünki ekspert rətində T.Bağırzadədən tapılan kartlar “radioelektron vasitə” kimi təqdim olunub. Müdafiəçi qanunda yazılmış “radioelektron vasitələrin elementləri” ifadəsinə aydınlıq gətirilməsi, bu elementlərin nədən ibarət olmasının aydınlaşdırılmasını istəyib.
Bu vəsatət də təmin olunmayıb.
Bundan sonra məhkəməistintaqının başa çütdığı elan edilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona fevralın 13-nə qədər vaxt verilib.
Azadliq.info
Oxunub: 1048