İstedadlı Uşaqlarla İş Mərkəzinin keçmiş əməkdaşı Fimar Hacıyeva Azərbaycan Respublikası Təhsil nazirinin müavini Ceyhun Bayramova açıq məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli Ceyhun müəllim! Sizə müraciət edirəm, çünki bəlkə də təhsil nazirliyi sistemində ilk sayılacaq bunca kobud qanunsuzluqlardan xəbərdar olmadığınızı düşünürəm. Əks halda qarşısını alar, biz pedaqoji işçilərin sizdən, Təhsil Nazirliyindən, eləcə də dövlətdən narazı qalmasına imkan verməzdiniz.
Sizə poçt vasitəsilə teleqram və məktub göndərmişəm. Deyəsən nazirliyin nəzdindəki “şəbəkə” onların sizə çatmasına əngəl yaradıb. Odur ki, prezident seçkisi ərəfəsində açıq müraciət yolu seçdim.
Nazir əvəzi olaraq rəhbərlik etdiyiniz və əlbəttə ki, hər əməkdaşın addımına cavabdeh olduğunuz dövlət qurumunda baş verənlərdən xəbərdar olandan sonra problemi həll edəcəyinizə ümidliyəm.
Bildirim ki, 2008-ci ildən Respublika Uşaq Birliyi Təşkilatı Rəhbərləri Məktəbində (UBTR) saat hesabı yolu ilə müəllim işləmişəm. 2015-ci ilin sentyabr ayının 1-dən metodist ştatına keçmiş, eyni zamanda müəllim kimi fəaliyyətimi davam etdirmişəm. Gözlənilmədən, xəbərdarlıq edilmədən mediada Nazirlər Kabinetində 05 iyun 2017-ci il tarixli 250 nömrəli əmri ilə 1934-cü ildən bu sahədə yeganə təhsil müəssisəsi olan UBTR məktəbinin bazasında “İstedadlı Uşaqlarla iş Mərkəzi”nin yaradılması haqqında qərar verilib. BU barədə biz mediadan məlumat almışıq. Bu əmrin əsasında o zamanki təhsil naziri Mikayıl Cabbarov 21 iyul 2017-ci il tarixli 210 nömrəli əmr imzalayıb. Əmrdə 2017-ci il dekabr ayının sonunacan UBTR məktəbinin nəzdində İstedadlı Uşaqlarla iş Mərkəzinin yaradılması, fəaliyyətə başlaması üçün göstərişlər verilib, komissiya yaradıldığı qeyd olunub.
Avqust ayında Təhsil nazirliyinin əməkdaşları Anar Mirzəzadə, Vidadi Bağırov, Almaz Əsgərova UBTR Məktəbinə gəlib nazirin əmri barədə məlumat veriblər və əməkdaşların işə davam edə biləcəyi, hamının işlə təmin olunacağı barədə məktəbin direktoru Dilarə Quliyevaya məlumat veriblər. Biz tam iş günü qrafiki ilə işə davam etmiş, sentyabr, oktyabr, noyabr, dekabr aylarının əmək haqlarını bütünlüklə almışıq. Dekabr ayının sonlarında nazirlik əməkdaşları Murad Camalov, Anar Mirzəzadə və Vidadi Bağırov yenidən məktəbə gəliblər, D.Quliyeavını 5 aylıq müvəqqəti müqavilə ilə Mərkəzə direktor təyin edildiyini bildiriblər. Onların göstərişi ilə əməkdaşlara 07 dekabr tarixli qeydlə işdən çıxma, 12 dekabr tarixli qeydlə İstedadlı Uşaqlarla iş Mərkəzinə 3 aylıq müqavilə ilə eyni ştata işə qəbul olunma ərizəsi yazdırılıb. Mən bunun qanunsuz olduğunu bildirərək etiraz etmişəm. Təhsil Nazirliyi əməkdaşlarının təkidi ilə direktor barəmizdə işdən çıxma və Mərkəzə işə qəbul barədə əmr imzalayıb, əmək kitabçalarına işdən çıxarılma və İstedadlı Uşaqlarla iş Mərkəzinə işə qəbul olunma barədə qeyd yazılıb. Yanvar ayının 04-dən mart ayının 28-dək istirahət və bayram günlərini çıxmaqla hər gün işdə olmuş, bu müddətdə UBTR Məktəbinin arxivini hazırlayıb təhvil vermiş, inventarizasiya aparmış, ixtisasartırma təhsili üçün məktəbə müraciət edən şəxslərlə izahedici söhbətlər etmiş, onlara metodik tövsiyələr vermiş, ixtisasartırma kursunu bitirənlərlə görüşmüş, məsləhətlər vermiş, eyni zamanda rayon təhsil şöbələrinin qabaqkı fəaliyyətimizlə bağlı suallarını cavablandırmışıq. Bu müddətdə nazirlik tərəfindən bizə uyğun iş tapşırılacağını gözləmişik.
Hər gün işdə olduğumuzdan Nazirliyin əməkdaşı, gənc kadr Anar Mirzəzadənin Mərkəzin direktoru ilə necə kobud tonda danışdığının şahidi olmuşuq. Mart ayında İUİM-nin möhürü alınıb, UBTR məktəbinin VÖEN-i mərkəzin adına dəyişdirilib, yeni ştat cədvəli hazırlanıb və s. Bu müddət ərzində nazirliyin əməkdaşı, mərkəzin yaradılması işlərini icra edən Anar Mirzəzadə, komissiya üzvü Vidadi Bağırov bir neçə dəfə UBTR Məktəbinə gələrək əmək haqqının ödəniləcəyinə, kimsənin işsiz qalmayacağına şifahi şəkildə vəd veriblər. Yəni biz, istirahət və bayram günlərini çıxmaqla hər gün səhər saat 9-dan 17-dək iş yerində olmuş, müəyyən işlər görmüşük. Gündəlik davamiyyət jurnalını imzalamışıq. Baş mühasib aylıq maliyyə sənədlərini hazırlayıb aidiyyatı qurumlara göndərib. 28 mart 2018-ci il tarixdə Təhsil Nazirliyinin əməkdaşları Vidadi Bağırov, Anar Mirzəzadə və Hüseyn (soyadını dəqiqləşdirə bilmədim) UBTR Məktəbinə (məktəbin ünvan lövhəsi hələ də F.Yusifov 39 ünvanda, qapı üzərindədir) gələrək tək-tək əməkdaşlarla görüşüb, direktordan savayı hamının (12 nəfər) işdən azad edildiyini, kimsəyə iş təklif olunmayacağını, yanvar, fevral, mart ayları üçün əmək haqqı ödənilməyəcəyini, bizim ştatların ləğv edildiyini deyiblər. Hətta analıq məzuniyyətində olan, himayəsində xəstə həyat yoldaşı olan, anası gözdən əlil olan insanları da işdən azad ediblər.
Mənimlə söhbət zamanı bu addımla dövlət qurumunun vətəndaşların hüquqlarını pozduğunu bildirmiş, işdən azad edilməyimizin, əmək haqqı verilməməsinin qanunsuz olduğunu demiş, etiraz etmişəm. Digər əməkdaşların hər biri ilə də eyni məzmunlu söhbət aparılmış, onlar da etirazlarını bildiriblər. Lakin üç aylıq müqavilə əsasında gündəlik işə davam etməyimiz, bu üzdən əmək haqqı almaq hüququnun pozulması barədə etirazlarımıza məhəl qoyulmayıb. Şəxsən mənim Anar Mirzəzadəyə “Dəfələrlə məktəbə gələrkən bizə niyə işə gəlməyin demirdiniz, dekabr ayında işdən azad etmirdiniz? Niyə bizə əmək haqqı vəd edirdiniz, iş vəd edirdiniz” sualımı cavablandırarkən o “Əmək haqqı ödəməmək, kütləvi işdən çıxarılma qərarı indi verilib” deyib. Martın 28-də əməkdaşların bir qrupu akt tərtib edərək 4 yanvar-28 mart tarixlərində gündəlik işdə olduqlarını öz imzaları ilə təsdiq ediblər (Aktın surəti əlavə olunur).
Hazırda İstedadlı Uşaqlarla İş Mərkəzinin kəskin maddi durumda olan 12 nəfər əməkdaşı işsizdir, Təhsil Nazirliyindən 3 ayın əmək haqqını tələb edir.
Cənab Ceyhun Bayramov!
Əməkdaşınız Anar Mirzəzadə nazirliyin adından bizə yalan vədlər verib, qanunsuz olaraq 12 nəfər işdən azad edilib, əmək haqqımız ödənilməyib. Bizə maddi və mənəvi zərbə vurulub.
13 nəfər əməkdaşın üç aylıq əmək haqqının ödənilməsini, 12 nəfərin (D.Quliyeva hazırda direktor kimi fəaliyyət göstərir) əvvəlki iş yerinə bərpa olunmasını təmin etməyi sizdən xahiş edirik. İnanırıq ki, sizin problemə dövlətçilik mövqeyindən yanaşmanız sayəsində məsələ həllini tapacaq və bizim hüquqlarımızın bərpası üçün məhkəməyə müraciət etməyimizə gərək qalmayacaq.
Qeyd edək ki, eyni məzmunlu məktubla prezident cənab İlham Əliyevə və vitse prezident Mehriban xanım Əliyevaya da müraciət etmişəm”.