Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabından növbəti parçanı feysbuk səhifəsi üzrəindən oxucuların diqqətinə çatdırıb. Bu dəfəki parçada ötən əsrin 60-cı illərində DTK-nın dinə qarşı mübarizəsindən bəhs olunur. Yazını təqdim edirik:
Dövlət Təhlükəsizliyi Komitəsinin “Yasin Surəsi” əməliyyatı
50-cı illərin ikinci yarısında başlanan liberal islahatları respublikada dinin güclənməsi ilə müşayiət olunurdu. 1959-cu ilin yayında respublikada yeni rəhbərlik formalaşdıqdan sonra həmin ilin oktyabrında Zaqafqaziya müsəlmanları ruhani idarəsinin V qurultayı keçirildi. İdarənin qurultayda seçilən 7 üzvündən 4 şiə, 3-ü isə sünni dindarların nümayəndələri idi. Şiə təriqətin təmsil edənlər ruhani idarənin rəisi Şeyxülislam Mirmöhsün Həkimzadə, “Təzə pir” məscidinin axundu Molla Əliağa Süleymanzadə, Maştağa məscidinin axundu Mir Əbdül Xalıq Mir Əbdül Baqizadə, Bakıdan olan din xadimi Hacı Şıxəli Yaxşıbəyov, sünü təriqətini təmsil edənər isə Zaqafqaziya müsəlmanları ruhani idarəsi sədrinin müavini müfti Şərif Əfəndi Vəlizadə, Batumi məscidinin imamı Həsən Əfəndi Tarieladze, Tbilisi məscidinin imamı Nurulla Əfəndi Bekyaşevdən ibarət idi. Zaqafqaziya müsəlmanları ruhani idarəsinin bu nisbətdə formalaşdırılması Azərbaycanda və qonşu Zaqafqaziya respublikalarında məzhəb etiqadının nisbətinindən irəli gəlirdi. Respublika Nazirlər Soveti yanında Dini İşlər Müvəkkilliyinin araşdırmalarına görə 60-cı illərin ortalarında Azərbaycanın şərq, cənub və qərb rayonlarında məskunlaşmış müsəlman əhalinin təxminən 3\5-nü (beşdə üçünü) şiə məzhəbinə itaət edənlər təşkil edirdi. Sünni məzhəbinə itaət edənlər isə əsasən Dağıstan MSSR sərhədlərdə yerləşən şimal rayonlarında məskunlaşmışdılar. Dini İşlər Müvəkkilliyinin məlumatına görə respublikanın qərb rayonlarında dindarlığın səviyyəsi aşağı idi və ümumiyyətlə, Qazax, Tovuz, Şamxor, Gədəbəy, Xanlar və Qasım İsmayılov rayonlarında nə dövlət qeydiyyatına alınmış, nə də alınmamış məscidlər yox idi. Sənəddə respublikanın cənub rayonlarda dindarlığın səviyyəsinin yüksək olduğu bildirilir və bu, İranın təsiri ilə izah edilir və göstərilirdi ki, Masallı, Lənkəran və Ordubad kimi cənub rayonları həm keçmişdə, həm də hazırda molla, mərsiyəxan və rozaxanlar hazırlayan əsas mərkəzlərdir. Bununla belə, sənəddə qeyd edilirdi ki, şiələrlə müqayisədə sünni əhali arasında dini ayinlərin icra olunması daha yüksəkdir və Balakən, Zaqatala, Nuxa sünni məscidlərində, Göyçay, Xaçmaz və Bakının “Əjdərbəy” qarışıq məscidlərində ibadət edənlərin sayı şiə məscidlərində ibadət edənlərin sayından böyükdür. Müvəkkilliyin müşahidələrinə görə respublikada dindarların 80-90 faizi 50 yaşından yuxarı olan adamlar idi və onların 60 faizini qadınlar təşkil edirdi, eyni zamanda məhərrəmlik mərasimində, xüsusi ilə Aşura günü məscidlərə gələnlərin böyük əksəriyyətin qadınlar təşkil edir. Arayışda ziyalıların dini ayinlərdən uzaq olduğu göstərilirdi və “Təzə pir” məscidində ibadət edənlərin içərisində yalnız bir həkimin və bir neftçi mühəndisin olduğu göstərilirdi və hər ikisinin yaşının 70-dən yuxarı olduğu qeyd edilirdi.
Sov. İKP-nin XX qurultayından sonra sosial-siyasi həyatda baş verən dəyişikliklər dini dəyərlərdən də yan keçməmiş, dini ayinlərin icrası bir qədər sərbəstləşmiş, ümumilikdə dini etiqadlara maraq artmışdı. Vəli Axundov respublikada dinə marağın artmasını ziyalıların ateizm təbliğatında passiv iştirakı ilə izah edirdi. Uzun illərin qadağasından sonra bir sıra rayonlarda və Bakı kəndlərində məhərrəmlik mərasimləri açıq qeyd edilməyə başlamışdı. Hətta bəzi yerlərdə Aşura günü keçirilən dini mərasimlərə 5 minə qədər adam toplaşırdı. Belə hallar özünü daha çox Naxçıvan, Noraşen, Ordubad, Culfa rayonlarının yaşayış məntəqələrində və Bakı kəndlərində göstərirdi. 1962-ci ilin Aşura mərasimlərində özünə xəsarət yetirən, başını yaran insanlar içərisində kommunistlər və komsomolçular da qeydə alınmışdı. 1962-ci ilin may ayında məhərrəmlik təziyəsinən əvvəl Zaqafqaziya müsəlmanları ruhani idarəsi “məhərrəmül həram təziyəsinin” aparılması haqqında məsələni müzakirə edib məscidlərin axund, rozaxan və icraiyyə orqanlarına göstərişlər vermişdi. Orada göstərilirdi ki, “məhərrəm, yəni İmam Hüseyn əleyhissəlamın şəhadəti təziyəsinin yalnız məscid binasının daxilində, bu məsələyə layiq, sakit və mədəni şəraitdə, dini və dövlət qanunlarını pozmadan aparmaq, dindarlar tərəfindən baş yaramaq, zəncir vurmaq, çılpaq sinə vurmaq kimi adətlərə yol verməmək…, məscidlərin rəsmi ruhani xadimi olmayan şəxsləri məsciddə və başqa yerlərdə ruhani vəzifəsini aparmağa, roza oxumağa icazə verməmək…, məscidlərdə böyük nəzir verməyə dindarları vadar etməmək və onları mültəfit etmək lazımdır ki, böylə nəzirlərin verilməsi məcburi deyildir, matəm günlərində və qeyri günlərdə uşaqların, məktəblilərin və gənclərin məscidə buraxılmasına yol verməmək” lazımdır.
Kamo (Simon Arşakoviç Ter-Petrosyan) küçəsi 70 ünvanında yerləşən Qafqaz Müsəlmanları İdarəsinə 60-cı illərin ortalarına qədər şeyxülislam Mirmöhsün Həkimzadə başçılıq edirdi. O, 1954-cü ildə Şeyxülislam Axund Ağa Əlizadənin vəfatından sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin qurultayında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilmişdi. Həkimzadə Məşhəd, Xorasan və Nəcəf kimi şiə mərkəzlərində mükəmməl dini təhsil almışdı. O, 1928-ci ildə Sovet xüsusi idarələri tərəfindən həbs edilmiş və dini ədəbiyyatdan ibarət olan kitabxanası müsadirə edilmişdi. Lakin 6 aydan sonra Həkimzadə azadlığa çıxmış və Bakıda müxtəlif idarələrdə fəhlə işləmişdi. 1944-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bərpa edildikdən sonra Mirmöhsün Həkimzadə ruhani idarənin sədr müavini seçilmişdi və 1954-cü ilə qədər bu vəzifədə işləmişdi. Axund Ağa Əlizadənin vəfatından sonra Zaqafqaziya müsəlmanlarının qurultayı çağırılmış və böyük səs çoxluğu ilə Şeyx Mirmöhsün Həkimzadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilmişdi. O, Stalinin ölümü və XX partiya qurultayından sonra Sovet cəmiyyətindəki nisbi azadlıqlardan istifadə etməyə cəhd göstərir, yeni məscidlərin açılmasına, bir sıra məscidlərdə azanların minarələrdən verilməsinə, yeni mədrəsələrin tikilməsinə nail olmağa çalışırdı. 1967-ci ilə kimi Şeyxülislam olan Həkimzadə yüksək natiqlik bacarığına malik idi və din xadimləri, dindar müsəlmanlar arasında böyük nüfuzu vardı.
1945-1946-cı illərin Güney Azərbaycan hadisələrindən sonra İranla sərhədlər qapalı olsa da, İranın dini və siyasi dairələri bütün vasitələrlə Azərbaycanda şiəliyi gücləndirməyə çalışırdılar. 60-cı illərin yumşalması zəminində İrandan gələn müxtəlif nümayəndə heyətlərinin təbliğatında və rəsmi yazışmalarda bu açıq-aydın hiss edilirdi. Onlar məzhəb təəssübkeşliyi zəminində Azərbaycanı İranın dini-ideoloji nəzarətində saxlamağa cəhd göstərirdilər. İmam Əlinin doğum günü ilə bağlı İranın Moskvadakı səfiri Adəmiyyan şeyxülislam Mirmöhsün Həkimzadəyə göndərdiyi təbrik teleqramında deyilirdi: “Hörmətli islam və xalqların sığınacağı Şeyxülislam şeyx Möhsün Həkimzadə həzrətlərinə. Dindarların ağası və şiələrin rəhbəri Əli Əlehüssəlamın təvəllüdü bayramınızı Sizin müqəddəs olan hüzurunuzda təbrik edirəm, Cənabınızın səlamətliyini, ömür və izzətinizin daimi olmasını həmişə arzu edirəm.”
Mirmöhsün Həkimzadənin vəfatından sonra ruhani idarəsi bir müddət sədrsiz qalsa da 1968-ci ildə Zaqafqaziya müsəlmanlarının IV qurultayında 20 ilə yaxın “Təzə pir” məscidinin axundu işləyən 83 yaşlı Əliağa Süleymanzadə ruhani idarəsinin sədri seçilmişdi. O, 1885-ci ildə Bakının Novxanı kəndində doğulmuş, ilk təhsilini kəndin mollaxanasında almış və Bakıda dini mədrəsə də oxumuşdu. 1911-1915-ci illərdə Süleymanzadə Məşhəddə, 1915-1919-cu illərdə isə Nəcəfdə ali ruhani təhsili almışdı. O, Azərbaycana döndükdən sonra 10 ilə yaxın Bakıda “Hacı baba” məscidinin mollası işləmiş, 30-cu illərdə dinə qarşı təqiblər gücləndikdən sonra Xalq Daxili İşlər Komissarlığı tərəfindən nəzarətə götürülmüş və ruhani fəaliyyətinə icazə verilməmişdi. Həmin dövrdə Süleymanzadə Bakının müxtəlif idarə və kommunal müəssisələrində gecə gözətçisi işləmişdi. 1944-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bərpa edildikdən sonra o, yenidən ruhani fəaliyyətinə qayıtmış, bir müddət “Təzə pir” məscidinin axundu işləmiş və 1968-ci ildə 10-cu Şeyxülislam seçilmişdi. Süleymanzadə 1978-ci ildə vəfatına qədər ruhani idarəsinə rəhbərlik etmiş, SSRİ və dünya müsəlmanlarının 1970-1971-ci illərdə Daşkənd, 1974-ci ildə Səmərqənd konfranslarının çağırılmasının əsas təşəbbüsçülərindən və fəal iştirakçılarından biri olmuşdu.
Dövlət təhlükəsizliyi orqanlarının başlıca hədəflərindən birini dinə qarşı mübarizə təşkil edirdi. Dini təşkilatların içərisinə agentlərin yeridilməsi, dini dairələrdə gedən proseslərə nəzarət edilməsi, dini ədəbiyyatın yayılmasının qarşısının alınması DTK-nın fəaliyyət dairəsinə daxil idi. 1959-cu ilin dekabrında Azərbaycan təhlükəsizlik orqanlarının keçirdiyi “Yasin surəsi” əməliyyatı bunun bir nümunəsi idi. Həmin ay Azərbaycan KP MK respublika DTK-na tapşırıq vermişdi ki, Bakı şəhərində gizli şəkildə kiril əlifbası ilə ərəb dillində kustar üsulla çap edilən “Yasin surəsi” kitabçası yayılır, bunun harada çap olunduğun müəyyənləşdirmək lazımdır. DTK dərhal dini dairələrə yerləşdirdiyi “Yararlı” və “Məmmədov” agentlərini xüsusi tapşırıqla işə qoşdu. Çox qısa vaxtda “Yararlı” müəyyənləşdirdi ki, “Yasin surəsi” kitabçasının satışı ilə 1884-cü il təvəllüdlü Məmmədbağır Süleyman oğlu məşğul olur və o, kitabçaları çəkməçi Səfərəli Əliyevdən alır. Lakin agentura şəbəkəsi aydınlaşdırdı ki, S. Əliyev də dini ədəbiyyatı Bakı şəhəri Müqtədir küçəsində yaşayan təqaüdçü Aslan Əliyevdən alır. Dekabr ayının 26-da keçirilən əməliyyat zamanı hər üç şəxs “təsadüfən” saxlanıldı və məlum oldu ki, dini ədəbiyyatı Bakı şəhərində yaşayan 1918-ci il təvəllüdlü “Aznefttəchizat”ın işçisi Həbib Dadaş oğlu Almazov nəşr edir. Əməliyyat tədbirləri nəticəsində Almazov bilavasitə “Yasin surəsi” kitabçasını kustar yolla nəşr edərkən saxlanıldı, ondan 22 hazır kitabça və çap avadanlığı müsadirə edildi. Almazov izahat verdi ki, ailəsinin maddi ehtiyaclarına görə 1959-cu ilin sentyabrından bu işlə məşğul olur. Hər dörd şəxs profilaktik söhbətdən sonra azad edilsələr də, Almazov uzun müddət DTK-nın nəzarətində saxlanıldı.
1960-cı ildə DTK-nın Lənkəran şəhər müvəkkilliyi Separadı kəndində qeyri-leqal molla kimi fəaliyyət göstərən Məzahir Soltan oğlu Tağıyevə qarşı əməliyyat keçirdi. Əməliyyata qədər dövlət təhlükəsizliyi orqanları Tağıyev haqqında geniş məlumat hazırlamışdı. Orada göstərilirdi ki, müharibə dövründə o, vətəni sataraq alman faşistlərinə xidmət edib və “milli legionda” molla işləyib. Azərbaycana döndükdən sonra Tağıyev bu əməlinə görə mühakimə edilib və “cəzasını çəkdikdən sonra Separadi kəndinə dönüb parazit həyatı keçirərək qeyri-leqal dini fəaliyyətlə məşğul olub.” DTK-nın təşkilatçılığı ilə 1960-cı ildə molla Məzahir haqqında ifşaedici “Arı” radio verilişi efirə getdi, onun haqqında “Kirpi” jurnalında felyeton, “Leninçi” rayon qəzetində məqalə dərc olundu. Sonra isə Lənkaran şəhər partiya komitəsinin köməkliyi ilə bu yazıların Məzahir Tağıyevin yaşadığı Separadı kəndinin Kirov adına kolxozda müzakirəsi keçirildi. Müzakirədə Tağıyevin dini təbliğatla məşğul olması, “ictimai faydalı əməklə” məşğul olmaması kəskin tənqid edildi, ondan vəd alındı ki, dini fəaliyyətlə məşğul olmayacaq və kolxozun “vicdanlı zəhmətkeşi olacaq”. DTK orqanları Tağıyevin iclasdakı “etiraflarının” televiziya ilə verilməsinə nail oldular.
1960-cı ilin avqustunda “Literaturnaya qazeta” Quba rayonunda məhərrəmlik mərasimi, insanların özünə zəncir vurması, baş yarması və sair dini mərasimlər və rayonun partiya, sovet, komsomol orqanlarının, “Qızıl Quba” qəzetinin həmin mərasimlərə laqeyd münasibəti haqqında yazı vermişdi. Yazıda rayonda bir ağacın müqəddəsləşdirilməsi və adamların ondan əlac diləməsi, pirlərə nəzir verilməsi halları təsvir edilirdi. Yazıdakı məlumatdan aydın olur ki, rayon partiya komitəsi “müqəddəs” ağacı kəsməyə qərar verir və şöbə müdiri ilə rayon qəzetinin redaktorunu milisin müşayiəti ilə ora göndərir. Onlar ağacın kəsilməsi ilə bağlı bağbana göstəriş versələr də, lakin bağban Allahın qəzəbindən qorxduğunu deyib iti baltana onlara uzadır və deyir ki, buyurun özünüz kəsin. Qəzet sual edir ki, siz bu halda necə hərəkət edərdiniz? Yəqin ki, baltanı götürüb ağacı kəsər və bununla da hamının gözü qabağında dini cəfəngiyatın kökünə balta çalardınız. Amma belə olmur, rəhbər partiya işçiləri Allahın qəzəbindən qorxub ağacı kəsmir və “müqəddəs” ağac öz yerində qalır, molla zəfər çalır, mətbuat və təbliğat şöbəsi susur.
60-cı illərdə ateizm təbliğatı gücləndikcə dinə maraq da güclənirdi. Hələ 1958-ci ilin oktyabr ayında Sov. İKP MK katibliyi “Elmi ateizm təbliğatının çatışmazlıqları haqqında” qərar qəbul etməsinə baxmayaraq dinə maraq ildən ilə güclənməkdə idi. 1961-ci Sov. İKP-nin XXII qurultayındakı məruzəsində Xruşşov bildirmişdi ki, əhalinin bütün təbəqələri və qruplarını əhatə edən elmi ateizm tərbiyəsi sistemini qurmaq lazımdır. Həmin qurultayda qəbul edilən nizamnamədə dini qalıqlara qarşı mübarizə kommunistin mühüm vəzifələrindən bir elan edilmişdi. 1962-ci ilin məhərrəm matəminə qarşı tədbirləri əlaqələndirmək uçun Kirovabad şəhərinə ezam edilmiş Dini müvəkkilliyin böyük təlimatçısı Q. Əsədullayevin məlumatına görə şəhərin partiya, sovet, komsomol və təhlükəsizlik orqanlarının əməkdaşları məhərrəmlik mərasiminə mane olmaq üçün xüsusi qərargah yaratmış və dini obyektləri nəzarətə götürmüşdülər. Gənclərin və məktəblilərin Aşura günü “Göy İmam” məqbərəsinə getməsinin qarşısını almaq üçün şəhər DTK-nın rəis müavini Eçkalovun, əməliyyat müvəkkili Kərimovun iştirakı ilə hər məktəbdən 4 müəllim, şəhər komsomol komitəsindən ayrılmış 16 drujinaçı məqbərənin ətrafında növbə çəkməli idilər. Lakin görülən tədbirlər bir nəticə vermədi, DTK əməliyyatçılarının məlumatına görə Aşura günü “Göy İmam” məqbərəsinə gələnlərin sayı 12 min nəfərə çatmışdı və bunların əksəriyyəti 18-35 yaş arası gənclər idi. DTK əməkdaşları iyun ayının 12 və 13-də məqbərəyə gələn bütün avtomobillərin dövlət nömrələrini qeyd etmişdilər. Kirovabad şəhər partiya, sovet, komsomol, DTK və respublika Dini İşlər Müvəkkiliyi tərəfindən həyata keçirilən eyni təqiblər 1965-ci ilin məhərrəmlik mərasimində də müşahidə edilmişdi. Kirovabad şəhər DTK aparatının rəisi Məmmədəli Saracovun təşəbbüsü ilə Şamxor və Qasım İsmayılov istiqamətindən “Göy İmam” və digər Gəncə məscidlərinə gələn yollarda avtomobil müfəttişlərinin sayı artırılmış, ziyarətçilərə süni maneələr yaradılmışdı. Lakin bütün maneələrə baxmayaraq may ayının 12-də Aşura günü “Qazaxlar” məscidini 4 min, “Göy İmam”a 10 min dindar toplanmış, 400 avtomobil adamların Bakı, Bərdə, Mirbəşir, Nuxa, Yevlax, Qasım İsmayılov, Qazax, Tovuz və Gürcüstanın bir sıra rayonlarından məscidlərə daşınmasında iştirak etmiş, bunlardan 218-nin nömrə nişanları DTK orqanları tərəfindən qeydə alınmışdı.
1965-ci ilin may ayında Bakı məscidlərində də keçirilən məhərrəmlik mərasimlərində eyni mənzərə müşahidə edilirdi. Aşuru günü “Təzə pir” məscidinin həyətinə gün ərzində 4500 nəfər dindar toplanmışdı. Oktyabr rayon partiya komitəsinin məsul işçiləri, milis şöbəsi və DTK orqanları məscidin ətrafında səfərbər edilmişdi. Rayonun 199 və 170 nömrəli məktəbin müəllimləri məscidin girişində dayanıb uşaqları mərasimə aparmamaq üçün valideyinləri “dilə” tuturdular. Bir dindar qadın uşağı məscidə keçirmək istəyərkən müəllimlər ona mane olmağa çalışdılar. Lakin yaxında dayanan dindarlar müəllimlərə xəbərdarlıq etdilər ki, “valideyinlərə öz uşaqlarını məscidə gətirmələrinə mane olmasınlar. Bilavasitə onları bura gətirmək lazımdır, çünki məhz, uşaqlar bizim islam dinini bizdən nümunə götürüb əsrlər böyü şərafətləndirəcəklər.” May ayının 12-nə təsadüf edən Aşura gününə “Əjdərbəy” məscidinin həyətinə gün ərzində 2700 nəfərə yaxın dindar gəlmişdi. Hər iki məsciddə dindarların kiçik qrupları tərəfindən zəncir vurmağa cəhdlər edilsə də, məscid rəhbərliyi, milis və təhlükəsizlik orqanları buna imkan vermədilər. Bütün bu maneələrə baxmayaraq Bakının əsas məscidləri olan “Təzə pir” və “Əjdərbəy” məscidlərinə məhərrəmlik mərasimlərində, xüsusi ilə Aşura günü gələnlərin sayı ilbəil artırdı. 1968-ci ilin aprel ayının 9-da günorta Bakı şəhəri və Oktyabr rayonu sovet, partiya, komsomol, milis, təhlükəsizlik işçilərinin gözü qarşısında “Qətl günü”nə 6, axşam “Şami qəriban” gecəsinə 7 min dindar toplaşmışdı. Dini İşlər Müvəkkilliyi Bakı və onun rayonlarında dindarlığın yüksək olmasını inqilaba qədər Bakıya İran Azərbaycanından on minlərlə fəhlənin və onların içərisində minlərlə dərviş, seyid “digər saqqallı mollaların” gəlməsi, habelə müsəlman ruhanilərinin böyük əksəriyyətinin İranın Məşhəd, Təbriz, Ərdəbil və Tehran kimi şəhərlərində təhsil almaları ilə izah edirdi.
Dövlət təhlükəsizlik orqanları müəyyən etmişdi ki, 1966-cı ildə “Göy İmam”a məhərrəmlik günlərində bir sıra vəzifəli şəxslər də gəlmişdir. Məlumatda qeyd edilirdi ki, “aprel ayının 30-da saat 15-də “Göy İmam” məqbərəsinə 71-51 KM nömrəli QAZ-69 maşını gəldi. Maşında yaxşı geyinmiş bir gənc qadın, mayor rütbəsində olan zabit və 6 yaşında qız vardı. Qadın maşından düşüb məqbərəyə tərəf girdi, öz nəzirini verib geri döndü. Zabit maşından düşmədi. Milis orqanları vasitəsi ilə müəyyən edildi ki, maşın Daşkəsən rayon hərbi komissarlığına məxsusdur, maşında olan mayor rayon hərbi komissarı Səfərov və həyat yoldaşıdır.”
Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər Müvəkkilliyinin hesablamalarına görə respublikanın azərbaycanlı əhalisi içərisində qadınların dindarlıq səviyyəsi yüksək idi. Orta hesabla dindarların 60 faiz, bəzi yerlərdə hətta 70 faizini qadınlar təşkil edirdi. Elə buna görə də ölkənin müsəlman üləmaları qadınları islamın dayağı hesab edir, uşaqların dini ruhda tərbiyə edilməsində onların rolunu yüksək qiymətləndirir, dini ayinlərin icrasında qadınların tələbkarlığını islama dayaq kimi şərh edirdilər. Vətəndaşlıq nikah aktlarından sonra molla vasitəsi ilə kəbin kəsilməsi, dini qaydada dəfn mərasimləri də bir çox hallarda qadınların tələbi vasitəsi ilə həyata keçirilirdi. 1959-cu ildə Azərbaycan SSR Xarici İşlər Naziri Mahmud Əliyev vəfat etdikdən sonra onun qohumları Zaqafqaziya müsəlmanları ruhani idarəsinə, şeyxülislam Həkimzadənin yanına gəlmiş, qiyabi cənazə namazının qılınmasın və mərhum üçün quran oxunmasını ondan xahiş etmişdilər.
60-cı illərdə təhlükəsizlik orqanları yalnız islam dinini deyil, respublikada yaşayan xristian, yəhudi dindarların və müxtəlif dini təriqətlərin nümayəndələrini də nəzarət altında saxlayırdı. Kirovabad şəhərində gizli şəkildə fəaliyyət göstərən “7 gün adventistləri” qrupunun fəaliyyəti DTK şəhər müvəkkilinin diqqətindən yayınmamışdı. 30 nəfərdən ibarət olan qrupa 1930-cu ildə doğulmuş orta təhsilli, yağ-piy kombinatının motoristi Anatoliy Noqa başçılıq edirdi. Dini təbliğatın təsiri altında qrupun üzvü 1936-cı il təvəllüdlü Yelena Bıkova komsomol sıralarını tərk etmiş və işdən çıxmışdı. Ümumi istirahət günü şənbəyə keçirilmədiyi üçün onun ardınca 1932-ci ildə doğulmuş Mara Tumasova və 1940-cı ildə doğulmuş Mariya Turbakova da istehsalatı tərk etməli olmuşdu. DTK-nın məlumatına görə adventistlər daha çox yetkinlik yaşına çatmayanlar arasında təbliğat aparır, onları öz təriqətlərinin təsirinə salmağa çalışırdılar. İyul ayının 2-də şəhər partiya komitəsinin razılığı və “Kirovabad fəhləsi” qəzetinin müxbirinin iştirakı, milis orqanlarının yardımı ilə keçirilən əməliyyat zamanı adventislərin qeyri-leqal ibadətində 10 uşağın iştirakı aşkar edilmiş və onların şəkilləri çəkilmişdi. Toplanan materiallar və fotolar əsasında “Kirovabad fəhləsi” qəzeti iyul ayının 10-da “Keçmişin qara ləkəsi” adında yazı dərc etmişdi. DTK orqanlarının apardığı söhbətlərin “nəticəsi” olaraq keçmiş qrup üzvləri Tkaçuk və Neverova iyul ayının 29-da “Bakinskiy raboçiy” qəzetində “Din tiryəkinin göz yaşı şəbəkəsi” adlı yazı ilə çıxış etdilər. Az sonra bu yazı Kirovabad qəzetində də təkrar nəşr olundu.
Lakin bütün bu tədbirlərdən sonra Noqa öz təriqətçi fəaliyyətini dayandırmadığı üçün avqust ayının 11-də onun məsələsi 200 nəfərin iştirakı ilə yağ-piy kombinatı işçilərinin müzakirəsinə çıxarıldı. İlk partiya təşkilatının katibi Duxovanın məlumatından sonra müzakirələrdə 5 nəfər fəhlə çıxış edib Noqa və onun tərəfdarlarının “ictimai qaydaların əleyhinə” olan təriqətçi fəaliyyətini kəskin tənqid etdilər. Noqa “günahını” boynuna aldı və onun işdən çıxarılmamasın xahiş etdi. Respublika DTK-nın sədri Kardaşov yazırdı: “Bu tədbirlər və əlavə olaraq aparılan ateizm təbliğatı (mətbuatda xüsusi məqalənin dərc edilməsi, “Təriqətçi pyatidesyatniklər haqqında həqiqət” filminin göstərilməsi) Kirovabad şəhərində qeyri-leqal “7 gün adventistləri” təriqətçi qrupu tamamilə dağıldı və öz mövcudluğuna son qoydu. Noqanın üzərində bizim müşahidələrimiz davam etdirilir.” DTK eyni ilə belə bir əməliyyatı Astraxanbazar rayonun Astarxanovka kəndində qeyri-leqal formada fəaliyyət göstərən 100 nəfərdən artıq üzvü olan “Təriqətçi molokan” qrupuna və Vartaşen rayonunun Vladimirovka kəndində 150 nəfər üzvü olan “Prıqun” qrupuna qarşı da keçirmişdi. DTK-nın məlumatına görə 60-cı illərin əvvəllərində Azərbaycanda müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 35-dən çox təriqət qrupu var idi.
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin operativ heyətinin, 4-cü ordunun Bakı dairəsi Hava Hücumundan Müdafiə qoşunlarının xüsusi şöbəsi və Azərbaycan sərhəd dairəsinin kəşfiyyatçı zabitlərının 1960-cı ilin iyun ayının 21-də keçirilən respublika müşavirəsinin əsas hədəflərindən biri din və təriqət məsələləri idi. Xüsusən təriqətçi qrupların gəncləri, müşavirədə deyildiyi kimi “əhalinin geridə qalmış hissəsini” cəlb etməsi təhlükəsizlik orqanlarını narahat edirdi. Müşavirədə deyilirdi: “son illərdə səbatsız adamları dini təbliğatın təsirlərinə salmaq, onları dini fanatizmə sürükləmək istiqamətində müsəlman ruhanilərinin mürtəce hissəsi öz fəaliyyətlərini fəallaşdırıb. Bakı şəhərində rəsmi fəaliyyət göstərən məscidlərlə yanaşı, demək olar ki, respublikanın bütün rayonlarında qeyri-leqal mollalar dini yığıncaqlar keçirirlər və onların təsiri ilə bir sıra yaşayış məntəqələrində dindarlar özbaşına köhnə məscidləri açır və ya yeni məscidlər tikir, orada icazəsiz dini ayinləri icra edirlər.”
DTK-nın məsul əməkdaşları məlumat verirdilər ki, dini matəm olan “Məhərrəmlik” mərasimlərində iştirakçıların sayı ildən-ilə artmaqdadır və həmin mərasimlərdə yalnız yaşılı nəslin nümayəndələri deyil, gənclər də iştirak edir, dindarların böyük bir hissəsi həmin gün özünə işgəncə verir, qeyri-leqal mollaların təsiri altında dindar fanatiklər “müqəddəs yerlərə” ziyarətə gedirlər. Müşavirədə qeyd olundu ki, “yaxın iki il ərzində bizə təriqətçi qruplar, müqəddəs yerlər və qeyri-leqal mollalarla qurtarmaq lazımdır.” Partiya, sovet və təhlükəsizlik orqanlarının dinə və keçmişin qalıqlarına qarşı mübarizəsinin güclənməsi bilavasitə Sovet rəhbərliyindən gəlirdi. 1958-1963-cü illərdə Nikita Xruşşov din əleyhinə yeni kampaniyaya başlamışdı və dinə qarşı mübarizə onun 20 il ərzində kommunizm qurmaq proqramının bir hissəsi idi. 1959-cu ilin aprel ayının 18-də SSRİ DTK-nın sədri Aleksandr Şelepin “Dini qalıqlara hücum haqqında” Sov. İKP MK Rəyasət Heyətini hesabat göndərmişdi. Orada bir sıra alimlərin, artistlərin, universitet professorlarının kilsə ayinlərində iştirakından narahatçılıq ifadə edilir və onlara müvafiq qaydada təsir göstərilməsi, onlar haqqında ölçü götürülməsi təklif edilirdi.
50-ci illərin islahatlarından sonra 60-cı illərin əvvəllərində məhdud sayda müsəlman dindarların Həcc ziyarətini getmələrinə icazə verilmişdi. 1962-ci ilin may ayının 7-də Moskvadan Qahirə üzərindən Məkkəyə yola salınan SSRİ-nin müsəlman respublikalarından formalaşdırılmış 14 nəfərlik ziyarətçinin bir hissəsi DTK-nın “dindarları” idi. Ziyarətçilər içərisində Azərbaycandan da iki nəfər var idi. Bunlardan biri Kirovabaddakı “Şah Abbas” məscidinin xidmətçisi İman Allahverənov, digəri isə neftçi fəhlə idi. İ. Allahverənov ziyarətdən döndükdən sonra, iyun ayının 25-də respublika Dini İşlər müvəkkilliyinə geniş hesabat vermişdi. O, öz hesabatında 9-19 may arası həcc ayinlərinin yerinə yetirilməsi, Məkkədə keçirilən görüşlər, ziyarətdən sonra Livana səyahət, Beyrut və Trablislə tanışlıq və digər məsələlər haqqında, o cümlədən Səudi Ərəbistanda olan Orta Asiya və Tatarıstan mühacirləri ilə görüşlər, onların öz qohum-əqrəbalarına məktub və hədiyyələr göndərməsi və sair haqqında yazmışdı. O, qeyd edirdi ki, “Məkkədə bizə naməlum yaşlı bir türk yaxınlaşdı və söhbət zamanı dedi ki, o, Türkiyədəndir, ali təhsili var və kənd təsərrüfatı ilə məşğuldur. Sonra bizə sual verdi ki, SSRİ-də 40 milyon müsəlman yaşayır, nə üçün cəmisi 14 ziyarətçi gəlib, əlavə etdi ki, kolxozlarda xalq malının oğurlandığın deyirlər. Biz gördük ki, bu adam dürüst birisi deyil, ona görə də cavab vermədik və ondan uzaqlaşdıq.” Bu hesabat göstərir ki, 60-cı illərin əvvəllərində Sovet İttifaqında məhdud sayda dindarın Məkkə ziyarətinin dövlət səviyyəsində təşkil edilməsi islam dininə qayğıdan daha çox, ideoloji məqsədlərə xidmət edirdi.
Oxunub: 416