Azərbaycanda imkanları məhdud olan uşaqların inklüziv təhsillə təmin edilməsi ilə bağlı ciddi problemlər qalmaqdadır. Bu barədə Demokratik Təşəbbüslər İnstitutunun hazırladığı “Azərbaycanda inklüziv təhsilin vəziyyəti haqqında” araşdırma sənədində deyilir.
Bu 18 səhifəlik araşdırmada qeyd edilir ki, imkanları məhdud olan uşaqların statistikası belə fərqlənir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin əvvəllərinə belə uşaqların sayı 71934 nəfər təşkil edib, Təhsil Nazirliyi isə 65482 nəfərlik say göstərir.
2005-2009-cu illərdə inklüziv təhsilə 268 nəfər cəlb edilibsə, 2015-2017-ci illərdə pilot məktəblərdə cəmi 40 şagird təcrübi təhsilə cəlb edilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üzrə 2006-2009-cu illər üçün dövlət proqramı çərçivəsində 14 ümumtəhsil məktəbinin və 13 məktəbəqədər müəssisənin iştirakı ilə üç layihə həyata keçirilib.
Ümumilikdə, imkanları məhdud olan uşaqların 77%-i inklüziv təhsilə və ümumiyyətlə təhsilə cəlb edilməyib.
Araşdırma təhsil sahəsində ixtisaslaşmış proqramların və vəsaitlərin olmadığını, bu sahədə qanunvericilik bazasının kifayət qədər olmadığını, təhsil çatışmazlığını üzə çıxarıb.
Bununla əlaqədar araşdırmada bir sıra tövsiyələr irəli sürülüb: Qanunvericilik bazasının yaradılması, sosial əlillik modeli üzrə hüquqi bazanın və intensiv fəaliyyət planının işlənib hazırlanması nəzərdə tutulur;
Reabilitasiya proqramları hazırlamaq üçün təhsilə cəlb edilmiş və ya təhsildən kənarda qalmış imkanları məhdud olan uşaqların məlumatlar bazasını yaratmaq tövsiyə edilir;
İnklüziv məktəbəqədər və məktəb müəssisələrinin yaradılması vacibdir (o cümlədən regionlarda);
Adi uşaq bağçalarında və məktəblərdə fiziki imkanları məhdud olan uşaqların təlim-tərbiyəsi üçün şərait yaradılmalıdır (pandusların quraşdırılması, tualet və idman zallarında avadanlıqlara dəyişiklik edilməsi);
Uşaqlarda əlilliyin qarşısının alınması üçün puls erkən müdaxilə proqramları həyata keçirilməlidir;
İmkanları məhdud olan uşaqlar üçün məktəbdənkənar dövlət məşğələlərinin sayı artırılmalıdır;
Bu sahədə xarici qrantlar sadələşdirilmiş sistemlə rəsmiləşdirilməlidir, bu sahədə ictimai vəkillik, valideynlərin maarifləndirilməsi və s. kampaniyalar həyata keçirilməlidir.