“Jurnalistin qətlinə əmr verənlər də məsuliyyətə cəlb edilməlidir”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına çağırış edib ki, jurnalist Camal Qaşıqçının qətlində ittiham olunan 18 nəfərin məhkəməsi İstanbulda aparılsın.
Ərdoğan partiyasının toplantısında etdiyi çıxışında Qaşıqçının qətli cinayətindən danışaraq, deyib ki, bu cinaytəin öncədən planlaşdırıldığı haqqında Türkiyə istintaq orqanlarında əsaslı faktlar var.
Ərdoğan deyib ki, Qaşıqçı sentyabrın 28-də evlilik sənədlərini düzəltmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğu binasına girib. İstintaqdan aydın olub ki, onun gəlişi barədə cinayəti törədən adamlara xəbər verilib, bir planlaşdırma, yol xəritəsi qurulub.
Oktyabrın 1-də üç nəfərlik bir qrup Səudiyyə Ərəbistanından İstanbula təyyarə ilə gələrək otelə yerləşib və Baş konsulluğa gedib. Baş konsulluqdan bir qrup isə İstanbuldakı Yalova və Belgrad Meşəsində axtarış işləri aparıb. Növbəti gün üç nəfərlik bir qrup daha gəlib. Generallar və təhlükəsizlik işçilərindən ibarət bir qrup isə özəl təyyarə ilə gəlib. Bu qruplar səhər saat 11-ə kimi ayrı-ayrı qruplar halında başkonsulluq binasına gəlib. Konsulluqda video müşahidə aparan cihazın yaddaş diski çıxarılıb. Bu saatdan sonra isə Qaşıqçı baş konsulluğun binasına gəlib.
Axşam saatlarında nişanlısı Qaşıqçının baş konsulluqda zorla saxlanıldığı şikayəti ilə Türkiyə hüquq mühafizə orqanlarına şikayət edib. Təhlükəsizlik kameraları izləniləndən sonra müəyyən olunub ki, Qaşıqçı konsulluqdan çıxmayıb.
Ərdoğan deyib ki, onlar cinayət günü ərəfəsində 15 nəfərlik təhlükəsizlik, kəşfiyyat və məhkəmə tibbi ekspertlərindən ibarət qrupun gəlməsi sualına hələ də cavab tapa bilməyiblər.
Türkiyə prezidenti bildirib ki, Səudiyyə rəsmləri jurnalistin ölümünü 17 gündən sonra etiraf etsələr də, buna əmr verənlər də məsuliyyətə cəlb edilməlidir.
Ərdoğan Səudiyyə Ərəbistanı kralı ilə telefonla danışdığını və əməkdaşlıq barədə razılığa gəldiklərini deyib. O bildirib ki, məsələ Türkiyənin və beynəlxalq ictimaiyyətin diqqətindədir.