Daxili İşlər Nazirliyi oktyabrın 22-də vəkil Bəhruz Bayramovun video və fotogörüntülərini yayıb. Nazirliyin rəsmi açıqlamasında iddia olunur ki, B.Bayramov Binəqədi rayonu ərazisində avtomobili sərxoş vəziyyətdə idarə edərkən saxlanılıb.
«Toyota» markalı avtomobilin sürücüsü Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən ona «saxla» işarəsi verilib. Müayinə zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib», – nazirliyin məlumatında belə yazılıb.
«Yol polisi dərhal içkili olduğumu bildirdi»
Yayılan videoda B.Bayramovun yol polisinin avtomobilindən düşürülüb Alkoqol Sərxoşluğunu Təyinetmə Məntəqəsinə gətirilməsi, orada yoxlamanın nəticəsi və avtomobilin görüntüləri yer alıb.
B.Bayramov isə Azadlıq Radiosuna deyib ki, yol hərəkəti qaydalarını pozduğu üçün polisin onu yolda saxlaması barədə yayılan məlumat yalandır. Vəkilin bildirdiyinə görə, ailə üzvlərindən birinin ad günündə spirtli içki qəbul etdiyinə görə onu məclis keçirilən yerdən evə gətirməsi üçün «Ayıq sürücü» xidmətindən istifadə edib. Xidmətin əməkdaşı gəlib onun avtomobilini idarə edərək, onu evinin yaxınlığına gətirib: «Maşın məhəlləmizə yaxınlaşanda xahiş etdim ki, saxlasın, mağazadan ev üçün ərzaq almalıydıq. Alış-verişimizi qurtarandan sonra gördüm ki, ayıq sürücü yoxdur. Axtardım, tapa bilmədim. Sən demə, bizi qoyub, çıxıb gedib. Evə az qalmışdı deyə, məcburən avtomobili idarə etməyə hazırlaşırdım ki, başımın üstünü yol polisi kəsdi. Dərhal içkili olduğumu bildirdilər. Dedim ki, yoxlama aparmadan nədən bu nəticəyə gəldiniz?».
Vəkil deyir ki, onun özü ilə yanaşı, maşında olan ailə üzvlərinin də videosu çəkilib, onlara həmin görüntülərin telekanallarda nümayiş etdiriləcəyi ilə hədə-qorxu gəlinib. B.Bayramovun sözlərinə görə, xüsusən qızı baş verənlərdən sarsılıb, həm özünə qarşı olanlar, həm də atasının görüntülərinin yayılmasına görə universitetə getməkdən utanır: «Özünə qəsd edəcəyini deyir».
«Görünür, vəkilliyim bəzi adamları qıcıqlandırıb»
Olayla əlaqədar daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova məktub yazan B.Bayramov onun fikri öyrənilmədən görüntülərini, haqqındakı xəbəri yayan media orqanlarını da qınayır. Vəkil bütün bunların təxribat olmasını da istisna etmir: «Daxili İşlər Nazirliyi hələ haqqımda məhkəmə qərarı çıxarılmamış görüntüləri yayıb. Kimlərinsə nəzarəti altında olan bir sıra mətbuat orqanları vaxt itirmədən şəkillərimi, video-görüntüləri sürətlə yaymağa başladılar. Cəmiyyətə yanlış informasiya çatdırmaqdan əlavə, mənim konstitusion hüquqlarım pozuldu, təqsirsizlik prezumpsiyam pozuldu. Görünür, vəkilliyim bəzi adamları çox qıcıqlandırıb. Məhkəmədə öz sübutlarımı mütləq ortaya qoyacağam».
*3000 – Ayıq Sürücü Xidməti də B.Bayramovun onların xidmətindən istifadə etdiyini təsdiqləyib. Xidmətdən gununsesi.info-ya bildirilib ki, oktyabrın 20-də B.Bayramov ayıq sürücü sifariş edib və həmin sifariş də yerinə yetirilib.
İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsində nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarəetmə hüququnun 6 aydan 1 ilədək məhdudlaşdırılması nəzərdə tutulub.