Bizim məhbəsdən çıxmağımız sizin azadlığınız üçün aparacağımız mübarizəyə bağlıdır
Bugün həm də onun günüdür… Gozəl Bayramlının… Azərbaycanda öz peşəkarlığı, istedadı, bacarığı ilə fərqlənən qadınlar çoxdur. Onların bir qismi tariximizin, bəziləri isə günümüzün qəhrəmanlarıdır. Amma bu xanımların arasında Gözəl Bayramlının da öz yeri var. “Fərdlər demokratiyanın bayrağıdır.” Bəli, bu fikirlər, əbəs yerə səslənməyib…
Bəs Gözəl Bayramlı adı bizə kimi xatırladır, nə deyir? Gözəl Bayramlı, ilk öncə öz dünyasından, hansı zorakılığa məruz qalmasından xəbərimiz olmadıqı halda, Azərbaycan cəmiyyətində qadın hüquqularının tapdanmasına etiraz edən ilk qadınlardan olub. Gözəl Bayramlı günümüzün Klara Setkinidir. O, hər zaman Azərbaycanda fundamental insan haqlarının bərqərar olmasının, demokratik, hüquqi dövlətin qurulmasının, söz azadlığının, hər bir vətəndaşın ona konstitusiya və qanunla verilmiş hüquqlarının bərabər şəkildə qorunmasının tərafdarı olub. Bu yoldan dönmədiyi üçün Gözəl xanım bu gün öz dövlətimiz tərəfindən girovluqdadır… Nə deyim? haradan başlayım və fikrimi necə yekunlaşdırım, bilmirəm… Gözəl Bayramlı müasir Azərbaycan cəmiyyəti üçün mübariz qadınlığın, azadlığın rəmzi və tarixdir. Eləcə də onun böyük ürəyi var. Gözəl Bayramlı haqqında çox danışmaq olar… Hətta ona bağlı olan fikirlərimdən, nə zamansa bir qəhrəmanlıq əsəri yazmaq istərdim..Çünki Gözəl Bayramlı adı hər bir Azərbaycan vətəndaşı üçün qorxmazlıq və mərdlik anlamına çevrilib. Gözəl xanım apardığı mübarizənin bir gün qalib gələcəyinə inandığı üçün tutduğu yoldan geri dönmür. O, geri qaytarmaq, məğlub etmək, qorxutmaq üçün dəfələrlə polis idarələrinə çağırdılar, həbs edəcəkləri ilə bağlı xəbərdarlıqlar etdilər. Hətta ölümlə təhdid etdilər. Gözəl Bayramlı isə haqq bildiyi yoldan, mübarizlik fikrindən daşınmadı. Rejimin qarşısında əyilmədi, sınmadı. Qətiyyətindən, ləyaqətindən imtina etmədi, əqidəsini dəyişmədi və susmadı. O, bizim, sizin, övladlarımızın və bütöv Azərbaycanın sağlam gələcəyi naminə, dövlətmizin azadlıqı uğrunda zamanla mübarizə apardı və sonda, amansız rejim bir qadını şərləyərək dəmir barmaqlıqlar arasına atmaqla, ondan qisas aldı.
Əslində bu, Gözəl Bayramlıya qarşı mübarizə aparanların özlərinin qorxalqlığını əks etdirirdi.
Gözəl Bayramlı, bütün çətinliklərə sinə gərməyi bacaran qadın olub, bunu indi də bacarır və bundan sonra da bacaracaq. Əgər biz o çətinliyə dözməyi bacarmırıqsa, özümüzdə iradə tapıb, cəsarət toplayıb, onun azadlıqını tələb etmiriksə, deməli biz onu qədər mübariz olmağı bacarmırıq. Bu mənada Gözəl Bayramlıdan örnək götürəcəyimiz çox şey var. Biz bu əzabı özümüzə necə rəva bilib, içimizdə daşıyırıq? Necə vicdanımız sızıldamadan, gecələr rahat uyuyur, gündüzlər isə cəmiyyət içinə çıxa bilirik? Necə də vicdan əzabı çəkmədən, insanların gözlərinə dik baxa bilir, heç diksinmirik də… Sanki bu hadisələr olmamış kimi davranırıq və sakit gülümsünürük… Heç bir dəfə də olsun bu sualı özümüzə vermişikmi? Amma içimizdə fırtınlalar qopur, dağılır və susur… İndi necə cəsarət edib, “Gözəl Bayramlı bayramın mübarək!”-deyə bilərik? Gözəl xanımı təbrik etmək üçün hər birimiz ilk növbədə, başımızı qaldırıb həqiqətin gözlərinin içinə dik baxmalıyıq. Gözəl Bayramlı üçün ən böyük təbrik, ən yaxşı hədiyyə isə həqiqət və ədalətdir…
Gözəl Bayramlı, biz qadınlar, siz azadlığa çıxdığınız gün sevinəcəyik və o zaman da bir-birimizi təbrik etməyi haqq edəcəyik, indi deyil… Çünki siz həbsxanada ikən, biz azadlıqda məhbəs həyatı yaşayırıq.
Ülviyyə Xəlil
Oxunub: 310