Əbülfəz Bünyadov Nardaran dəhşətlərindən danışdı: “Bizi maşında meyitlərin üstünə yığmışdılar”
2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümünə səbəb olmuş polis əməliyyatı keçirilən evin sahibi, özü də həmin əməliyyatda güllələnərək iflic olmuş Əbülfəz Bünyadov bu gün məhkəmədə həmin gün yaşanan dəhşətli hadisələri danışıb. Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü olan Ə.Bünyadov öz məhkəməsində ifadə verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə Təcili Tibbi Yardım vasitəsilə xərəkdə gətirilib. Çünki tamamilə hərəkət qabiliyyətini itirib. Deyir ki, əvvəl heç əlini də tərpədə bilmirdi…
Əməliyyat zamanı dünyasını dəyişmiş iki polisin ölümünə görə qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama, terrorçuluq və s. maddələrlə ittiham olunan Ə.Bünyadov ittihamları rədd edib. Bildirib ki, nə Müsəlman Birliyi Hərəkatı cinayətkar təşkilatdır, nə də onlar terrorçudur, bu haqda ittihamda yazılanlar da, telekanallarda deyilənlər də şər-böhtandır: “Bizim təşkilatın mövqeyi, məramı aydındır – milli birlik, milli dəyərlərin qorunması… olub. Bizim nizamnaməmiz olub, orada heç bir radikal anlayış olmayıb, ola da bilməzdi. Biz vətənpərvərliyin təbliği üçün tədbirlər,
qanvermə aksiyaları keçirmişik, idman yarışları təşkil etmişik, şəhidlərlə bağlı yürüşlərimiz olub. Təşkilatın sədri Taleh Bağırzadə gözəl insandır, zəngin dünyagörüşü olan, savadlı ruhanidir. Mərd oğuldur, gözəl dostdur. Onun radikal çıxışı olmayıb”.
“Əməliyyat bərbad olduğuna görə çəkilişini üzə çıxarmırlar”
Noyabrın 26-da baş verənlər haqda danışan Ə.Bünyadov bildirib ki, həmin gün polislər əməliyyatı video ilə çəkiblər, amma həmin çəkilişləri üzə çıxarmırlar: “Necə vəhşilik elədikləri o çəkilişlərdə var. O qədər bərbad, qanunsuz əməliyyatdır ki, onu göstərmək mümkün deyil. Qarşılarına çıxanı ya mənim kimi güllələyirdilər, ya da avtomatın qundağı ilə vurub başını əzirdilər. Öldürəni öldürdülər, yaralayanı yaraladılar. Bizim evdə 30-a qədər adam vardı. Namaz vaxtı idi. Həm də İmam Hüseynin 40 mərasiminə hazırlıq idi. Ehsan yeməkləri bişirilmişdi…”
Taleh Bağırzadənin həmin gün onun evində olmasının səbəbi haqda danışan Ə.Bünyadov bunları deyib: “5-10 gün əvvəl gəlmişdi, dəqiq tarix yadımda deyil. Biz onunla uzun illərdir ailəvi dostuq. Bizdə qalması birinci dəfə deyildi”.
Ə.Bünyadov deyir ki, evlərindən silah-sursat tapılması haqda ittihamda yazılanlar böhtandır. O, evlərindən 13 ədəd odlu silah, 2000-dən artıq patron, əl qumbarası və s. çıxması haqda ittihamda yazılanlara belə cavab verib: “Elə şey ola bilməz”.
Ə.Bünyadov əməliyyat haqda da danışıb: “Namaz vaxtı polislər atəş aça-aça evə girdilər. Üzü maskalı idilər. Təxminən 30-40 nəfər olardılar. Səs-küyə bayıra çıxdıq.
Hadisə vaxtı anam, həyat yoldaşım, bacılarım, dörd körpə övladım da evdə olub. Mənim 5 yaşlı oğlum indi də bir az möhkəm səs gələndə qorxur, qışqırır. Uşaqlar güllə yarası almayıblar. Amma evimizin divarlarında kifayət qədər güllə yerləri var. Uşaqların şkafı var, onun üstündə də güllə deşikləri qalıb
Mənim yanımda cavan uşaq vardı, Abbas. Polislər ona güllə atmaq istəyəndə, dedim ki, atmayın, onun yaşı azdır. Təxminən 18 yaşı olardı. Belə deyəndə çevrilib mənə iki güllə vurdu. Mən güllə dəyəndən bir neçə saniyə sonra iflic oldum. Heç əllərimi tərpədə bilmirdim…”
“Əmim oğlunu maşında döyə-döyə öldürdülər”
Ə.Bünyadovun sözlərinə görə, polislər güllələyib öldürdükləri adamları saxlanılan şəxslərlə birlikdə mebel maşınında aparıblar: “Vurduqları adamları sürüyüb əvvəlcə həyətdə bir yerə yığdılar. Meyitləri, yaralıların bir hissəsini sonra maşına apardılar. Bizi də aparıb onların üstünə yığdılar. Necə heyvanı öldürüb maşında bir-birinin üstünə yığıb, aparıb tullayarlar, bizi də ölülərimizin üstünə yığdılar. Bəzi yaralıları isə həyətdə qoyub getdilər. Bəziləri də vardı ki, məsələn, Fərail, onu maşının içində döyə-döyə öldürdülər. Maşında mənim başım əmim oğlu Rəfaelin meyitinin dizinin üstündə idi. Əllərinə kim keçirdi, atırdılar maşına. Maşında avtomatın qundağı ilə sifətimə vuranda əmim oğlu Fərail etiraz elədi. Dedi ki, görmürsünüz, o adam tərpənə bilmir? Hərəkət eləyə bilmirdim, amma yenə də məni döyürdülər. Bundan sonra məni qoyub, onu döyməyə getdilər. Döyə-döyə öldürdülər.
“Həkimdən su istədim, mənə sillə vurdu”
Bizi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. İdarənin həyətində bizi maşından aşağı tullayırdılar. Hərəkət edə bilmirəm deyə, başıaşağı yerə tulladılar. Oradan idarənin zirzəmisinə apardılar. Paltarlarımı çıxarmışdılar, alt paltarında idim. Vəziyyətim yaxşı deyildi. Bir nəfər orada çay gətirdi ki, bədənim isinsin. Həkim gəlib təzyiqimi ölçdü, 50-30-a düşmüşdü. Oradan məni Daxili İşlər Nazirliyinin hospitalına apardılar. Orada ilk günlər həkimlər də sərt davranırdılar. Hətta bir dəfə həkimdən su istədim, məni sillələdi. Orada deyirdilər ki, biz efirdən eşitmişik, siz ölkədə teror eləmək, partlatmaq istəmisiz. Həmsöhbət olandan sonra dedilər ki, sizi başqa cür təsəvvür edirdik, nə yaxşı dünya görüşünüz, əxlaqınız var. Əvvəlki günlər sərt oldu, sonra dəyişdi. İki ay orada qaldım, nə vəkillə görüşə, nə ailə üzvlərimlə əlaqə saxlamağa imkan verilməmişdi. İki polisin nəzarəti altında saxlanılırdım, bəzi hallarda sərt təhqirlərlə üzləşirdim”.
Ə.Bünyadov hesab edir ki, Nardaran əməliyyatı əvvəlcədən hazırlanmış siyasi plan idi: “Hökumətin Taleh Bağırzadənin və ya Müsəlman Birliyi Hərəkatı ilə problemi vardısa, onu çağırıb, məsələni yoluna qoymaq olardı. Bu, əvvəlcədən hesablanmışdı ki, adamlar haqqında vəhşi görüntüsü yaratsınlar, əzsinlər. Dini ab-havaya qorxu yaratmaq məqsədi güdürdülər. Azərbaycanın bayrağının Nardarandan asılmasını qəhrəmanlıq kimi qələmə verirlər. Əvvəlki kadrlara baxın görün, Nardaranda Azərbaycanın bayrağı yox idi?”
“Polisləri özləri öldürüblər”
Ə.Bünyadov Nardaran əməliyyatında iki polisin ölməsi haqda da danışıb: “Polis bizim düşmənimiz deyil ki, biz onları öldürmək istəyək. Onlar bizə atəş açmadıqları üçün elə öz həmkarları tərəfindən öldürülüblər. Polislərin necə ölməsi məsələsinə ekspertiza kifayət qədər cavab verib. Ekspert rəy verib ki, qumbara partlaması nəticəsində ölüblər. Bu məsələ haqda Nardaran işi üzrə əvvəlki məhkəmələrdə də danışılıb. Niyə qumbaranın harada, necə partlaması haqda bu günə qədər heç bir məlumat yoxdur? Çünki belə hadisə olmayıb. Qumbara partlayan yerdə çala olmalıydı”.
Ə.Bünyadov ondan və digər təqsirləndirilən şəxslərdən tapıldığı iddia olunan “Taleh Bağırzadənin müraciəti” kitabçası haqda bunları deyib: “Onu mənə göstərəndə içindəkilərə baxıb güldüm. Onu hazırlayanlar gərək diqqət eləyəydilər ki, heç olmasa, əməliyyatdan əvvəlki hadisələri yazaydılar ora. Oradakı məqamların bir çoxu Nardaran əməliyyatından sonra baş verib. Ya Talehə Peyğəmbərlik verilib ki, o, sonra baş verəcək hadisələri əvvəlcədən görüb, bunu kitabçaya yazıb, ya da onu hazırlayanar çox avam olduğu üçün belə bir şeyi hazırlayıb, iş materiallarına əlavə ediblər”.
Bu iş üzrə məhkəmə martın 1-də davam edəcək.
Azadliq.info
Oxunub: 1360