Milli Şura növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat verib. Bәyanatda deyilir:
Ölkə başçısı İlham Əliyev fevralın 5-də sərəncam verərək, aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edib. Ölkədə növbədənkənar prezident seçkisinin keçirilə biləcəyi haqda buna qədər heç bir rəsmi açıqlama olmayıb, bu barədə qərar hər hansı müzakirə keçirilmədən, hətta parlamentin və hakimiyyət komandasının da xəbəri olmadan qəbul edilib. Belə anlaşılır ki, prezident seçkisi kimi ölkə üçün taleyüklü bir məsələ barəsində İlham Əliyev təkbaşına, yaxud ailəsi daxilində müzakirə apararaq qərar verib.
2016-cı ilin sentyabrında Konstitusiyaya edilən mürtəce dəyişiklik ölkə başçısına növbədənkənar prezident seçkisi elan etmək hüququ versə də, ölkədə bunu zəruri edən hansısa vəziyyət müşahidə olunmur. Təsadüfi deyil ki, bu ilin oktyabrında keçirilməli olan seçkinin nəyə görə 6 ay irəli çəkildiyinə dair ağlabatan bir rəsmi izahat da verilmir.
Milli Şura hesab edir ki, bu qərar Əliyevlər ailəsinin hakimiyyəti yenidən qəsb etmək naminə özü üçün mümkün neqativ hadisələri qabaqlamaq istəyindən doğub. Buraya ölkədə sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi, əhalinin artan narazılığı, müxalifətin ümumxalq etirazlarına başlamaq niyyəti və beynəlxalq sanksiyaların mümkünlüyü kimi amillər daxildir. İlham Əliyev və yaxın ətrafı gözlənilən prezident seçkisinin vaxtını xəlvət şəkildə 6 ay irəli çəkməklə, bu seçkiyə fokuslaşan bütün qüvvələri, eləcə də xalqı “oyundankənar” vəziyyətə salmaq, riskə getmədən hakimiyyəti növbəti dəfə qəsb etmək planı qurub. Bir sözlə, Əliyev rejimi seçkiyə yox, prezidentliyi gizlicə oğurlamağa hazırlaşır.
Milli Şura bəyan edir ki, hazırda ölkədəki vəziyyət ümumiyyətlə azad və ədalətli seçkiyə təminat vermir. Seçki qanunvericiliyi mürtəce məzmun daşıyır, seçki komissiyaları tamamilə hakimiyyətin nəzarətindədir, azad media sıradan çıxarılıb, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır, 160-dan çox siyasi məhbus hələ də həbsdədir, müxalif ictimai fəallar və siyasətçilər daimi təzyiq altındadır, siyasi qüvvələr üçün rəqabət mühiti yoxdur, ölkədə total polis nəzarəti və inzibati basqı hökm sürür. Belə vəziyyətdə cəmi 2 ay sonraya növbədənkənar seçki təyin etmək həqiqi seçki üçün mövcud olmayan imkanları bir az da aradan qaldırır.
Milli Şura bütün bunları nəzərə alaraq, bəyan edir ki, aprelin 11-nə təyin edilən seçki şousunuda iştirak etməyəcək və onun nəticəsini bəri başdan legitim saymır. Milli Şura ölkənin bütün demokratik qüvvələrini bu siyasi məzhəkədə iştirakdan imtina etməyə səsləyir. Milli Şura bəyan edir ki, hakimiyyətin növbəti dəfə qəsb edilməsi ilə barışmaq fikrində deyil və tezliklə buna qarşı etiraz mitinqlərinə başlamaq qərarı verəcək. Milli Şura Azərbaycan xalqını ayıq olmağa və öz hakimiyyətini formalaşdırmaq hüququnun əlindən alınmasına qanuni, dinc vasitələrilə müqavimət göstərməyə çağırır. Milli Şura həmçinin beynəlxalq birilikdən tələb edir ki, Azərbaycan xalqının öz təbii haqqından məhrum edilməsinə, Avropa Şurasının üzvü olan bir ölkədə hakimiyyətin açıq-aşkar qəsb olunmasına seyrçi qalmasın, Azərbaycanda demokratiya və azadlıqların təmin edilməsi naminə üzərinə götürdüyü öhdəliklərə uyğun, təsirli tədbirlərə əl atsın.
Oxunub: 1482