“Bu hadisələrdən film çəkilsə, onlardan xəbərsiz adam elə bilər ki, göstərilənlər rejissorun fantaziyasıdır, biz isə onları reallıqda yaşamışıq…”
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə Nardaranda 2015-ci il noyabrın 26-da keçirilən polis əməliyyatında və ondan sonra həbs olunanların hüquqlarının müdafiəsi, orada baş verənlərin mahiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, ümumiyyətlə, siyasi məhbusların problemlərinin müzakirəsi məqsədilə koalisiya yaradılması təklifiylə çıxış etmişdi. Təklif olunurdu ki, fevral ayı istisna olmaqla (Xocalı faciəsinə görə), qalan ayların 26-sı məhbus ailələri bir araya gəlib, müzakirə aparsınlar.
Martın 26-da təşkil olunan müzakirələrə Nardaran məhbuslarının yaxınları ilə yanaşı, Milli Şuranın üzvləri, AXCP təmsilçiləri, hüquq müdafiəçiləri və ziyalılar da qatılıb.
Siyasi Məhbus Ailələrininin Koordinasiya Mərkəzinin üzvü, AXCP-dən olan siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli koalisiya və tədbirin mahiyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan hakimiyyəti repressiyaları günü bu gün də davam etdirir.
“26 noyabrda Nardaranda baş verənlər müxtəlif aspektlərdən dırnaqarası mənada Ginnesin “Ginnesin Rekordlar kitabı”na düşəsi hadisədir. Nardaran hadisələrinə görə həbs olunanlara ümumilikdə 709 il 9 ay 15 gün həbs cəzası verilib”, – deyən Zəfər Əhmədli Nardaran əməliyyatında həlak olan altı nəfərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif edib.
Daha sonra məlumat verilib ki, Müsəlman Birliyi Hərəkatı da aprelin 11-də keçiriləcək prezident seçkisini boykot etmək qərarı verib. Səbəb isə bu seçkinin də əvvəlkilərdən fərqlənməməsi, azad, ədalətli və şəffaf keçirilməməsidir.
Azərbaycan Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyev bildirib ki, hakimiyyət işıqlı adamları zindanlara doldurmaqla özü də neylədiyinin fərqində deyil: “Vaxt gələcək, o qardaşlarımızın işığı indiki qaranlığı mütləq aydınlandıracaq. Bizlər zülmə, zülmkara qarşı mübarizəmizi onsuz da aparırıq, amma hesab edirəm ki, daha sız birləşməyə ehtiyac var. Hamımız birlikdə olsaq, mübarizəmiz də effektli olar”.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, 26 noyabrda Nardaranda baş verənlər bütöv bir təşkilatı, etirazçı qüvvəni tamamilə məhv etməyə hesablanmışdı. Hüquq müdafiəçisinin sözlərinə görə, hadisə günü və ondan sonra həbs olunanlardan 82 nəfəri barəsində cinayət işi başlanıb, onlar 20 ilə qədər azadlıqdan məhrum edilib: “Nardaran hadisələri ilə əlaqədar bu gün də həbsxanalarda 60-dan çox siyasi məhbus var. Ümumiyyətlə, siyasi məhbus siyahısında olan 160 nəfərdən çox adamın 100-ə yaxını dindar kəsimdir. Bu da hakimiyyətin islam dəyərlərinə münasibətini ortaya qoyur. Hakimiyyət elə hesab edirdi ki, təhlükə onlardan gəlir. Amma başqa sahələrdə olduğu kimi, bu sahədə də yürütdüyü siyasət səhv idi. Bu gün hakimiyyət gözlənilmədən xaricdəki siyasi mühacirlərdən zərbə aldı. İş o yerə çatıb ki, artıq özləri xahiş-minnət edirlər. Məgər hakimiyyət özü etik çərçivədə mübarizə aparırdı ki, indi bundan şikayətlənir? Dinc adamlara hücum edib güllələmək, işgəncə vermək, uzunmüddətli həbsə göndərmək, insanları zorla öz qohumlarından imtinaya məcbur eləmək nə vaxtdan etik mübarizə olub? Hər il Novruz bayramı ərəfəsində imitasiya xarakterli olsa da, əfv sərəncamı imzalanırdı. Bu il heç onu da eləmədilər. Bizlər siyasi məhbusların müdafiəsilə bağlı işi hər keçən gün daha da gücləndirməliyik”.
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn hesab edir ki, hakimiyyət Nardaran hadisələrini yerli və beynəlxalq ictimaiyyətə təhrif olunmuş formada çatdırmaq istəsə də, məqsədinə çatmadı. Adamlar orada baş verənlərin gerçək mahiyyətini bilirlər: “Müsbət haldır ki, yerli və beynəlxalq ictimaiyyət o hadisələrə AzTV-nin kamerasından baxmadı. Nardaran hadisələri qeyri-insani ssenari idi. Bu hadisələrdən film çəkilsə, onlardan xəbərsiz adam elə bilər ki, göstərilənlər rejissorun fantaziyasıdır. Biz isə onları reallıqda yaşamışıq. İl 2018 olub, bizim ölkədə hakimiyyət insanlara işgəncə verməyin yeni formalarını, adamları öz qohumlarından imtinaya məcbur etməyin yeni üsullarını axtarır”.
Toplantı iştirakçıları koalisiyanı genişləndirmək istiqamətində müzakirələr aparıblar.
Azadliq.info
Oxunub: 162