Milli Məclisin bu gün, iyunun 29-da keçirilən cilasında Cəzaların İcrası Məcəlləsinə əlavələr müzakirə olunub.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, təklif olunan layihəyə əsasən, Azərbaycan Baş Probasiya (məhkumlara nəzarət) məmuru vəzifəsi təsis edilir. Müvafiq olaraq, yerlərdə Probasiya Xidməti məmurları vəzifəsi fəaliyyətə başlayır.
Layihədə bildirilir ki, Probasiya Xidmətinin məmuru Cəzaların İcrası və İnzibati Xətalar məcəllələri ilə müəyyənləşdirilən vəzifələrlə yanaşı, daha bir neçə vəzifələri də yerinə yetirir.
Bura icraata daxil olan sənədlərin vaxtında, tam, düzgün icra edilməsindən ötrü tədbirlər görülməsi, üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə, onların nümayəndələrinə iş materialları ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaratmaq kimi məsələlər daxildir.
Habelə, üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin müraciətlərinə baxılmalı və müvafiq tədbirlər görülməlidir. Layihə səsə qoyularaq qəbul edilib.
Xatırlatma
Milli Məclisdə ötən ilin sonunda qanunvericiliyi edilən əlavələrlə cəza çəkən məhkumlara yeni nəzarət sistemi – Probasiya sistemi yaradılıb.
Bu nəzarət sistemi azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilən, şərti məhkum olunan, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən və ya cəza çəkməsi təxirə salınan məhkumlarla bağlı yaradılır. Söhbət onların üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulan vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsindən gedir.
azadliq.org