“The Independent” yazır ki, Vladimir Putinin Federal Məclisdə ötən cümə axşamı etdiyi nitq son on ildə hər hansı dünya liderinin etdiyi ən qarşıdurmalı çıxış idi.
Lakin bir çox Qərb ekspertləri Putinin haqqında danışdığı silah proqramının ağlabatan olduğuna şübhə edirlər.
“The Independent” yazır ki, elə buna görə də Kreml prezidentin verdiyi bir çox bəyanatlardan dərhal da geri çəkilib.
Məqalədə deyilir ki, Putinin çıxışı zamanı nümayiş etdiridiyi animasiyalar adamlarda təsəvvür üçün çox az məkan buraxırdı. Bu animasiyalardan birində Rusiyadan qalxan yeni ballistik raket Qərbə doğru qanadlanırdı. Bu cizgi süjetlərindıən belə başa düşmək olardı ki, bu raket Amerikanın antiraket sipərlərinin böyründən sappa-suppa verərək uçur və okeanın o tayında adı çəkilməyən ölkəyə düşür.
Məqalədə deyilir ki, federal millət vəkilləri və başqa aparıcı rəsmilər mətləbi anlamışdlar və hətta bu multiplikasiya raketi hədəfə dəyməzdən əvvəl qımışmağa başlamışdılar.
Amma ötən cümə günü mətbuat üçün ənənəvi brifinqində Putinin sözçüsü Dmitri Peskov deyib ki, bu animasiyanın mənası səhv başa düşülüb. O bildirib ki, bu xəritələrin “real ölkələrlə heç bir əlaqəsi olmayıb”.
Putinin çıxışına beynəlxalq reaksiyalar dərhal verilib. Almaniya kansleri Merkel və Amerika prezidenti Donald Trump bu çıxışla bağlı narahatlıq ifadə ediblər.
Amma Peskov deyib ki, beynəlxalq icma çıxışı düzgün başa düşməyib. Onun sözlərinə görə, Putinin nitqi “konfrontasiyalı” olmayıb. Çıxışda sadəcə olaraq Rusiyanın potensial (hələ mövcud olmayan) texnoloji irəliləyişi nümayiş etdirilib.
Peskov deyib ki, yeni silahların təqdimatı bu çıxışı “militarist” ritorika dərəcəsinə qaldırmır.
Onun sözlərinə görə, əksinə, Rusiyanın yeni silahları dünyanın iki fövqəldövləti arasında “paritetə” nail olmaq məqsədilə verilən “məntiqi reaksiyadır”.
Peskov daha sonra deyib: “Biz düşmənin arsenalını darmadağın edəcək silahlar yaratmırıq, elə biz özümüz də onların bəzi silahlarının qarşısında müdafiəsizik”.
Londondakı Kral Müdafiə və Strateji Tədqiqatlar İnstitundan hərbi ekspert İqor Sutyagin “The Independent” qəzetinə deyib ki, Rusiyanın arqumentləri aldadıcıdır. ABŞ antiballistik raket sistemləri Sovetin qitələrarası raketlərindən müdafiə üçün layihələndirilməyib.
Ekspert bununla yanaşı bildirib ki, Putinin təqdimatını etdiyi bəzi silahlar hələlik yalnız “onun ürəyindən keçənlərdir”.
Praqadakı Beynəlxaql Əlaqələr İnstitutundan ekspert Mark Galeortti deyib ki, “bütün proqramların təkmilləşdirlməyə ehtiyacı var, amma bu çıxışdakılar tamamilə ağdır”.
“Nə baş verəcəksə, çox yavaş baş verəcək və bu silahların çoxu güman ki, Putin hakimiyyətdə olan müddətdə gerçəkləşməyəcək” – deyib Galeotti.
Kremlin keçmiş müşaviri və təhlükəsizlik eksperti Vladimir Frolov Putinin təqdimatını “blef” adlandırıb.
Onun fikrincə, bu cür “ekzotik” silahların nə vaxtsa işıq üzü görəcəyi şübhə doğurur.
Ekspert əlavə edib ki, bu əgər lap baş versə də strateji balansda dəyişikliyə səbəb olmayacaq.
“ABŞ sualtı nüvə dronlarının yeni nəslini yaratmaq yarışına girməyəcək, – deyib Frolov, – Çünki düzünü desək, bu cəfəng söhbətdir”.
Yeni silahların reallıq dərəcəsindən asılı olmayaraq bəlli olan budur ki, Putin son çıxışı ilə anti-Amerika ritorikasını keyfiyyətcə yeni mərhələyə qaldırıb. Amma bununla belə, qəzetin fikrincə, Rusiya prezidenti “Peskovun dili ilə” tez də geri çəkilib.
“Bu çıxşın ən mühüm hissəsi bu idi ki, “əvvəllər bizə qulaq asan yox idi, ola bilsin, indi qulaq asacaqlar”, – deyib Mark Galeotti, – Fundamental şəkildə ruslar zəif olduqlarını bilirlər. Bu isə uzunmüddətli inamsızlıq yaradır. Onların ritorikası real niyyətlərindən yox, seçimlərinin azlığından xəbər verir…” (BBC azeri)
Oxunub: 360