Baş redaktorun həbsindən 10 il keçəndən sonra
Avropa Məhkəməsi Qənimət Zahidin işi üzrə kommunikasiya başlayıb. Bu barədə hüquqçu Xalid Ağəliyev Facebook statusunda yazıb.
“Azadlıq”ın baş redaktoru Q.Zahid xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunmuşdu. 2008-ci il martın 7-də ona 4 il iş verilmişdi.
Bu həbsdə adı keçən Sevgiladə Quliyeva “Azərbaycan” Nəşriyyatında Q.Zahidin ona söz atdığını, buna görə Vüsal Həsənovla aralarında dava düşdüyünü demişdi. Məhz bu şərləmədən sonra “Azadlıq”ın baş redaktoru xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə həbs olunmuşdu.
Maraqlıdır ki, bundan bir qədər sonra, 2009-cu ildə Sevgiladə Quliyevanı narkotik ittihamı ilə Xətai rayon Polis İdarəsinin əməkdaşları həbs etmişdi.
2015-ci ildə isə Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sağlamlıq Kompleksində işləyən Xanım Nəsirovanın və Alisa Cəfərovanın iş otaqlarından, habelə Gülnarə Axundovanın çantasından pul oğurlayan qadın tutulmuşdu. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, oğurluqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Sevgiladə Quliyevadır.
Şikayəti Avropa Məhkəməsinə Media Hüquqları İnstitutu göndərib.
Azadliq.info