Son ayların əsas müzakirə mövzusu kimi “söyüş kampaniyası” reytinqini saxlayır. Hakimiyyət sözçüləri “bizi söyürlər” deyib, aləmə səs salırlar. Bir tərəfdən hansısa buqələmun jurnalist, o biri tərəfdən hansısa mandat hədiyyə almış deputat, başqa bir tərəfdən hansısa oriyentasiyası məlum olmayan şou- biznes nümayəndəsi hökumətə ünvanlanan söyüşlərin qarşısında sipər olmağa çalışır. Amma reallıq budur ki, bütün çağırışlara baxmayaraq kütləvi şəkildə hökumətin müdafiəsi hiss olunmur. Hətta hökumətin nimçəsindən qidalananların əksəriyyəti də bu prosesdən yayınmağa çalışırlar. Hamı başa düşür ki, hökumətin müdafiəçisi roluna girənlər ictimai rəyin daş-qalağında “rəhmət”ə gedəcək.
Ona görə əsas missiya prezidentin köməkçisi Əli Həsənovun üzərinə düşüb. Cənab Həsənov mətbuata açıqlamalar verir, sosial şəbəkələrdə statuslar yazır və təhqirin yolverilməz olduğunu əsaslandırmağa çalışır.
“İstər şəxsi həyatımda, istərsə də siyasi fəaliyyətimdə qeyri-etik davranışı yolverilməz hesab etmişəm və milli mənəvi-əxlaqi dəyərlərə zidd leksikondan daim uzaq olmuşam. Sosial mediada və KİV-dəki açıqlama və müraciətlərimdə də siyasi polemika zamanı hamını bu tipli davranışdan çəkinməyə çağırmışam, belə cəhdləri isə tərbiyəsizlik və acizlik əlaməti kimi qiymətləndirmişəm. Mənim bu tövsiyə və müraciətimə məhəl qoymayan və küçə leksikonundan istifadəni davam edən ayrı-ayrı sosial şəbəkə istifadəçilərini Azərbaycan hakimiyyəti və şəxsən mənimlə əlaqələndirmək böhtan və iftiradan başqa bir şey deyil. Birmənalı şəkildə bəyan edirəm ki, ayrı-ayrı şəxslərin öz tərbiyəsinə uyğun açıqlama və çıxışlarının guya mərkəzləşmiş şəkildə mənim tərəfimdən təşkil olunması, “rəhbərlik etdiyim” hansısa “troll” və digər uydurma “qruplar”a ayrı-ayrı şəxsləri təhqir etmək tapşırığı verilməsi haqda iftiralar məqsədyönlü şəkildə Azərbaycan hakimiyyətini və şəxsən məni ləkələmək məqsədi daşıyır. Yox əgər bu iddianı irəli sürənlər məni söyüş kampaniyasına qarşı ictimai müqavimətin təşkil olunmasına görə hədəfə götürürlərsə, onda onu da bilməlidirlər ki, hakimiyyət nümayəndəsi kimi bu, bilavasitə mənim vəzifə səlahiyyətlərimə aid məsələdir”- deyə Əli Həsənov bildirib.
Qeyd edək ki, xaricdəki mühacirlərin böyük əksəriyyəti təhqirdən isitfadə etməyib, sadəcə kəskin tənqid ediblər. Bir neçə təhqirlə bağlı nümunə var ki, bunu da heç kim təqdir etmir. Biz də dəfələrlə təhqirin yolverilməz olduğunu bildirmişik və bugün də birmənalı şəkildə təhqirə qarşıyıq.
Amma ortada palaz boyda faktlar var ki, bunun da məsuliyyətini birbaşa Əli Həsənov və onun təmsil olunduğu komanda daşımalıdır.
İlk növbədə vurğulamaq laızmdır ki, xaricdən gələn hansısa təhqirin müəllifləri heç bir siyasi partiyanın təmsilçisi deyillər. Amma Azərbaycanda təhqiri siyasi mübarizə alətinə çevirənlər mövcud hakimiyyətin mətbəxindən çıxanlardı.
“YAP Gənclər Birliyi”, “5-ci kolon” kimi feysbuk səhifələri, “Xəzər” telekanalı, təhqir mücəssəməsi olan Hafiz Hacıyevlər və digər “fenomen”lər hakimiyyətin drijorluğu ilə ifa eləyirlər.
Ümumiyyətlə, telekanallarda, rejim saytlarında uzun illər müxalifətin təhqir olunması siyasi sifarişin məhsulu olub. Və zaman göstərib ki, müxalifəti təhqir etməyin qarşılığında mandat, villa, fəxri ad, küllü miqdarda pul əldə etmək mümkündür. Yəni, uzun illər hakimiyyət təhqirə sərmayə qoyub, təhqiri “karyera pilləkəni” kimi təqdim edib. Bugün də bu proses davam edir. Müxtəlif ofislərdə “troll”ar üçün şərait yaradılıb, hətta bu prosesə dövlət işində çalışanlar, yaltaq jurnalistlərdə cəlb olunub. Hətta müxalif səhifələr arasında bölgü aparılıb və hər qrupun öz kuratoru var. Dəfələrlə bu “troll” dəstəsi ifşa edilib, onların eyni mərkəzdən idarə olunduğu faktlarla sübuta yetirilib.
Yaxşı olar ki, Əli Həsənov keçmişə ekskurs etsin. Təkcə AXCP sədri Əli Kərimliyə qarşı bu illər ərzində aparılan çirkin kompaniyalar hakimiyyətə “2” yazmaq üçün kifayət edir.
Və nəhayət, Əli Həsənov yuxarıda təqdim etdiyimiz sitatında da etiraf edir ki, təhqirə qarşı ictimai müqaviməti şəxsən özü təşkil edir. Amma bu ictimai müqavimətdən daha çox, bir qrup adamın ləyaqətli adamlara çamur atması kimi təzahür edir. Yeri gəlmişkən, bugünlərdə məlum oldu ki, Əli Həsənov hamının ikrahla yanaşdığı Hafiz Hacıyevlə yaxın dost imiş. Hətta etiraf etdi ki, tez-tez zəngləşirlər və ona tapşırıqlarını verir. Deməli, Hafiz Hacıyev hakimiyyətə rəqib olanları ən iyrənc ifadələrlə təhqir edəndə Əli Həsənov “sükanı belə saxla” deyən adam olub. Bir sözlə, özü yıxılan ağlamaz, niyə yıxıldığının səbəbini axtarar və bu səbəbi aradan qaldırar.
Samir