Rusiya Federasiyasının vətəndaşı Elnur Məhərrəmov Azərbaycan KİV-ə müraciət edərək bildirib ki, aprelin 24-də Bakının Nərimanov rayonunda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılıb.
E.Məhərrəmovun kirayə yaşadığı mənzildə axtarış aparılıb. Axtarış zamanı onu qandallayıblar, qanunsuz beynəlxalq mobul rabitə ilə məşğul olduğunu və bankomatları qarət etmək istədiyini etiraf etməsini tələb ediblər.
E.Məhərrəmovun sözlərinə görə, DTX əməkdaşları tapançanı onun başına dayayaraq hədə-qorxu gəliblər. O, təzyiq və təhdid altında etiraf yazmağa məcbur olub.
E.Məhərrəmov bildirib ki, dostu Nikita Lebedov bunların hamısını görüb.
Axtarış aparanlar onun mobil telefonunu əlindən alıblar.
Sonra E.Məhərrəmov yazır ki, Rusiyanın Bakıdakı səfirliyinə, həmçinin RF XİN və FTX-ya şikayət edib.
“Mən həyatıma görə qorxduğum üçün gecə ölkəni tərk etdim. İndi başqa ölkədəyəm. Xahiş edirəm ki, məsələyə aydınlıq gətirilsin, günahkarlar cəzalandırılsın və mənim əşyalarım geri qaytarılsın. Artıq Bakıya doğmalarımın yanına getməyə qorxuram, onları da DTX-ya apararlar”, -o yazır.
Rusiyanın Bakıdakı səfirliyindən vətəndaş E. Məhərrəmovun şikayət etməsi faktını təsdiqləyiblər. Səfirliyin əməkdaşı qeyd edib ki, səfirlik baş verənlərə aydınlıq gətirilməsi üçün hüquq-mühafizə orqanları ilə əlaqə yaradır.
Azərbaycan DTX hələlik vəziyyəti şərh etmir. (Turan)