İki il əvvəl hökumətin əhaliyə böyük səs-küylə təqdim etdiyi “sosial ev” layihəsi də imkansız insanların dərdinə çarə olmadı. May ayından satışa çıxarılacaq evlərin qiyməti və sahəsi bu güzəştdən yararlanmaq istəyənləri xəyal qırıqlığına uğradıb. Belə ki, ilkin olaraq satışa çıxarılan tam təmirli 260 mənzilin 1 otaqlısı 31-33 kv.m(29 925 manat), 2 otaqlısı 54-57 kv.m(47 282 manat), 3 otaqlısı isə 69-70 kv.m (65 626 manat) təşkil edir. Mənzillər 3-30 illik ipoteka ilə təklif olunur. İlkin ödəniş 10%-dir. Mənzil 30 il müddətinə ipoteka ilə alındıqda 1 otaqlı üçün aylıq ödəniş 129-136 manat, 2 otaqlı üçün 203-236 manat, 3 otaqlı üçün isə 282-288 manat təşkil edir.
İllərdir kirayələrdə ev almaq arzusu ilə yaşayan insanlar bu şərtlər altında yenə mənzilsiz qalacaqlar. Ekspertlərin fikrinə görə, bu qiymət sosial mənzil prinsiplərinə uyğun deyil. Yəni söhbət “sosial ev”dən gedirsə, əsas məqsəd imkansız, evsiz insanların ev probleminə yardım etmək olmalıdır. Amma bu layihənin şərtləri göstərir ki, həmin insanlar heç o evlərin kandarına da yaxın düşə bilməzlər. Sosial şəbəkədə müzakirə açan onlarla gənc yazır ki, bu şərtlərdə onlar ev üçün müraciət etməyi ağıllarından belə keçirə bilmirlər. “Aylıq ödənişə o qədər pul verdikdən sonra, yemək pulunu hardan alacağıq” deyir həmin gənclər. Bu mövzuda mətbuatda çoxlu sayda yazılar getdiyi üçün biz detallara girmək istəmirik. Amma “sosial ev” anlayışının birmənalı olaraq imkansız insanların mənzil təminatı məqsədilə ortaya çıxdığını bilirik. Bu layihə fərqli ölkələrdə fərqli şəkildə həyata keçirilə bilər. Lakin məqsəd eyni olaraq qalır. Aydınlıq üçün Avropada yaşayan iki həmyerlimizdən təmin olunduqları sosial evlərin şərtlərini öyrənmək istədik.
İsveçədə mühacir həyatı yaşayan həmvətənlimiz Emil Cəfərov işsizlər və mühacirlərlə bağlı ölkənin sosial siyasət proqramının aşağıdakı kimi qurulduğunu deyir: “İsveçdə mühacir kimi oturum alandan sonra ev verirlər. Bu evlərin bütün sosial xərcləri hökumət tərəfindən qarşılanır. Məsələn, 4 nəfəlik ailəyə 1850 avro pul verilir. Bundan əlavə evin kirayəsini də onlar qarşılayır. İşləməyə başlasan, sonra işdən çıxsan, iş tapana kimi hökumət aldığın maaşın 70 %-ni kompensasiya edir. Müəyyən müddətdə ev almaq istəyirsənsə, evini genişləndirmək istəyirsənsə, dövlət böyük güzəşt əsasında yardım edir. Həmin yardım da ailə sayına görə hesablanır. Bundan başqa, oturum alandan sonra ütün tibbi xərclərini hökumət ödəyir, bu istisna ancaq dişə aiddir. Yalnız dişlə bağlı xərcin 50%-ni ödəyir.”
Almaniyada yaşayan başqa bir mühacir həmyerlimiz Murad Qafarov da hökumətin bu sahədəki siyasətinin bənzər olduğunu deyir. Onun sözlərinə görə, Almaniyada oturum alan mühacirlərə yaşamaq üçün ev verilir. Amma o evlər kirayə kimi verilir, daimi yox. Sadəcə, kirayə pulunu hökumət özü ödəyir. Sən özün işləməyə başladıqdan sonra isə özün ödəyirsən. Amma az işləyən şəxslər də, işsizlər kimi həmin kirayə haqqını almaq hüququna malikdir. Çünki ölkənin qanunlarına görə, həftədə 2-3 saat işləyən adam da işsiz sayılır. Bundan başqa həmin statusda olan şəxslərə hökumət yemək-içmək üçün 420 avro yardım verir. Hardasa yaşadığın mənzil üçün də 276 avro pulu dövlət özü ödəyir.
Göründüyü kimi, normal ölkədə işsiz və imkansız insanların mənzil təminatı belə qurulub. Eyni zamanda, onlar üçün bütün güzəşt imkanları yaradılıb ki, çalışıb, işləyib şəraitini daha da yaxşılaşdırsın. Bizdəki sosial layihənin şərtləri isə imkansızlara yardım etməkdən daha çox, biznes layihəsinin şərtlərinə bənzəyir. Bunu da biz demirik. Məlum layihədən faydalanmaq istəyən insanlar və bu sahədə təcrübəsi olan ekspertıər deyir.
azadliq.info