İyunun 29-da Saatlı rayonunun pambıq tarlalarının birində alaq otlarını təmizləyən işçilərin halının pisləşdiyi bildirilir. Bu barədə Azadlıq Radiosuna yerli sakinlər məlumat verib. Onlar deyiblər ki, rayonun Əliabad, Məmmədabad, Genişkənd və Şirinbəy kəndlərindən olan 24 nəfər işçi günortadan sonra zəhərləndiklərinə görə, tarladan birbaşa rayon xəstəxanasına çatdırılıb. Xəstəxanaya hüquq-mühafizə orqanlarının nümayəndələrinin gəldiyi də bildirilir.
Saatlı Rayon Xəstəxanasından, müəssisəyə pambıq tarlasında işləyənlərin müraciət etmələrini təsdiqləyiblər. Ancaq onların zəhərlənmədiyi, günvurmadan şikayətləndikləri deyilib:
“Yardım göstərdikdən sonra vəziyyətləri stabilləşdi və hamısı evə buraxıldı.”
Saatlı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova isə narahatlığa heç bir əsas olmadığı bildirib:
“Belə isti havada günvurma olmağı təbii hadisədir. Bu, təkcə pambıq tarlasında, ya rayon yerlərində olmur ki,… İcra başçısı göstəriş verib ki, isti vaxtı tarla işlərinin görülməsində məhdudiyyət olsun. Yerli icra nümayəndələri, bələdiyyə sədrləri bunu nəzarətə götürüblər. Amma bütün tarlaları günboyu müşahidə altında saxlamaq imkanımız yoxdur axı. Adamlar könüllü olaraq istidə də işləyir, kimsə onları buna məcbur etmir. Narahatlıq olanda, əziyyətini biz və tibb işçiləri çəkir…”