Bugün dəyərli yazar, mübariz vətəndaş, intellektli xanım Zümrüd Yağmurun doğum günüdür. Zümrüd xanımın adını xoşbəxtlər siyahısına yazmaq olar. Ona görə ki, Zümrüd xanım dünyaya təkcə övlad gətirməyib, gözəl kitablar da gətirib. Ona görə ki, Zümrüd xanım təkcə möhtəşəm ana deyil, həm də nümunəvi vətəndaşdı. Ona görə ki, Zümrüd xanım təkcə çətinlikləri müşahidə etmir, həm də çətinliklərin ən çətinini təbəssümlə qarşılaya bilir. Zümrüd xanım hamımızın qürur duyduğu Fuad Qəhrəmanlının həyat yoldaşıdı. Fuad Qəhrəmanlı şərlənərək həbs olundu, 10 il azadlıqdan məhrum edildi. Amma Zümrüd Yağmur 10 addım geri çəkilməyə deyil, 100 addım iərli getməyə qərar verdi. Belə nümunələr yalnız bir ailənin uğuru, bir ailənin mənfəəti deyil, həm də cəmiyyətin qazancıdır. Zümrüdlər dünyada insan sayını artırmaq üçün yox, insanlığa qənim kəsilənləri susdurmaq üçün, nümunələr yaratmaq üçün doğulurlar.
Zümrüd qiymətli daşdı, yağmur təbiətin gözəl töhfəsidir. Bizim Zümrüdümüz də hər damlası zümrüd olan yağmurdu.
Bu möhtəşəm ailəni, bu möhtəşəm qadını hər məqamda təbrik etmək olar. Kişi zindanda zalıma meydan oxuyur, qadın zalımın zindanını qələmiylə oyuncağa çevirir, övlad isə bu qədər ağrı-acı içində də təslim olmayıb, ən yüksək təhsilə sahiblənir.
Zümrüd xanım, mənalı ömrünüz mübarək olsun. Belə doğuluşa dəyər. Həmişə zümrüd kimi qiymətli olasız, yağmur kimi quraqlıqlara nəfəs verəsiz. Var olun!
“Azadlıq” qəzetinin kollektivi!
Oxunub: 496