Milli Şura sədri Cəmil Həsənli feysbuk səhifəsində 10 mart ümumxalq mitinqi ilə bağlı yeni yazı paylaşıb. Yazını təqdim edirik:
Dostlar! Siz bizdən birgə mitinq istəyirdiniz! Buyurun bu da birgə ümumxalq mitinqi. Sizin istəyinizə uyğun olaraq Milli Şura 11 aprel seçki məzhəkəsinə qoşulmayan və başlanğıcından qeyri-legitim məzmun alan İlham Əliyev – Məzahir – Əfruz xala seçkiərinin nəticələrini tanımayan Müsavat partiyasına, REAL hərəkatına, digər siyasi qurumlara ictimai hərəkatlara birgə ümumxalq mitinqi təşəbbüsü ilə müraciət etdi. Müsavat partiyası səsimizə səs verdi. REAl müzakirələri davam etdirir, NİDA gənclər təşkilatı aksiyaya qoşulmaq haqqında qərar verib. Bir sıra siyasi qüvvələr mitinqdə iştiraka müsbət yanışıb. Təşəkkürlər! Amma söz xalqındır. Əliyev rejimi tərəfindən əzilən xalqın, haqqı tapdalanan, sərvətləri talan edilən, dilənçi vəziyyətinə salınan, 25 ildən artıq torpaqları düşmən tapdağında olan xalqın.
Normal seçkisi olmayan, xalqın səsinə, millətin iradəsinə dayanmayan rejimlərin avtoritarlaşması, kleptokratiya çevrilməsi, sülalə rejiminə yuvarlanması labüddür. Biz öz ölkəmizin nümunəsində artıq bunu gördük. İki gün əvvəl 30-a yaxın müalicəyə ehtiyacı olan vətəndaşlarımız dövlət xəstəxanasında (əgər buna xəstəxana demək mümkünsə) yanıb külə döndülər. Ərazisi işğal olunmuş ölkənin müdafiə xərcləri əyri yollarla gizli ofşorlara daşınır. Torpaqları işğal altında olan ölkənin hökumət rəsmisi silah alverindən “şapka” alır. Bunları durdurmaq üçün xalqın iradəsi ortada olmalıdır. Xalqın səsinə dayanan idarəçilik formalaşmalıdır.
Bu gün Cümhuriyyət dəyərləri ciddi təhlükə altına düşüb. Xalqımızın böyük nailiyyəti olan bu dəyərləri Əliyevlərin ailə-klan təhlükəsindən xilas etmək gəncliyin borcudur, hər bir vətəndaşın görəvidir, millətin vəzifəsidir. Elə bu səbəbdən azad məmləkət arzusunda olan gənclərimiz və tələbələrimiz, normal həyat haqqına özünü layiq bilən vətəndaşlarımız, taleyin ümidinə buraxılmış pensiyaçılarımız, bir zamanlar cümhuriyyət bayrağını ucaltmış millətimiz 10 martda, saat 15-də “Məhsul” meydanında əzmini və iradəsini göstərməli, Əliyev rejiminin növbədənkənar seçki məzhəkəsinə yox deməlidir.
P.S. Bütün Vətənsevər gənclərdən rica edirəm hakimiyyətin qoltuğuna sığınmış biçarələrin mənə qarşı başladığı tərbiyəsiz kampaniyaya vaxt ayırmasınlar, əsas hədəfimiz 10 mart mitinqidir. Vaxtınızı və qüvvənizi mitinqin təbliğatına, onun təşkilinə yönəldin. Həmin “iddialı” gənclərin bəziləri 2013-cü ilin 9 oktyabrında seçki məntəqələrində bizi bir dönərə satdılar. YAP-ın dönəri ilə böyüyən uşaqlara baş qoşmağa dəyməz.
Oxunub: 518