Azərbaycan nümayəndəliyi AŞPA-nı Milli Şura üzvü barədə səhv qərara necə sövq edib?
Milli Şura Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olmuş Gültəkin Hacıbəyli ciddi təxribatla üzəlşib. Belə ki, onun adı AŞPA-nın bu qurumda Azərbaycanın korrupsiyasi ilə bağlı sanksiyasına məruz qalan şəxslərin siyahısına salınıb. Guya G.Hacıbəyli korrupsiya qalmaqalını araşdıran AŞPA istintaq qrupu ilə əməkdaşlıqdan imtina edib, ona göndərilən suallara cavab verməyib.
İstənilən obyektiv müşahidəçiyə qəribə gələcək bu qərarın səbəbi elə anındaca üzə çıxıb. Bəlli olub ki, AŞPA-dan G.Hacıbəyliyə göndərilən müvafiq məktublar onun özünə çatdırılmayıb. AŞPA məktubları qurumun Azərbaycan nümayəndəliyinə göndərib, nümayəndəlik də onları ünvanına çatıdrmadan qarşı tərəfdə G.Hacıbəylinin cavab vermək istəmədiyi təəssüratını yaradıb.
Adının AŞPA sanskiya siyahısına salındığını bilən kimi G.Hacıbəyli açıqlama yayaraq, bu qurumdan deyilən məsələ ilə bağlı hər hansı məktub almadığını bildirib. Daha sonra o, hadisəylə bağlı geniş izahat verib. O, Feysbuk səhifəsində paylaşdığı yazıda bildirir:
AŞPA-da baş verənlər bir dövlət, bir hakimiyyət adına rüsvayçılıqdır. Bir ölkənin nümayəndə heyəti belə bir əməli – faktiki dələduzluğu özünə yaraşdırırsa, yazıqlar olsun o dövlətə də, onu guya təmsil edənlərə də!
Keçək detallara. AŞPA il yarım bundan öncə korrupsiya ilə bağlı araşdırma başladıb. Araşdırmanın predmeti Azərbaycan hakimiyyətinin 2013-ci ilin 26 yanvar tarixində AŞPA-da müzakirəyə çıxarılan “Azərbaycanda siyasi məhbuslar” adlı qətnamənin qəbulunu əngəlləmək məqsədilə avropalı deputatlara rüşvət paylaması olub. Bu prosesin aktiv icraçıları nümayəndə heyətinin iki keçmiş üzvü – Elxan Süleymanov və Müslüm Məmmədovdur, rüşvəti avropalı deputatlara onlar paylayıb, AŞPA üzvlərinin Azərbaycana səfərini onlar təşkil edib, qurumun keçmiş üzvü, İtaliya nümayəndə heyətinin rəhbəri Luka Volontenin bank hesablarına rüşvəti onlar köçürüblər. Təbii ki, Azərbaycan hakimiyyətinin birbaşa tapşırığı ilə. Araşdırma nəticəsində heç nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı ciddi sanksiya tətbiq edilməyib, o AŞPA-nın vitse-prezidenti seçilib. Bəlli olub ki, Elxan Süleymanov və Müslüm Məmmədovla birlikdə sanksiya siyahısına mən düşmüşəm. Bundan absurd qərar təsəvvür etmirəm və yəqin ki, AŞPA-nın bu qərarı onun kürü sevgisindən hələ qurtula bilməməsinin nəticəsidir.
Görəsən mən hansı suç sahibiyəm ki, Səməd Seyidovun günahını sübuta yetirə bilməyənlər mənə qarşı sanksiya tətbiq edirlər-mənim AŞPA binasına girməyimi yasaqlayırlar?!
Öncə onu deyim ki, mənim 2010-cu ildən sonra AŞPA ilə heç bir əlaqəm olmayıb. AŞPA-da rüşvət qalmaqalı 2013-də olub və konkret iki şəxslə -Süleymanov və Məmmədovla bağlıdır. Mən bu insanların üzünü görməmişəm, onlar məndən sonra parlamentə gəliblər, bu işin mənimlə hansı əlaqəsi ola bilər?! Yox əgər rüşvət söhbətləri 2010-cu ilədək olubsa, bu işin içində nümayəndə heyətinin rəhbəri olmadığı halda, sıravi üzv kimi mən necə ola bilərdim?! Axı o vaxtlar bizim Elxan Süleymanov kimi mafiya babamız yox idi. Amma siyasi məhbuslar üzrə məruzəçilər var idi. Bundan əlavə, 2008-ci ilin sonlarından başlayaraq mənim siyasi hakimiyyətlə münasibətlərim çox gərgin olub, onların sifarişlərini yerinə yetirməkdən dəfələrlə imtina etmişəm, haqsızlıqlara etiraz etmişəm və bunu çoxları bilir. Yəni, mən AŞPA-dakı rüşvət söhbətinə aidiyyatı olan ən sonuncu adamam. Əslində, AŞPA məni heç buna görə də cazalandırmayıb. Sanksiyanın səbəbi guya Araşdırma qrupunun mənə suallar ünvanlaması və mənim həmin suallara cavab verməkdən imtina etməyimdir!
Təbii ki, mən AŞPA-nın suallarına məmnumiyyətlə cavab verərdim və mənim ictimaiyyət qarşısındakı bu mövzuda sərt və birmənalı çıxışlarım əslində özü bütün suallara cavabdır. AŞPA katibliyinin mənim etiraz məktubuma gördərdiyi ilkin cavabda mənə olan sualların 12 iyun 2018-ci il tarixində (?) Azərbaycan nümayəndə heyətinin katibliyinə (?) gördərildiyi qeyd edilir.
Təbii ki, Azərbaycan nümayəndə heyətinin katibliyi dələduzluq edib, sualları mənə göndərmədiyi halda Komitəyə mənim cavab verməkdən imtina etməyim barədə məlumat verib və buna görə cəzalanmalıdır. Amma başqa ciddi suallar da var:
1. Bütün şahidlər istintaq müddətində – 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralınadək istintaqa cəlb edildiyi, ifadə verdiyi halda, suallar niyə mənə 12 iyun 2018-ci il tarixində göndərilib?! Necə olub ki, mən AŞPA-nın yadına istintaq bitəndən dörd ay sonra düşmüşəm?!
2. Keçmiş səfir, 2012-ci ildə nümayəndəliyin rəhbəri olan Arif Məmmədova istintaqa dəvət üçün əvvəl 10 oktyabr 2017-ci il tarixində telefon zəngi edilib. Ondan ifadə verməsi xahiş edilib, şifahi razılığı alınandan sonra yazılı dəvət göndərilib və 13 oktyabr 2017-ci il tarixində üç saat ərzində şifahi ifadəsi alınıb. Əcəba, məndən guya imtina cavabı alanlar AŞPA-nın üzvü olduğum vaxtdan dəyişməyən iki telefon nömrəmlə, email ünvanımla əlaqəyə nədən bircə dəfə də olsun cəhd etməyiblər?!
3. Mənim Azərbaycan müxalifətinin rəhbərliyində təmsil olunduğumu, hökuməti sərt tənqid etdiyimi bilə-bilə niyə mənim cavablandırmalı olduğum suallar birbaşa mənə yox, sərt tənqid etdiyim nümayəndə heyətinin katibliyinə göndərilir?!
4. 2010-cu ilədək mənimlə birlikdə çalışan nümayəndə heyətinin heç bir üzvü, hətta rüşvət qalmaqalının baş verdiyi 2011-2015-ci illər ərzində nümayəndə heyətinin üzvü olanların heç biri (Səmədov, Süleymanov, Məmmədov xaric) istintaqa çəlb edilmədiyi, ifadə vermədiyi halda AŞPA məni nə məqsədlə sorğulamaq istəyib?!
Əslində, bütün bu sualların cavabını ehtimal edirəm. Yəqin ki, aprel sessiyasında baş verənləri Arif Məmmədovla birlikdə ən sərt şəkildə tənqid etdiyim üçün hakimiyyət bu yolla məni cəzalandırmaq qərarına gəlib. Bunu necə edib? Axı insanı aidiyyatı olmayan bir işə, özü də istintaq bitəndən bir-neçə ay sonra necə cəlb edə bilərlər?! Yalnız bir halda-yeni açılan hallar meydana çıxarsa, istintaq təzələnə bilər. Yəqin ki, Səməd Seyidov və ya Asim Mollazadə əvvəllər də olduğu kimi korrupsioner dostlarından birinin, məsələn, Pedro Aqramutun qulağına pıçıldayıb ki, istintaqa mənim də bu məsələlər barədə bilgili olduğum barədə əlavə məlumat versin. İstintaq dar vaxt ərzində məni axtaranda da “dostlar” köməyə gəlib və suallar məndən gizlədilib, əvəzində isə AŞPA-ya cavab vetməkdən imtina etdiyim deyilib. Özü də bunu edənlər AŞPA prosedur qaydalarından, cavab verməkdən imtinanın necə sərt cəzalanacağından məlumatlı şəxslər olub.
Mən təbii ki, Azərbaycan nümayəndə heyətinin bu dələduzluq faktının AŞPA tərəfindən layiqli qiymətini almasına nail olacağam. Artıq ünsiyyət qurduğum şəxslər nə qədər böyük bir rüsvayçılığın baş verdiyinin fərqindədirlər və bu əməlin cəzasız qalmayacağını bildirirlər.
AŞPA onu səhv qərara sövq etmiş azərbaycanlı rəsmilər haqda prinspial qərar verməlidir
Gültəkin Hacıbəyliyə qarşı bu təxribata demokratik düşərgə təmsilçiləri də tənqidi reaksiya verib. AXCP sədri Əli Kərimli isə AŞPA-nın bu rüsvayçılığa görə onu aldatmış Azərbaycan rəsmilərini cəzalandırmalı olduğunu bildirib. AXCP sədri Feysbuk səhifəsində yazıb:
Hər zaman belə olur. Tamahkar quş dimdiyindən tora düşür. Rejimin Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə qarşı hazırladığı təxribat da bumeranq kimi özünü vuracaq. Görün bunlar necə saxtakardırlar ki, AŞ PA Monitorinq Komitəsinin Gültəkin Hacıbəyliyə çatdırmaq üçün AŞ PA-dakı Azərbaycan nümayəndəliyinə göndərdiyi məktubu ona verməyərək, bu qurumda Gültəkin xanımın guya onların suallarına cavab vermək, AŞ PA istintaqına kömək etmək istəmədiyi təəssüratını yaradılblar. Oysa, AŞ PA-dakı korrupsiya mexanizmi aşkarlanan zaman məhz Gültəkin Hacıbəyli keçmiş səfir Arif Məmmədovla birlikdə rejimin bu əməlini Azərbaycan cəmiyyəti qarşısında ən ardıcıl şəkildə ifşa etmiş siyasətçilərdən biri olub. Əslində, AŞ PA-dakı Azərbaycan nümayəndəliyinin və bütövlükdə rejimin bu təxribatı prinspial çıxışları ilə onları ifşa edən Gültəkin xanımdan qisas almaq cəhdidir.
Rejimin Novruzəlilik edərək, AŞ PA məktubunu ünvanına çatdırmaması təkcə Gültəkin xanıma, onun simasında Milli Şuraya qarşı təxribat deyil. Həm də son vaxtlar korrupsiya məsləsinə görə Azərbaycan hakimiyyətini ciddi şəkildə ifşa edən, siyasi məhbuslarla bağlı ortaya ciddi mövqe qoyan AŞ PA-nın özünü nüfuzdan salmaq cəhdidir. Hakimiyyət onlar üçün adi olan saxtakarlıqla AŞ PA-nı aldadaraq, səhv qərar verməyə sövq ediblər ki, AŞ PA-nın etibarını gözdən salsınlar. Azərbaycan cəmiyyətinə aşılasınlar ki, AŞ PA rejimin əleyhinə olan digər doğru qərarlarını da guya ciddi araşdırma aparmadan verib. Hansı ki, elə deyil. AŞ PA Azərbaycan hakimiyyətinin korrupsiyası ilə bağlı qərarını Avropada tanınmış 3 nəfər müstəqil hüquqşünasın aylarla davam edən istintaqından sonra qəbul edib.
AŞ PA-nın həqiqətləri bildikdən sonra Gültəkin Hacıbəyli haqda yanlış qərarını dəyişəcəyinə heç bir şübhəm yoxdur. Ancaq bu, azdır. AŞ PA Azərbaycan cəmiyyətinin gözündə o zaman reablitasiya olunacaq ki, öz saxtakarlığı ilə AŞ PA-nı səhv qərara sövq etmiş azərbaycanlı rəsmilər haqda prinspial qərar versin, rejimin korrupsiyasına qarşı və siyasi məhbusların azad edilməsi üçün daha prinspial qərarlar qəbul etsin.