Dünən DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağırılan AXCP Rəyasət Heyətinin üzvləri Emil Səlimov və İlham Hüseyn bu gün müvafiq saatlarda orada olub və şahid qismində dindiriliblər. Onlar idarədən çıxandan sonra ümumi açıqlama yayıblar ki, bir cinayət işi ilə əlaqədar müəyyən suallara cavab veriblər.
Onların hansı cinayət işi üzrə ifadə verdikləri açıqlanmayıb.
***
16.04.2018
Bu gün AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov sabah saat 11.00 üçün İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırılıb. Dünən ona tanımadığı nömrədən bir nəfər mesaj yazaraq “yaxında görüşəcəyik, hazır ol” deyib. Bu haqda partiya rəhbərliyinə xəbər verən E.Səlimov mesajın arxasında şərlənmək ehtimalı dayandığını bildirib. Bugünkü çağırılma ilə bağlı o, FB səhifəsində bunları yazıb:
“Dostlar! Hər biriniz gənc fəal Fatimə Mövlamlının başına gətirilənlər haqqında onun canlı açıqlamasından tanış oldunuz, yəqin ki. 17 yaşında olan bu xanımın “diktatoru tanıdaq” aksiyasına görə 5 gün oğurlanması ilə yanaşı, onun əli ilə AXCP-nin gənc rəhbər heyətinə qarşı təxribat hazırlamaq istədikləri məlum olmuşdu. Fatimə xanım bu təxribatda yer almamış və azad edilən kimi bizləri bu haqda məlumatlandırmışdı. Amma görünür, bu iyrənc ssenari artıq işə düşməkdədir. Az öncə İnsan Alverinə qarşı Mübarizə üzrə İstintaq İdarəsindən zəng vurub, məni gizli saxladıqları hansısa işlə bağlı şahid (?) qismində ifadə vermək üçün dəvət etdilər. Təbii ki, İdarəyə vəkillə gedəcəm. Amma əminliklə bildirirəm ki, şəxsimlə bağlı hazırlanacaq olan hər hansı iş bəri başdan quramadır və siyası fəaliyyətimlə bağlıdır.”
Bu gün AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn də sabah saat 12.00 üçün İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırılıb. Bu barədə o özünün FB səhifəsində yazıb:
“Mənə heç bir aidiyyatı olmayan iş üzrə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırılmışam. Sabah hər şey aydın olacaq. Diqqətiniz üçün təşəkkür edirəm”.
AXCP sədri Əli Kərimli məsələyə feysbuk səhifəsində münasibət bildirib. Qeyd edib ki, E.Səlimovun İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağırılması F.Mövlamlının canlı yayımda anons etdiyi təxribatın başlanmasıdır:
“Fatimə Mövlamlının canlı yayımda anons etdiyi təxribatlar başlandı. Çıxışa mütləq baxmaq lazımdır. “Diktatoru tanıdaq” aksiyasına qoşulduğu üçün rejimin Fatimə ilə necə vicdansızcasına davrandığını artıq bilirsiniz. Fatimə dözmədi və hər şeyi özü canlı yayımda danışdı. Onu da dedi ki, rejim AXCP-nin gənc liderlərinə – Rəyasət Heyəti üzvləri İlham Hüseyn, Emil Səlimov və Ağil Əli Məhərrəmə qarşı təxribat hazırlayır. Fatimədən də bu təxribatda iştirak etmək istənilib, lakin o bundan qəti imtina edib. Artıq təxribata start verilib. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən AXCP Gənclər Komitəsinin sədri Emil Səlimovu şahid kimi ifadə vermək üçün idarəyə çağırıblar. Gənclərdən əl çəkin!”
F.Mövlamlı onun üzərindən AXCP rəhbərliyindəki gənclərə qarşı təxribat hazırlandığını bu canlı yayımda açıqlamışdı.