Bu gün hökumətə yaxın media vasitələri “Azəriqaz” İstehsalat Birliyinə istinadən bölgələrdəki ucqar dağ kəndlərinin qazlaşdırılmasına başlanıldığını yazıb. Xəbərdə deyilir ki, may ayının sonuna qədər 635 evlik Lahıc kəndinin qazlaşdırılması başa çatacaq. Xatırladaq ki, qədim tarixə malik bu kəndin
qazlaşdırılması ilə bağlı keçən ilin oktyabrında ölkə başçısı ayrıca sərəncam imzalayıb. Təbii, bölgədəki kəndlərin və qəsəbələrin qazla təmin olunması alqışa layiq və vacib məsələdir. Amma regionlarda bu işlərin başa çatması bilirsiniz neçə il bundan öncəki tarixə hesablanmışdı? Elə ölkə başçısının özünün açıqlamasına görə, ölkə üzrə 95% qazlaşma hələ 5 il bundan əvvəl tamamlanmalıydı. “Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılacaqdır. Amma o, builki ilin yekunlarına həsr olunmuş çıxışnda yenidən bəyan etdi ki, bu ilin sonuna kimi ölkə üzrə 95% qazlaşma başa çatacaq. Bölgələrdə nə qədər ucqar dağ kəndi qaz yolu gözləyir, xəbəriniz var? Onların hamısını sevindirmək nə qədər zaman alacaq? Buna nail olmaq üçün hər kəndlə bağlı ayrıca sərəncam vermək lazım olacaqsa, onda vay orda yaşayan insanların halına!
Xatırlayırsınızsa, Murovdağın ətəyində yerləşən bir sərhəd kəndinin illərdir qaz yolu gözlədiyini yazmışdıq. Göygöl rayonunun Toğana kəndində yaşayan əhali illərdir kəndin içindən keçən qaz xəttinə baxa-baxa köks ötürür. Bu kənddə evlər qazsızdır. Hökumət rəsmilərinin vədlərinə görə isə kəndin evləri 3-4 il əvvəl qazla təchiz olunmalıydı. Bu səlahiyyətli şəxslər tərəfindən dəfələrlə rəsmi şəkildə bəyan olunub. Məsələn, AZƏRTAC-ın 27.01.2013-cü tarixli yaydığı bir xəbərdə deyilirdi ki, “bu il Göygöldə daha 26 kəndin mavi yanacaqla təmin edilməsi ilə rayonun tam qazlaşdırılması başa çatdırılacaq.” Göygöl rayon qaz istismar sahəsinin rəisi Cavad Məmmədov AZƏRTAC-a demişdi ki, 2013-cü ildə rayonun qazlaşdırılması başa çatdırılacaq. O vaxtdan düz 5 il keçir. Belə getsə, kənd camaatı hələ çox gözləməli olacaq. Bəlkə də, padşahın kefinin xoş vaxtında onlarla bağlı ayrıca sərəncam verilənə qədər…