Müsəlman Birliyi Hərəkatı aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot edir. Hərəkatın İdarə Heyətinin həbsdə olan üzvləri bu barədə bəyanat yayıb. Bəyanatda deyilir:
“Tarixin müxtəlif zamanlarında istismara məruz qalan xalqımız uzun və keşməkeşli mübarizə yolu keçərək, qanı və canı bahasına müstəqilliyini bərpa etməklə öz tarixi torpaqlarında haqqı olan dövlətini qurmağı bacarmışdır. İstər müstəqillik, istərsə də əsarət dövrlərində bu uca xalq islami məfkurənin işığında öz mənəvi dəyərlərini qorumuş, hər zaman ümumbəşəri prinsiplərə sadiq qalmış, daim haqq-ədalət tərəfdarı olmuşdur.
İnsanlarımızın ədalətpərvər olması, dövlətçiliyimizin qorunması və onun gələcək nəsillərə ötürülməsi yolunda olduqca mühümdür. Haqsızlığa qarşı mübarizə, zülmə qarşı dirəniş azadlığımızın daimi olması yolunda çox zəruridir.
Təəssüflə qeyd edirik ki, hələ də ölkəmizdə ədalətli məhkəmə, şəffaf seçki sistemi mövcud deyil. İllərdir ki, ədalətsiz məhkəmələrdən, saxta seçkilərdən, haqsız həbslərdən bu millət əziyyət çəkir. Sözsüz ki, bütün bunlar zülmlə barışmağımıza heç bir halda səbəb olmamalıdır.
İstənilən çətinliklərə baxmayaraq, Allahın izniylə zalımların qarşısında, məzlumların yanında olmaq müqəddəs vəzifəmizdir.
Biz Müsəlman Birliyi Hərəkatı (MBH) olaraq, uca xalqımıza, haqqı qəsb olunmuş insanlara ümüd olmaq üçün varıq və hər zaman xalqın yanındayıq. Eyni zamanda, növbədənkənar seçkilərin əvvəlkilər kimi formal xarakter daşıyacağını nəzərə alıb, onu təşkilat olaraq boykot edir və xalqımızın haqq-ədalət uğrunda mübarizədə sıx birləşəcəyinə ümid edirik!”
Azadliq.info
Oxunub: 534