Dövlət büdcəsinin qaranlıq xərcləri
2018-ci ilin dövlət büdcəsinin qaranlıq xərc maddələrindən biri də əsas bölməyə aid edilməyən xidmətlərdir. Bu il üçün bu xərc bölməsinin məbləği 1,5 milyard manata qədər təsdiq olunub. Görünən odur ki, onun 333 milyon manatı “Avtomobil yolları” məqsədli büdcə fonduna, 300 milyon manatı isə ehtiyat fondlarına yönəldiləcək Ehtiyat fondunun 200 milyon manatı prezidentin, 100 milyon manatı da büdcənin payına düşür. Yerdə qalan 862,2 milyon manat vəsait isə əsas bölməyə aid edilməyən sair xərclər adı ilə rəsmiləşdirilib. Bu xərc köməkçi bölməsinin açılışından bəlli olur ki, həmin vəsaitin 20 milyon manatı beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə, bir o qədəri də fövqəladə halların nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.
Burda diqqətinizi iki məqama yönəltmək istərdim. Birincisi, digər xidmətlər üzrə xərclər adı ilə kodlaşdırılan 822,2 milyon manatın heç bir (nə iqtisadi, nə funksional və nə də inzibati) təsnifatı verilməyib, yəni bilinmir ki, bu qədər vəsait hara, necə və kim tərəfindən xərclənəcək. Dövlət büdcəsinin 4 faizinə çatan bu vəsaitin açılışının olmaması potensial olaraq korrupsiyaya yol açır. Müqayisə üçün qeyd edim ki, dövlət büdcəsi şəffaf olan ölkələrdə sair xərclərin cəmi xərclərdə payı 1 faizdən aşağı olur.
İkincisi, ən azı 20 milyon manat mənasız tədbirlərə xərclənəcək. Belə tədbirə dəvət olunan və yüksək səviyyəli qonaq kimi təqdim olunanların çoxu təmsil etdikləri ölkələrində nüfuzunu itirən köhnə siyasətçilərdir. Hesab edirəm ki, Azərbaycanın bu kimi tədbirlərə ev sahiblik etməsi büdcə vəsaitlərindən səmərəsiz istifadəyə yol açır. Adətən belə tədbirlər dövlət vəsaitləri hesabına deyil, donorların və beynəlxalq qeyri-hökumət təşkilatların dəstəyi ilə keçirilir. Odur ki, bu praktikaya son qoyulmalı vergi ödəyicilərinin vəsaitləri və ya neft pulları bu adla havaya sovrulmalı deyil.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
Oxunub: 418