Bu gün Nəsimi Rayon Məhkəməsində Ağstafa rayonu ərazisində “Qoca” ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan taksi sürücüsü Məhəmməd Hacıyevin və müğənni Fədayə Laçının barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Qərara əsasən, hər iki şəxsin həbs müddəti daha 2 ay artırılıb.
Qeyd edək ki, məhbus Əli Ağami və digər məhbus, “Qoca” ləqəbli E.Məmmədov ötən oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.
Cinayət işi üzrə müğənni Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Vəkil Türkel Süleymanlı bildirib ki, Fədayə Məmmədova ilə bağlı qərardan apellyasiya şikayəti verilməyəcək: “Amma müvəkkilimin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyik”. (report)
Oxunub: 232