Milli Şuranın sədri Cəmil Həsənli feysbuk səhifəsində İlham Əliyevin 4-cü andiçmə mərasimində səsləndirdiyi fikirlərə münasibət bildirib. C.Həsənlinin yazdığını təqdim eidirk:
11 aprel saxta seçkilərinin növbədənkənar yekunu kimi bu günkü tacqoyma mərasimində İlham Əliyev daha uzun nağıl danışdı. Sən demə, debatlarda iştirak edib öz məqsəd və məramın ortaya qoya bilməyən İlham Əliyev bu müddət ərzində inauqurasiya nitqinə hazırlaşırmış. Nitqin uzunluğu da bununla bağlıdır. Cəsarət edib heç bir xarici qonağı inauqurasiyaya dəvət edə bilməyiblər. ATƏT DTİHB və Avropa Şurasının məlum rəylərindən sonra hələ danışmağa dilləri də var. Bu rəylər hakimiyyətin mənimsənildiyin açıq-aşkar ortaya qoyub.
Xalq seçkini, tək seçkini deyil, Əliyevi də boykot etdi. Bunu da Varşava Bürosunun rəyi tər-təmiz nümayiş etdirdi. İndi bu rüsayçılığın pərtliyini yaşayan İlham Əliyev yeni inkişaf nağılı danışır. Və elə danışır ki, sanki onun rəhbərlik etdiyi 15 ildə işğal altında olan Dağlıq Qarabağı və ətraf rayonları işğaldan azad edib Ermənistan sərhədlərinə yetişib və İrəvana lağım atmağa hazırlaşır. Elə danışır ki, elə bil Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar, keçmiş MTN və digər dövlət qurumlarından saxta Baktelecom adlı şirkət vasitəsi ilə 2 il ərzində London ofşorlarına natəmiz yollarla 3 milyard dolları bunlar yox, müxalifət göndərib. Saxta seçkinin tələm-tələsik, xarici qonaqlarsız keçirilən tacqoymasında İlham Əliyev elə danışır ki, sanki Dubayda yetkinlik yaşına çatmayan övladına qiyməti 10 milyonlarla ölçülən dəbdəbəli mülkləri, müxtəlif Avropa paytaxtlarında aşkarlanan ailə saraylarını alan bunlar yox, müxalifətdir. Elə bil Maltada əyri işlərlə məşğul olan, icraçı direktoru ABŞ-da həbs edilən Pilatus bankın yarıdan çox səhmləri bunların yox, müxalifətindir.
Saxta seçkinin tacqoyma nitqində İlham Əliyev elə danışır ki, elə bil Rusiya ilə silah alverində “şapka “alan onun rəhbərlik etdiyi hokumətin sədrinin birinci müavini yox, müxalifət başçılarıdır. Bu adam elə danışır ki, elə bil ifşa olunmuş MTN və Rabitə nazirliklərində aşkarlanmış qara korrupsiya kassaları onun rəhbərlik etdiyi hökumətin içində baş verməyib, müxalifətlə əlbir baş verib. Bu adam elə danışır ki, elə bil Panamadan Vircin adalarına qədər səpələnməş gizli ofşor hesablar onun ailə üzvləri və rəhbərlik etdiyi hökumət üzvlərinin deyil, müxalifət yetkililərinindir. Bu adam elə danışır ki, sanki ay yarım öncə 25 nəfər xəstə onun rəhbərlik etdiyi dövlətin xəstəxanasında yanıb külə dönməyib, müxalifətin türkəçara dam-daşında intihar edib. Bu adam elə danışır ki, elə bil tutduğu vəzifədən istifadə edərək ölkənin gəlirli sahələrini – bank sektorunu, dərman monopoliyasını ailə üzvləri və qohum-əqrəbası arasında bölüşdürüb yüksək faizlərlə əhalinin bank əsarətinə salan, keyfiyyətsiz dərmanlarla xalqı soyan bunlar yox, müxalifətdir. Bunlara aydınlıq gətirmək lazım idi cənab Əliyev. Onda məlum olardı ki, zibilxana, belə natəmiz əməllərlə ölkəni zibilxanaya çevirənlərin yeridir!