Ailə üzvləri AXCP-nin həbsdə olan gənc fəalı Orxan Baxışlının durumundan narahatdır. Bu barədə cəbhəçi fəalın anası Kəmalə Rəhimli bu gün keçirilən mətbuat konfransında danışıb.
Ananın sözlərinə görə, Orxanı bir neçə gündür ki, Kürdəxanı təcridxanasından Yasamal Rayon Polis İdarəsinə gətiriblər. Amma ailəyə bunun səbəbilə bağlı heç bir məlumat verilmir. Valideynləri ehtimal edir ki, ola bilsin, Orxan Baxışlı barəsində istintaq yekunlaşır.
Orxanı da heykəl məhbuslarını həbs edənlər tutub
Gənc fəal mayın 6-da narkotik ittihamıyla şərlənərək həbs olunub. Orxanı da Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazdıqlarına görə cəzalandırılan gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovu həbs edən polislər tutub. Orxan Baxışlının həbsindən üç gün öncə mərhum jurnalist Elmar Hüseynovun məzarı başında bu qətlin məsuliyyətinin hakimiyyətin üzərində olması barədə fikirlərinə görə cəzalandırıldığı bildirilir.
K.Rəhimli oğlunun nəinki narkotikdən uzaq olduğunu, onun hətta siqaret də çəkmədiyini bildirib: “Orxan 23 yaşlı gəncdir, tələbədir, gələn il təhsilini başa vurmalıydı. Onu Elmlər Akademiyası bağından tutub aparıb, cibinə narkotik atıb şərləyiblər. Orxan Allaha bağlı, ölkəsini sevən gəncdir. Mən üzüağ, alnıaçıq şəkildə, tam məsuliyyətimlə deyirəm, mənimm övladım pis vərdişlərdən tamamilə uzaqdır. Heç siqaret çəkmirdi. Orxanı siyasi baxışlarına görə cəzalandırıblar. Milli Şuranın 30 martda keçirdiyi mitinqə görə də ona 30 sutka həbs vermişdilər. Həmin həbsdən yenicə çıxmışdı ki, yenə şərləyib tutdular. Orxanın məhz narkotiklə şərlənməsi valideyn olaraq, narahatlığımızı bir az da artırır. Gənc adamdır, onun gələcəyi var. Niyə mənim övladımın gələcəyini ləkələyirsiz?..”
Anasının sözlərinə görə, Orxan Baxışlını Bakı Şəhər Baş Polis İdarəsi və 28-ci polis bölməsinin mülki geyimli əməkdaşları tutub Yasamal Rayon Polis İdarəsinə aparıblar.
“Orxana təklif olunub ki…”
Siyasi Məhbusları Müdafiə Mərkəzinin Koordinatoru Zəfər Əhmədli deyir ki. saxlanılarkən Orxan Baxışlı təzyiqlərə məruz qalıb: “Həbs olunarkən ona deyilib ki, narkotiki şəxsi istifadədən ötrü aldığını etiraf etsə, ona 234-cü maddənin birinci bəndini – 3 ilədək həbs cəzası verəcəklər.O, təbii ki, imtina edib. Orxana 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, saxlama) maddəsiylə ittiham verilib. Bu maddədə isə 5 ildən 12 ilədək həbs cəzası var”.
Z.Əhmədlinin sözlərinə görə, Orxan Baxışlı təkcə mərhum jurnalist Elmar Hüseynovun məzarı başında söylədiyi fikirlərə görə cəzalandırılmayıb. Buna qədər də o, ictimai-siyasi fəaliyyəti, tənqidi fikirləri ilə hədəfdə idi: “Həbsdə müəmmalı şəkildə dünyasını dəyişmiş Mehman Qələndərilinin anım mərasimində səsləndirdiyi fikirlər, gənc fəallardan birinin təkbaşına keçirdiyi “Diktatoru tanıdaq” aksiyasını videoya çəkdiyinə görə də Orxan hədəfdə idi. Bütün bunlar yığıldı, Elmar Hüseynovun qətlilə bağlı fikirləri son damla oldu və onu belə ağır cəzalandırmaq qərarı verdilər”.
“Narkotik satanın cibində 80 qəpik pul olar?”
Orxan Baxışlının atası Rafiq Baxışov da narkotik ittihamının oğluma heç bir aidiyyəti olmadığını bildirib: “Bu adamı narkotik satışında ittiham edirlər, guya cibindən 6 qram heroin çıxıb. Orxanın cibində cəmi 80 qəpik pul olub. Narkotik satanın cəmi 80 qəpik pulu olar? Heç olmasa, narkotiki atanda, cibinə 500-600 manat da pul qoyaydılar ki, inandırıcı olsun”.
Orxanın ətrafında baş verən haqsızlıqları görərək mübarizəyə qoşulduğunu deyən ata onun günahsız olduğunu vurğulayıb.
Mətbuat konfransının sonunda Orxan Baxışlının anası dövlət başçısı və xanımına müraciət edib: “Bir ana kimi, sizdən xahiş edirəm, 23 yaşlı günahsız bir adamın ömründən bu qədər illərinin çalınmasına imkan verməyin. Mən bilirəm ki, Orxan siyasi baxışlarına, fərqli fikirlərinə görə cəzalandırılıb. Bir evdə valideynlərlə övladların da fikri üst-üstə düşmür, onları öldürmək lazımdır? Axı Konstitusiyamız söz azadlığına, fərqli fikrə təminat verir…”
azadliq.info