Aprelin 1-də Bakının Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına mədəniyyət evində AXCP Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiyada təşkilati məsələlərə baxılıb və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub, partiyanın qarşısında duran cari vəzifələr dəqiqləşdirilib.
Sessiyada Ali Məclisə və Rəyasət Heyətinə boş qalan yerlərə seçkilər keçirilib. Ali Məclisə 4 nәfәr yeni üzv selibib – Nüşabә Qafarlı, Ayaz Mәhәrrәmli, Bәxtiyar İmanov və Nicad Abdullayev.
Rәyasәt Heyәtinə isə Ayaz Mәhәrrәmli, Saqif Qurbanov və Bәxtiyar İmanov yeni üzv seçilib.
Növbəti təşkilati məsələ kimi partiyanın növbəti qurultayına hazırlıq işləri müzakirə edilib. Növbəti qurultaya hazırlıq məqsədilə 23 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
İctimai-siyasi vəziyyətlə bağlı partiya sədri Əli Kərimli məruzə edib və məruzə ətrafında müzakirələr aparılıb.
Hakimiyyətin uzun müddətdən sonra AXCP-yə Ali Məclisi keçirmək üçün yer verməsini sədr Əli Kərimli belə izah edib ki, ola bilsin, ATƏT müşahidə missiyasının seçkilərlə bağlı hesabatında pozitiv çalarlara nail olmaq məqsədi güdülüb. Ə.Kərimli bunu, hətta belədirsə də, pozitiv addım adlandırıb və hakimiyyəti bu istiqamətdə davam edərək, siyasi məhbusları təcili azad etməyə çağırıb.
“Bakı Şəhər İcra Hakimiyyəti və məhkəmələrlə ilyarımlıq çəkişmələrdən, Ədliyyə Nazirliyilə yazışmalardan sonra nəhayət, bu gün Səttar Bəhlulzadə adına mədəniyyət evində AXCP Ali Məclisinin sessiyasını keçirdik… Ola bilsin ki, hakimiyyətin ilyarımlıq isrardan sonra Ali Məclisimizin toplantısına imkan verməsi həm də ATƏT seçki müşahidəçilərinin yekun hesabatına bir cümlə pozitiv yazdırmağa nail olmaq istəyilə bağlıdır. Olsun, düzgün yanaşmadır. Təklif edirəm ki, siyasi məhbuslar da dərhal azad edilsin, bu halda ATƏT hesabatına bütöv bir pozitiv abzas da yazdırmaq olar. Onsuz da bir gün bütün qanunsuz, repressiv addımlarından imtina etməli olacaqlar. Niyə yubadırlar? Nə özlərini, nə xalqı incitsinlər”, – deyə AXCP sədri feysbuk səhifəsində yazıb.