Yaxud, Şimali Koreyadan sevgi məktubu
Bildiyiniz kimi əzəmətli hökumətimiz bir neçə il öncə “Qoşulmama Hərəkatı”na qoşuldu. Bəli, ÜTT-yə qoşulmadılar, Avropa Birliyinə qoşulmadılar, demokratik dəyərlərə qoşulmadılar və nəhayət Qoşulmayanlara qoşulmaq qərarı verdilər. Yəni, Afrikanın geridəqalmış ölkələriylə, demokratiyaya qarşı allergiyası olan hökumətlərlə əl-ələ verdik. Azərbaycan hökumətinə məhz belə bir təşkilatda yer almaq sərfəliydi. Çünki bu hərəkata üzv olan ölkələr bir-birindən şəffaflıq, ədalətli idarəçilik, azadlıq, demokratiya tələb etmirlər.
İndi isə xəbər tutduq ki, 5-6 aprel 2018-ci il tarixində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcəkdir. Tədbirdə Şimali Koreyanın xarici işlər naziri Li Yonq Ho da iştirak edəcək. Məsələ burasındadır ki, hökumət saytları bu xəbəri dayanmadan tirajlayır. Hansı saytın manşetinə baxsaq “Şimali Koreyanın xarici işlər naziri Bakıya gəlir” başlıqlı xəbər gözümüzün önündə bitir. Sanki, Bakıya təşrif buyuran şəxs bəşəri dəyərlərin daşıyıcısıdır, demokratiyanın fontan vurduğu ölkədən gəlib və.s
Halbuki bu adamın nazir olduğu ölkənin prezidenti bığ saxlamadığına görə heç kim bığ saxlaya bilmir. Bu ölkədə prezidentin yıxıldığı yerdən öpmək borcdur. Bu ölkədə prezidentin atasının ölümünə ağlamayanı həbs edirlər. Bu ölkədə internet, mətbuat, müxalifət, fərqli fikir yoxdur.. Bu ölkədə adamları diri-diri yandırmaq, itlərə yem etmək prezidentin sevimli məşğuliyyətidir və.s
İndi belə bir ölkənin yüksək vəzifəli şəxsi Azərbyacana gəlir və hökumətimizin üzündə sevinc parıltıları var. Çünki siyasi və mənəvi yaxınlıq var. Dünyadan təcrid olunmuş ölkələr bizim hökumətimiz üçün arzulanan müttəfiqdir. Demək istəyirik ki, bu adam Şimali Koreyadan bizə müsbət nümunələr, bəşəri dəyərlər, inkişaf, təhlükəsizlik gətirə bilməz. Bu adam ən yaxşı halda hökumətə sevgi məktubu gətirə bilər. Yəni, bizim hökumətin “uzaqgörən siyasət”ini dəstəklədiklərini bəyan edə bilərlər. Eyni zamanda belə ölkələrin yaratdığı hərəkatda təhlükəsizlik və inkişaf barədə müzakirə aparılmasının özü də gülməli görünür. Çünki belə ölkələr mahiyyət etibarilə inkişafa və təhlükəsizliyə qarşıdılar.
Göründüyü kimi qoşulmaya-qoşulmaya “pis uşaqlar”a qoşulmuşuq və bundan həzz alırıq. Əslində, bu hərəkat qoşulanlar hərəkatıdır. Demokratiyadan boşanıb, avtoritarizmlə nikahlanmaq prosesidir. Bir sözlə, hökumətimiz qırılmaq əvəzinə, qoşulmaqla məşğuldu.
İlham