Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XIII turun görüşləri keçirilir.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gəlib.
Görüş 39-cu dəqiqədə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bununla da 33 yaşlı qrossmeyster turnirdə üçüncü qələbəsini qazanıb və xallarını 7,5-ə çatdırıb. Hazırda o, rusiyalı Sergey Karyakinlə 2-3-cü yerləri bölüşür. Karyakin bu tur qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib.
Turnir cədvəlinə isə yenidən ABŞ-ın digər təmsilçisi Fabiano Karuana başçılıq edir. Karuana ağ fiqurlarla ermənistanlı Levon Aronyanı yenərək, 8 xalla vahid liderə çevrilib.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində əvvəlki 2 qələbəsini də Rusiya təmsilçiləri – Sergey Karyakin və Vladimir Kramnik üzərində qazanıb.
Oxunub: 220