Rusiyadan Azərbaycana yenicə qayıdan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) fəalı Ceyhun Nəbinin dünən, oktyabrın 23-də yaşadığı Şəmkir rayonunda saxlanaraq Bakıya gətirildiyi haqqında məlumat yayılıb.
Bu barədə məlumatı Azadlıq Radiosuna C.Nəbinin atası Sərdar Nəbiyev də təsdiq edib.
«3 ay idi ki, Rusiyaya getmişdi. Oktyabrın 23-ü səhər gəldi. Bir az söhbətdən sonra dostlarını görməyə getdi və bir də xəbər gəldi ki, Ceyhunu polis şöbəsinə aparıblar. Getdim, nə qədər çalışdımsa da, görüş vermədilər. Mənə ancaq bunu dedilər ki, Bakıya apardılar. Daha günahı nədir, bunu söyləmədilər», – S.Nəbiyev vurğulayıb.
S.Nəbiyev deyir ki, oğlunun harada saxlandığını indiyə kimi dəqiqləşdirə bilməyib.
C.Nəbi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı yazılan «Sovetlərlə üz-üzə» adlı kitabın müəllifidir.
AXCP sədri Əli Kərimli Ceyhun Nəbinin saxlanmasını pisləyən açıqlama ilə çıxış edib. Ə.Kərimli feysbuk səhifəsində bu barədə yazıb:
Rejimin cümhuriyyət düşmənçiliyi davam edir. Gənc araşdırmaçı, cümhuriyyət irsini sevə-sevə və yorulmadan araşdıran, cümhuriyyətimiz haqda bir neçə kitabın müəllifi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin yaradıcısı, ictimai fəal Ceyhun Nəbi Rusiyadan Azərbaycana qayıdan kimi doğulub boya-başa çatdığı Şəmkirdə həbs olunub və artıq Bakıya gətirilib. Ceyhun Nəbinin profilinə baxın, dərhal əmin olacaqsınız ki, onu tənqidi yazılarına görə həbs ediblər. Rejim təkcə müxalifətçiləri deyil, cümhuriyyət sevdalısı olan, Vətəninə, millətinə bağlı, xalqı üçün azadlıq və daha yaxşı gələcək arzulayan hər bir açıq fikirli vətəndaşı özünə təhlükə sayır. Ceyhun Nəbidən əl çəkin, onun yazdıqlarından cümhuriyyət qurucuları haqda öyrənin və utanın ki, o böyük şəxsiyyətlərin qurduğu cümhuriyyəti hansı hala salmışınız.