Azərbaycanda söz azadlığına mövcud olan ciddi maneələr 2018-ci ilin aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin azad və ədalətli olacağını mümkünsüz edir, bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatında deyilir.
İfadə azadlığının azad və ədalətli seçkilərin keçirilməsi tələblərinə cavab vermədiyi 2003, 2008 və 2013-ci il prezident seçkiləri ilə müqayisədə İlham Əliyev üçün dördüncü prezidentlik müddətinə yol açan hazırki seçkiqabağı situasiyada ifadə, toplaşmaq, birlik azadlığının pozulması halları əvvəlki üç prezident yarışmalarının cəmindən çoxdur.
Zəruri fundamental azadlıqların yoxluğu və gözlənilməz, heç bir əsaslandırma olmadan prezident seçkilərinin 6 ay əvvələ çəkilməsi səbəbindən müxalifət hazırlıq üçün minimal vaxtın olmadığından bu seçkiləri boykot etməyə məcbur oldu.
RATİ-nin dövlət və ictimai televiziyanı monitorinqi plüralizmin tamamilə yoxluğunu göstərdi, eyni mənzərə respublikadakı bütün özəl tele-radio yayımlarında müşahidə edilirdi.
İctimai televiziyada pulsuz məhdud təşviqat efiri göstərdi ki, bu, mahiyyətcə prezidentliyə namizədlərin debatına miskin parodiyadır.
İlham Əliyev əvvəlki seçkilərdə olduğu kimi ictimai fikrə etinasız yanaşaraq hətta hakim rejimin prezidentliyə “müxalifət” namizədlər roluna təyin etdiyi, özünün nəzarətində olan opponentləri ilə də seçkiqabağı teledebatlarda iştirakı lazım bilmədi.
Televiziyada seçkiqabağı təşviqat seçkini boykot etmək qərarı vermiş demokratik müxalifətə, müstəqil onlayn KİV-ə və sürgündə yaşayan tanınmış blogerlərə iyrənc hücumla yadda qaldı. Hələ də ciddi şəkildə ictimai fikrin formalaşmasına təsir edən bütün ümumrespublika tele-radio kanalları hakim rejimin və onun namizədi İlham Əliyevin təbliğatının ruporu rolunu yerinə yetirirdi.
Ölkədə bir dənə də müstəqil və müxalif qəzetinin qalmadığı nəzərə alınsa, fərqli düşünənlər üçün yeganə qismən azad seqment kimi internet qalır. Son 12 ayda onlayn mühitdə ifadə azadlığına nəzarətin kəskin artması səbəbindən vaxtilə qismən azad olan Azəraycan interneti qismən qeyri-azada çevrildi.
Bu gün Azərbaycanda bütün nüfuzlu müstəqil və müxalif onlayn-KİV-lər bloklanır, aparıcı onlayn-tənqidçilər həbsə atılıb, hakimiyyət sürgündə yaşayan tanınmış blogerlərə qarşı görünməmiş mənəvi terror kampaniyasına başlayıb, ölkədə olan qohumlarını həbsə atır və işgəncə verir, hətta dissidentlərin dünyasını dəyişmiş valideynlərinin məzarları üzərində vandalizm aktından belə çəkinmir.
Azərbaycan internetinin yeganə nisbətən azad seqmenti populyar Youtube, Facebook, Instagram servisləridir, ancaq burda da hakimiyyət qeyri-rəsmi nəzarəti gücləndirib.
Bütün ölkədə polis əməkdaşları sosial şəbəkə istifadəçilərinin şərhlərini monitorinq edir, çox vaxt daha tənqidi statusların yaxud şərhlərin müəlliflərini uydurma bəhanələrlə inzibati həbsə atır.
Bu işdə hüquq mühafizə orqanları əməkdaşları ilə yanaşı statusların monitorinqini polisə kömək edən çoxsaylı “ictimai könüllülər” ordusu, həmçinin hakimiyyətin çoxminlik trollar ordusu da həyata keçirir, trollar internet istifadəçilərini yanıltmaq və dezinformasiya yaymaqla yanaşı hüquq mühafizə orqanlarına ölkənin daxilində daha çox fəal olan hansı istifadəçinin qorxudulmalı olduğunu işarə edir.
Onlayn mühitə nəzarət ehtimal etməyə imkan verir ki, fərqli düşünənlərə qarşı hakimiyyətin təbliğ etdiyi nifrət dili kritik dərəcədə qorxulu səviyyədədir.
Belə ki, hakimiyyət və hakimiyönlü düşərgənin nümayəndələri tənqidçiləri təhqir etməklə yanaşı sürgündə olan onlayn dissidentlərin fiziki cəzasına yaxud həbs edilərək məcburi şəkildə Azərbaycana gətirilməsinə çağırır.
“Seçki ərəfəsində Azərbaycanda jurnalistlərin təhlükəsizliyi və azadlığı ilə bağlı vəziyyət məyusedici dərəcədə çətindir”, – deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bəyan edib.
Ötən həftə Ali Məhkəmənin jurnalist Əziz Orucovun azad edilməsi ilə bağlı qərar verməsinə baxmayaraq, aydındır ki, hakimiyyət seçki günü ərəfəsində bilərəkdən müstəqil məhkəmə sisteminin və jurnalistlərə təzyiqin zəifləməsinə siyasi iradənin mövcudluğunu imitasiya edərək xarici müşahidəçilərin “gözünə pozitiv kül üfürür”.
Ölkədə hələ də ondan çox jurnalist və blogerin həbsdə olduğu, onlardan bəzilərinin, ötən ilin aprel ayında bloger Mehman Qələndərov kimi həbsxanada dünyasını dəyişdiyini, hakimiyyətin bilərəkdən jurnalistlərin qətlini effektiv araşdırmaqdan imtina etdiyi halda Azərbaycan hakimiyyətinin tənqidə daha dözümlü olduğunu güman etmək sadəlövhlükdür.
Bütövlükdə azad və ədalətli seçkilər standartlarına uyğunsuzluq nöqteyi nəzərindən bu seçkilər nəinki Azərbaycan üçün, həmçinin əsas dəyərləri kleptokratiya, korrupsiya, qohumbazlıq olan hakim rejim tərəfindən idealları belə həyasızcasına tapdalanan Avropa Şurası üçün ən biabirçı seçkidir, deyə Hüseynov fikrini yekunlaşdırıb.
RATİ təəssüflə təsdiq edir ki, hakimiyyətin ağır təzyiqi altında olan Azərbaycanın vətəndaş cəmiyyəti ədalətsiz, sərt qanunverici məhdudiyyətlər, həmçinin ənənəvi Qərb donorları tərəfindən zəruri dəstəyin olmaması səbəbindən üzərinə qoyulan funksiyaları həyata keçirə bilmir.
Vətəndaş cəmiyyətinin seçkiləri müşahidə etmək imkanından məhrum edildiyi şəraitdə seçkilərin qərəzsiz müşahidə edilməsinə görə məsuliyyət aralıq hesabatları seçkiqabağı mühitin tam dramatikliyini əks etdirməyən ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun üzərinə düşür.
RATİ Avropa Şurası, ATƏT və Avropa Birliyinin demokratik ölkələrini Azərbaycan hakimiyyətinin demokratiya və insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini pozmasına maksimal sərt və adekvart qiymət verməyə və hakim elitanın nümayəndələrinə qarşı sərt sanksiyalar tətbiqinə başlamağa çağırır.
Əvvəlki seçkilərdə xarici müşahidəçilərin ələ alınması ilə bağlı çirkin təcrübəni nəzərə alaraq RATİ beynəlxalq müşahidəçiləri Azərbaycan hakimiyyətinin korrupsiya təkliflərinin təsiri altına düşməməyə və vicdanları ilə anlaşmaya getməməyə çağırır.
RATİ Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistlər Əfqan Muxtarlı, Mehman Hüseynov, Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Cavid Şirəliyev, Fikrət İbişbəyli, Ziya Əsədli, Ərşad İbrahimli, şair Tofiq Həsənov, yazıçı Saday Şəkərli, blogerlər İlkin Rüstəmzadə və Rəşad Ramazanov, həmçinin qrafiti fəalları Bayram Məmmədov və Qiyas İbrahimovu azad etməyə və ölkədə fundamental insan hüquqlarının tamamilə yoxluğu fonunda beynəlxalq legitimliyə nail olmaq üçün insan talelərindən riyakarcasına istifadəyə son qoymağa çağırır.