Taleh Bağırzadə ilə birgə həbs olunan üç nəfər Ali Məhkəməyə nə yazıb?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə, eləcə də 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olmuş polis əməliyyatında həbs olunan daha 16 nəfərin haqqındakı hökmə indi də Ali Məhkəmədə baxılır. Fevralın 22-də Ali Məhkəmədə bu iş üzrə ilk iclas keçirilib.
Nardaran hadisələrinə görə 10 ildən 20 ilə qədər cəza almış 18 nəfərin kassasiya şikayətinə hakim Şahin Yusifovun sədrliyilə baxılır.
Ali Məhkəmədə təqsirləndirilən şəxslərin heç biri iştirak etməyib. Hərçənd, hakim bildirib ki, onlardan üçü – Abbas Hüseynov, Abbas Quliyev və Şamil Abduləliyev Ali Məhkəməyə ərizə göndərib, kassasiya şikayətlərinə baxılarkən prosesdə iştirak etmək istədiklərini yazıblar. Hakim prokuror və vəkillərdən təqsirləndirilən şəxslərin ərizələri ilə bağlı fikirlərini soruşub.
Taleh Bağırzadə, Abbas Hüseynov və başqa bir neçə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı bildirib ki, Ali Məhkəmədə işin faktiki halları araşdırılmasa da, onların da iştirak etmək, sözlərini demək hüququ var: “Xahiş edirəm, onların iştirakı təmin olunsun”.
Digər iki vəkil Elçin Sadıqov və Zibeydə Sadıqova da eyni mövqedən çıxış edib.
Prokuror isə təqsirləndirilən şəxslərin iştirakına etiraz edib. Bildirib ki. Onsuz da Ali Məhkəmə işin faktiki hallarını araşdırmır, prosessual hüquq normalarına əməl olunub-olunmaması məsələsinə baxır.
Şahin Yusifovun sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən şəxslərin ərizəsini təmin edib. Növbəti məhkəmə iclasına onların gətiriləcəyi bildirilib.
Kassasiya şikayətlərini imzalayan vəkillərdən cəmi üç nəfər məhkəmədə iştirak edib: Fariz Namazlı, Elçin Sadıqov və Zibeydə Sadıqova. Hakim bildirib ki, digər vəkillərin naməlum səbəblərdən iştirak etmirlər. Amma vəkillər hakimlərin nəzərinə çatdırıb ki, bu işə çıxan həmkarlarından ikisinin fəaliyyəti dayandırılıb. Yalçın İmanovun Vəkillər Kollegiyasından xaric olunması, Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinin isə bir illik dayandırılması haqda qərar çıxarılıb. Kassasiya şikayətini imzalayan vəkillərdən Nemət Kərimli isə başqa bir işlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsində olduğundan gələ bilməyib.
Daha sonra vəkillər çıxış ediblər, onlar bu iş üzrə istintaq və məhkəmə dövründə yol verilmiş pozuntulardan, təqsirləndirilən şəxslərin həbs olunarkən və ondan sonra iki ay ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalmasından danışıblar. Bildiriblər ki, bu iş üzrə istintaqda təqsirləndirilən şəxslərlə yanaşı, şahidlərdən də ifadələr təzyiq altında alınıb. Hətta həmin şahidlərə sonradan o ifadələrdən imtina etməmələri, Taleh Bağırzadənin əleyhinə ifadə vermələri üçün məhkəmə dövründə də təzyiq olunub. Şahidlər məhkəmədə ifadə verməmişdən öncə polis idarəsinə çağrılıb, orada hədələnib. Xəbərdarlığa məhəl qoymayıb, məhkəmədə təqsirləndirilən şəxslərin əleyhinə ifadə verməyən şahidlər isə dindirmədən sonra polis tərəfindən saxlanılıb. Elə şahidlər vardı ki, onların özləri də həbsdə idi. Həmin şahidlər məhkəməyə gətirilməmişdən öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları istintaq təcridxanasına gedib, onlara xəbərdarlıq ediblər ki, məhkəmədə Taleh Bağırzadənin əleyhinə ifadə verib, onun dövlət çevrilişi hazırladığını desinlər.
Vəkillər daxili işlər naziri Ramil Usubovun şahid qismində dindirilməsi haqda qaldırdıqları vəsatət və ondan sonra baş verənlərdən də danışıblar: “Ramil Usubovun Nardaran əməliyyatı ilə bağlı açıqlaması olmuşdu. Orada ziddiyyətlər var idi. Məsələn, Nardaran əməliyyatında 2 polis, 4 yerli sakin qətlə yetirildiyi halda, nazir bildirmişdi ki, “beş nəfəri məhv elədik”. Beş nəfər yerli sakin nəzərdə tutulurdu. İş materiallarında dörd nəfərdən söhbət gedir. Bəs beşinci kim idi? Nazir bildirmişdi ki, bu əməliyyat prezidentin göstərişi ilə keçirilib. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə idarəyə əməliyyat məlumatı daxil olması və bunun əsasında əməliyyat keçirmələri haqda ifadə veriblər. Bu və başqa ziddiyyətləri araşdırmaq məqsədi ilə biz məhkəmədə nazirin dindirilməsi haqda vəsatət qaldırdıq. Bundan sonra təqsirləndirilən şəxslərə və vəkillərə qarşı hücum dalğası başladı. Televiziyalarda bu işə çıxan vəkillər “xüsusi təyinatlı vəkillər” adlandırıldı. Daxili İşlər Nazirliyinin mətbuat katibi məhkəmə başa çatmadan bəyan etdi ki, təqsirləndirilən şəxslər ağır cəza alacaq və s. Deyildiyi kimi də oldu, həmin işə çıxan vəkillərdən ikisinin fəaliyyətini dayandırdılar. Qalan vəkillər də eyni aqibəti yaşamaq təhlükəsi ilə üz-üzədir. Təqsirləndirilən şəxslərə də 10 ildən 20 ilə qədər ağır cəzalar verildi”.
Vəkil Zibeydə Sadıqova Nardaran əməliyyatında təqsirləndirilən şəxslərdən tapıldığı iddia olunan silahlar haqda danışıb. Bildirib ki, cinayət işinin materiallarında həmin silahların Rusiyadakı zavodlarda istehsalı olduğu yazılıb. Həmin zavodlara göndərilmiş vəkil sorğusuna cavab olaraq bildirib ki, onlar belə silah istehsal etməyiblər.
Müdafiəçilər deyir ki, Nardaran əməliyyatına rəhbərlik etmiş əsas fiqur – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanov dindirilməyib.
Vəkillər Müsəlman Birliyi Hərəkatının cinayətkar birlik, terror təşkilatı kimi qələmə verilməsinə də münasibət bildirib. Qeyd olunub ki, bu təşkilat təsis olunandan sonra dövlət qeydiyyatından keçməsi üçün Ədliyyə Nazirliyinə müraciət olunub: “Sənədlərdə müəyyən çatışmazlıqlar olması səbəbi ilə geri qaytarılıb. Özü də iki dəfə müraciət olunub. Hansı terror təşkilatı yaradılandan sonra qeydiyyatdan keçmək üçün dövlət orqanına müraciət edir?”
Təqsirləndirilən şəxslərdən tapıldığı iddia olunan “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabçadan da danışıblar. Bildiriblər ki, nəinki təqsirləndirilən şəxslərdən həmin kitabçalar çıxmayıb, ümumiyyətlə, elə bir kitabça mövcud olmayıb. Onu Nardaran əməliyyatından sonra hüquq-mühafizəm orqanlarının əməkdaşları hazırlayıb: “Təsəvvür edin, o kitabçada 26 noyabr hadisəsindən bəhs olunur. Əgər əvvəlcədən o kitabça olubsa, Taleh Bağırzadəgil hardan bilirdilər ki, 26 noyabrda belə bir əməliyyat keçiriləcək?”
Vəkillər çıxışlarının sonunda təqsirləndirilən 18 nəfər barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dörd əməkdaşı – Kərim Əlimərdanov, İslam Ağabəyov, İbrahim Kazımov və Şahlar Cəfərov barəsində xüsusi qərar çıxarılmasını istəyiblər. Çünki təqsirləndirilən şəxslər həmin idarədə onlara işgəncə verən əsas şəxslər kimi onların adlarını çəkir.
Vəkillər həmçinin təqsirləndirilən şəxslərin həbs olunduqdan sonra iki aya yaxın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmasını, məhkəmə hökmü olmadan onların “terrorçu”, “cinayətkar” kimi təqdim olunmasını hüquq pozuntusu kimi qiymətləndirilməsini xahiş ediblər.
Martın 1-də keçiriləcək növbəti məhkəmə iclasında vəkil Nemət Kərimli və prosesdə iştirak edəcək üç nəfər təqsirləndirilən şəxs çıxış edəcək.
Azadliq.info
Oxunub: 880