Britaniya hökuməti Londonda bahalı mülklərin əsl sahiblərinin adlarının gizlədilməsinə kömək edən ofşor şirkətlərin qondarma sahibləri kimi göstərilən şəxslərin cəzalandırılması üçün yeni qaydaların tətbiqini planlaşdırır.
Yeni qaydalara görə əcnəbi mülk sahiblərinin adlarını öz adlarının altında gizlədənləri 2 ilədək həbsxana cəzası gözləyə bilər.
Hökumət bildirir ki, bu yeni qaydalar Britaniyada alınmış milyardlarla funt sterlinqlik mülklərin əsl sahiblərinin adları üzərindən məxfiliyin qaldırlmasına dair yeni qanunun tərkibinə daxil ediləcək.
Yeni qanun layihəsinə görə xarici şirkətlər Britaniya mülklərinin əsl sahiblərinin adlarını bəyan etməyə məcbur ediləcəklər.
Britaniya mətbuatı yazır ki, bu qanunun aktuallığı xüsusilə də Panama və Cənnət sənədlərinin faş olmasından sonra artıb.
Lakin bu qanunun qəbulu indiyədək bir neçə dəfə təxirə salınıb. Buna səbəblərdən biri də Britaniya parlamentinin yuxarı palatasından olan iki lordun qanunun sanksiyalar bölməsinə düzəlişlərin edilməsini tələb etmələsi olub.
Guardian qəzeti yazır ki, bütün müqavimətlərə baxmayaraq hökumət qanunu yay aylarınadək qəbul etməyə məcbur olacaq. Lakin antikorrupösiya kampaniyaçıları deyirlər ki, bahalı mülk sahiblərinin reyestrinin tam açıqlanması 2021-ci ilədək uzadıla bilər.
Əcnəbilərin bahalı Britaniya mülkləri barədə məsələ xüsusilə də keçmiş Rusiya casusuna qarşı kimyəvi hücumdan sonra kəskinləşib. Bu da xəbər verilir ki, 2017-ci ildə Britaniyada mülk almaq istəyən rusiyalıların sayı bəzi rəqəmlərə görə 30 faiz qalxıb.
Guardian yazır ki, Vladimir Putinə yaxın şəxslər Britaniyada ümumi dəyəri 1, 1 milyard funt sterlinqlik mülkiyyətə malikdirlər. Lakin əsl rəqəmin bundan qat-qat çox olduğu düşünülür.
Çünki bu mülklərin həqiqi sahibliyi gizlədilməkdə davam edir.
(azadliq.org)
Oxunub: 276