“İlk addımımızdır, amma bunun davamı da gələcək… Məqsədimiz səsimizi Azərbaycana eşitdirməkdir,” deyə natiq azərbaycanlı fəalların piketinin məramını açıqladı.
Çərşənbə günü Vaşinqton şəhərindəki Azərbaycan səfirliyinin binası önündə İlham Əliyev hökümətinə qarşı təşkil olunmuş etiraz aksiyasına onlarla adam qatılıb.
Üzlərinə “Vendetta” maskaları taxmış Amerikada yaşayan siyasi fəallar “Əliyevə müqavimət göstər, Azərbaycanı xilas et!”, “Azərbaycan xalqına azadlıq!”, “Eyni diktator, fərqli əsr”, “İnsan haqlarımızı qoruyun!” yazılmış plakatlar sərgiləyiblər.
Prezident İlham Əliyevin 11 aprelə təyin etdiyi erkən seçkilərin piketin əsas tənqid hədəfi olub. Eyni zamanda aksiyada azərbaycanlı siyasi məhbusların şəkilləri qaldırılıb, onların azad edilməsi tələb olunub,
ABŞ-da yaşayan azərbaycanlılar siyasi mühacirlərin Azərbaycandakı ailə üzvlərinin təzyiqlərə məruz qalmasını pisləyib, Əliyev hakimiyyətinin istefasını tələb ediblər.
“Başda İlqar Məmmədov, Əfqan Muxtarlı, Qiyas Məmmədov, Gözəl Bayramlı və digərləri olmaqla hazırda Azərbaycanda 200-dən çox siyasi məhbus var. Xaricdə yaşayan və vətənini sevən insanlar olaraq biz də buna qarşı etirazımızı bildiririk və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edirik.” deyə, nümayiş təşkilatçılarından biri bildirib.
Amerikanın Səsinin niyə maska taxdıqları barədə sualını cavablandıran bir aksiya təşkilatçısı bildirib ki, maskada istifadə etməyin əsas səbəbi ailələrinin təhlükəsizliyidir.
“Avropada keçirilən “Diktatora yox deyək” aksiyalarından sonra həmin insanların qohumlarına qarşı təzyiq göstərməyə başlandı. Gələcəkdə də bu cür aksiyaları davamlı olaraq keçirmək istədiyimiz üçün Azərbaycanda yaşayan ailələrimizi təhlükə altında qoymaq istəmirik.”
İki saata yaxın davam edən etiraz aksiyası sonda Azərbaycan himinin səsləndirilməsi ilə başa çatıb.
Azərbaycanda siyasi repressiyaya etiraz edən aksiyalar son həftələrdə Avropanın bir sıra şəhərlərində keçirilib. Vaşinqtondakı piket bu sıradan ABŞ-da təşkil olunmuş ilk belə tədbir idi.
Vaşinqtonda yerləşən Azərbaycan səfirliyinin qarşısında ABŞ-da yaşayan azərbaycanlılar etiraz aksiyası keçirir.
Publicerat av Amerikanın Səsi den 14 mars 2018
Oxunub: 1412